Türkiyə Ermənistana Ani körpüsünün bərpası ilə bağlı öz yanaşmalarını çatdırıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Türkiyə tərəfi tarixi Ani körpüsünün bərpasının texniki prosesinin təşkili ilə bağlı fikirlərini Ermənistana çatdırıb”, - məlumatda qeyd olunub. Daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan “Sputnik Ermənistan”ın sualına cavab verərək, bu məsələdə müəyyən irəliləyiş olduğunu bildirib. Bəs bu nə körpüdür və qardaş ölkə niyə onun təmirində iştirak qərarı verib?
Yada salaq ki, bundan əvvəl 2023-cü ildə Ankarada birgə mətbuat konfransı zamanı Ermənistan və Türkiyənin xarici işlər nazirləri Ani körpüsünün təmiri ilə bağlı danışmışdılar. O zaman bu açıqlama cəmiyyətin bir hissəsi arasında anlaşılmazlığa səbəb olmuşdu. Erməni türkşünas Andranik İspiryan qeyd etmişdi ki, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin çıxışlarında Ani körpüsünün təmiri və münasibətlərin tənzimlənməsi ilə bağlı bəyanatlar bir-birini izləyir: "Bu, bir çox insanlarda Ani körpüsünün Ermənistanla Türkiyə arasında quru əlaqə vasitəsi kimi təmir ediləcəyi təəssüratını yaradıb. Ani körpüsü tarixi bir infrastrukturdur, onun üzərində iki ölkə arasında əlaqəni təşkil etmək bir neçə səbəbdən mümkün deyil. Birincisi, onun lazımi gücü yoxdur, ikincisi, çox əlverişsiz yerdə, birbaşa çayın üzərindədir və üçüncüsü, o, açıq səma altında muzey olan Ani xarabalıqlarında yerləşir və YUNESKO-nun irsi siyahısındadır". İspiryan onu da diqqətə çatdırmışdı ki, Çavuşoğlu “Ani körpüsü” demək əvəzinə türkcə qəbul edilən “İpək körpüsü” ifadəsini işlədir, əslində “Ani körpüsü” deməkdən yayınır.
Məlumat üçün bildirək ki, körpü Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığında, Arpaçayın üstündə, Türkiyə-Ermənistan sərhədində olan tarixi abidədir. Körpünün yarısı Türkiyə Cümhuriyyəti ərazisində, yarısı isə Ermənistan Respublikası ərazisindədir. Bəzi mütəxəssislər abidəni X-XI əsrlərə aid edirlər, bu isə körpünün erməni Baqratilər (əslində Baqratilər sülaləsi yəhudi mənşəli sülalə olmuşdur) xanədanının hakimiyyəti dövründə inşa edilməsi anlamına gəlir, lakin ətraf ərazidən tapılmış bir kitabə burada XIII-XIV əsrlərdə inşaat işlərini aparılmasından xəbər verir. Körpü tək aşırımlı olub, həmin aşırım isə çöküb. Körpüdən dövrümüzə iki dayaq hissə - ayaqlar qalıb ki, onların da biri Türkiyə, digəri isə Ermənistan ərazisində yerləşir.
Musa Qasımlı: “Körpünün bərpası layihəsi ortaq razılaşmanın nəticəsi olacaq”
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üçün atılan hər hansı xırda bir addım belə yalnız müsbət qiymətləndirilməlidir. Türkiyə tərəfindən münasibətlərin normallaşdırılmasına heç bir maneə yoxdur. Türkiyə Ermənistanla yaxşı münasibətlər qurmaq, mehriban qonşular kimi yaşamaq və əməkdaşlıq etmək istəyir. Problem Ermənistanın indiyədək Türkiyəyə qarşı heç bir tarixi gerçəkliyə əsaslanmayan uydurma erməni soyqırımı, əsassız torpaq iddiası və təzminat tələbidir. Belə bir şəraitdə münasibətlərin normallaşması üçün görülən tədbirləri yalnız təşviq etmək lazımdır. Çünki regionumuz qarşıdurmalardan, münaqişələrdən, müharibələrdən, separatçılıqdan və terrorizmdən çox əziyyət çəkib. Bütün bunların hamısı arxada qalmalı və regionumuza sülh gəlməlidir. Regionun taleyini kənar qüvvələr deyil, xalqlar özləri həll etməlidir. Ona görə də Arpaçayın üzərində təqribən 13-14-cü əsrlərdə inşa edilmiş, Ani və ya Türkiyədə deyildiyi kimi, İpək yolu körpüsünün bərpasını alqışlamaq lazımdır. Təbii ki, əgər bu körpü bərpa olunacaqsa, onun bərpasında hər iki ölkə - Türkiyə və Ermənistan iştirak edəcək. Əgər onlar iştirak edəcəklərsə, deməli, körpünün bərpası layihəsi də ortaq razılaşmanın nəticəsi olacaq”.
Millət vəkili əlavə edib ki, bu körpünün bərpası məsələsi yeni deyil: “Bildiyim qədər ötən il Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri zamanı razılaşdırılıb. Körpü nə zaman bərpa ediləcək? Hansı funksiyanı yerinə yetirəcək? Bu suallara cavab vermək mənim üçün çətindir. Bərpa məsələsi başa çatandan sonra təbiidir ki, körpünün üstünü yenidən ot basmayacaq. Bundan hansı istiqamətlər üçün istifadə olunacaq? Böyük yüklərin köçürülməsi üçün o ərazilər əlverişlidirmi? Körpünün yükgötürmə qabiliyyəti əlverişlidirmi? Körpü, sadəcə, gediş-gəliş üçünmü istifadə olunacaq? Bütün bu məsələlər tərəflərin razılığından asılıdır. Hesab edirəm ki, Türkiyə dövlətinin və millətinin Ermənistana münasibəti xoşməramlıdır. Bölgəmizə sülh və əməkdaşlıq gəlməlidir. Ermənistanda da anlamalıdırlar ki, qarşıdurmalar erməniləri məhvə aparır, çətinliyə salır. Ən yaxşı yol sülh və əməkdaşlıqdır”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”