Antiterror əməliyyatında iştiraka görə bağışlanmışdı - Prokuror şikayət verdi

Hərbi xidmətdə olan əsgər qanunsuz olaraq 2 patron götürdüyü üçün cinayət məsuliyyətinə cəlb edilib.

Musavat.com xəbər verir ki, Elşad Qasımov (ad və soy ad şərtidir) xidmətdə olduğu N saylı hərbi hissədə “naryad”dan qayıdandan sonra 2 patronu gizli şəkildə götürərək özündə saxlayıb. Məqsədi tərxis edilən zaman həmin patronları özü ilə aparmaq olub. Amma E.Qasımov bu niyyətinə çata bilməyib.

E.Qasımov izahatında deyib ki, məqsəd həmin patronları hərbi xidmətdən xatirə kimi saxlamaq olub.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb və barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilib. 2023-cü ilin sentyabr ayında Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatında E.Qasımov da iştirak edib.

Buna görə də məhkəmə E.Qasımovun cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi ilə bağlı qərar qəbul edib.

Lakin istintaq orqanı bundan narazı qalıb və apellyasiya protesti verərək E.Qasımovun cəzalandırılmasını istəyib.

Əsas olaraq göstərilib ki, E.Qasımovun antiterror əməliyyatında iştirakı, ailə vəziyyətinin çətin olması onun məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Bildirilib ki, E.Qasımov antiterror əməliyyatında iştirakla öz vəzifə borcunu yerinə yetirib.

İstintaq orqanı belə qənaətə gəlib ki, E.Qasımov cəzalandırılmasa orduda belə hadisələr tez-tez təkrarlana bilər.

Prokurorun apellyasiya protesti təmin edilib. E.Qasımov barəsində 3 il 6 ay müddətinə cəza təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilib. 

İ.Muradov
Musavat.com

22.01.2025 14:05
972