Prezidentlər bəyan etdilər ki, regionun taleyini bu iki güc həll edir və Azərbaycana qarşı təhdidlər yağdıranlar qarşısında Türkiyəni görəcək
Prezident seçkisində qələbədən sonra İlham Əliyevin ilk rəsmi səfəri Türkiyəyə etməsi bütün dünyaya növbəti mühüm mesajdır: bu mesaj ondan ibarətdir ki, Azərbaycan və Türkiyənin dostluğu əbədidir, heç kim bu dostluğa xələl gətirə bilməz, strateji müttəfiqlərik, fundamental məsələlərdə iki dövlətin mövqeləri üst-üstə düşür.
Bundan əlavə, Azərbaycan həmişə Türkiyəyə qarşı uzanan əllərin qarşısını almağa hazır olub və bunu əməli ilə təsdiqləyib. Qardaş Türkiyə də hər zaman Azərbaycanın yanındadır. Bu müttəfiqlik tarixin çətin sınaqlarından çıxaraq özünü təsdiqləyib. II Qarabağ müharibəsində tarixi zəfərin əldə edilməsində Türkiyənin Azərbaycana göstərdiyi mühüm siyasi və mənəvi dəstək unudulmazdır. Prezident səfərində bunu xüsusi vurğuladı. 2022-ci ildə baş verən dəhşətli zəlzələ zamanı Türkiyəyə köməyə gələn, dəstəyini nümayiş etdirən ən birinci ölkə Azərbaycan oldu, Rəcəb Tayyib Ərdoğan da bu dəstəyə görə təşəkkür etdi.
Dəhşətli təbii fəlakətdən sonra çox sayda binanın bərpa və tikintisini Azərbaycan dövləti öz üzərinə götürdü. Bütün bunlar bizim dostluq və qardaşlığımızın təzahürüdür. Azərbaycan və Türkiyə hər sahədə bir-birilərinin yanında olduğunu sübut etdilər. Prezident İlham Əliyevin Türkiyənin dünyada mövqeyi haqda dedikləri də diqqət çəkir. “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında Türkiyənin mövqeyindən bir çox məsələlər asılıdır. Türkiyə bölgəmizdə sülhün və işbirliyinin təminatçısıdır”, - deyə Prezident əlavə edib. Prezident onu da deyib ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Daha bir mühüm mesaj Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması barədədir. Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlət başçısı deyib: “Eyni zamanda bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.
İki ölkə arasında müdafiə sənayesi sahəsində son zamanlar əldə edilən razılaşmalar da mühüm mesajlar sırasındadır. “Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı, ortaq istehsalla bağlı konkret planlarımız var”. Dövlət başçısı deyib ki, bu planlar gerçəkləşdikdə insanlar da, ictimaiyyət də bundan xəbərdar olacaq. Daha bir mühüm mesaj Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşması barədə deyilənlərdir. Prezident Əliyev deyib ki, işbirliyimizin önəmli istiqaməti hərbi sahədə işbirliyidir, bizim ordularımız bir yumruq anlamına gəlir.
Dövlət başçısı qeyd edib: “İkinci Qarabağ savaşı və 5 ay əvvəl keçirdiyimiz antiterror tədbirləri bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub”. Türkiyə prezidentinin əsas mesajları Bakı və İrəvan arasında sülh sazişi müzakirələri haqdadır. “Azərbaycanla Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycanla birlikdə çiyin-çiyinə hərəkət edirik”, - deyə Ərdoğan bildirib. Bir sözlə, iki qardaş ölkənin liderləri dünyaya mühüm ismarışlar verdilər, müxtəlif sahələr üzrə sənədlər imzalandı, dəstək bəyanatları səsləndirildi. Azərbaycana və Türkiyəyə qarşı hədyanlar, ittihamlar irəli sürənlər üçün Əliyevlə Ərdoğanın mesajlarını doğru anlamağın tam zamanıdır...
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqladı ki, iki qardaş ölkənin liderləri region ölkələrinə, Ermənistana, ona dəstək verən dövlətlərə mesajlar verdi: “Aydın şəkildə ifadə olundu ki, regionun gücü Türkiyə-Azərbaycan birliyidir. Hər kəs bu güclə, birliklə hesablaşır. ATƏT-in baş katibi də Əliyevlə görüşdə etiraf etdi ki, sizin qüdrətinizi görməkdəyik. Ona görə prezidentlər bəyan etdilər ki, regionun taleyini bu iki güc həll edir və Azərbaycana qarşı təhdidlər yağdıranlar qarşısında Türkiyəni görəcək”. Partiya sədri vurğuladı ki, Azərbaycana təzyiq cəhdləri olanlar boş yerə səy göstərməsinlər: “Hər iki lider bunu demək istədi. Dünyada yeni qütbləşmə getdiyi dövrdə Türkiyə və Azərbaycan öz mövqelərini ortaya qoymuş oldu. Həmçinin ticarət dövriyyəsi ilə bağlı səslənən fikirlər də Zəngəzur dəhlizinə eyham idi. Eyni zamanda Türk Dövlətləri Təşkilatının Şuşada zirvə toplantısının keçiriləcəyi qərarı da dünyaya bir ismarış oldu ki, bu platforma, bu birlik gücləndiriləcək”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğluna görə, İlham Əliyevin seçkidən sonra Türkiyəyə budəfəki səfəri də əhəmiyyətli idi: “Birincisi, liderlər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 15 milyard dollara çatdırılmasının vacib olduğunu bir daha bildirdilər. Bu həm də görüşdə iştirak edən nazirlərə tapşırıq idi ki, ticarət həcminin artırılması üçün zəruri tədbirlər görsünlər. Bundan başqa, Ankaradakı görüşdə Naxçıvan üçün iki vacib layihənin - Qars-Naxçıvan dəmir yolunun və İqdır-Naxçıvan qaz boru xəttinin reallaşma mərhələsində olduğu xatırladıldı. İkincisi, Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının sürətləndirilməsi vacibliyi vurğulandı. Fransa ilə münasibətlərimiz gərgin olduğu halda Bakıda Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərir, bu baxımdan paytaxtımızda qardaş və müttəfiq Türkiyə adına universitetin yaradılması zəruridir. Üçüncüsü, liderlər hərbi texniki əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. Bu sahədə ortaq istehsalın fəaliyyətə başlamasına az qalıb. İlham Əliyev Ankarada ”Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik modeli halında inkişaf edir" cümləsini təkrarlamağı da unutmadı". Analitikin fikrincə, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müttəfiqlik daha üst səviyyəyə çatıb: “Bunu bölgədə müxtəlif maraqları olan dövlətlər də qəbul etmək məcburiyyətindədir. Həmin dövlətlər anlayır ki, Azərbaycana təhlükə yaradacaqları halda qarşılarında Türkiyəni də görəcəklər. Bu, Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”