AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadə 2 yaşlı qızının Səbail rayonu ərazisində yerləşən “Candy Kids” adlı özəl uşaq bağçasında dünyasını dəyişməsindən danışıb.
Musavat.com xəbər verir ki, “Qaynarinfo”ya açıqlama verən Həmid baş verən dəhşətli hadisəni bu şəkildə nəql edib:
“Özüm də tam anlaya bilmirəm ki, nə baş verib. Mənə hələ indi çatır ki, körpəm vəfat edib. Deyirlər uşaq anadangəlmə ürək qüsurlu olub. Ekspertizanın cavablarını araşdırmağa çalışıram. Amma uşaq anadan olandan 3 gün sonra çek-up, dopler etdirmişəm. Dabandan iliyinə qədər analizlər götürtmüşəm. Üç ay əvvəl öskürürdü. Həkim müayinəsi etdirdim. Heç bir qüsur çıxmadı. Anlaya bilmirəm nə məsələdir”.
Həmid Əsədzadə övladının yıxılması ilə bağlı deyilənlərə də münasibət bildirib:
“Yıxılıb, amma xəsarət yoxdur. Özündən gedərək yerə yıxılıb. Daha sonra ağlamağa başlayıb. Uşağı ayağa qaldırıblar. Anlaya bilmirəm... Görüntülərə də baxa bilmirəm”.
Aparıcı bildirib ki, uşağın nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinədən keçirilib:
“Anası razı deyildi, amma dedim ki, uşaq müayinə olunsun. Cavabları tam 15 gündən sonra çıxacaq. Övladım 3-4 ay idi ki, sözügedən bağçaya gedirdi. Anası ilə eyni yerdə çalışdığımız üçün bağça bizim işimizə daha yaxın idi. Gün ərzində kamera ilə də izləyirdik. "Candy Kids" uşaq bağçasını ər-arvad işlədir. Onları dərindən tanımıram. Hadisə baş verəndən sonra uşağı poliklinkaya (xəstəxanaya) bağçanın aşpazı çatdırıb. Dünən soruşdum ki, bəs, uşağın müəllimi harada olub? Dedilər rayona gedib. Uşaqlara aşpaz baxırmış. Xəstəxanaya bağçadan heç kim gəlməyib. Bu məni çox əsəbləşdirdi. Dedim ki, bəlkə siz nəsə bilirsiniz, gəlin deyin. Bağça rəhbərliyi cavab olaraq dedi ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına izahat verirmişlər. Onlar daha sonra məscidə gəldi”.