Abşeron Rayon Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Lətif Cəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 30 oktyabr 2022-ci il tarixdə, saat 20:38 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən mağazaların birinin qarşısında qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Lətif Cəfərov şirkətlərdən birinin sürücüsü olmuş zərərçəkmiş Adil Quliyevlə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin təqsirləndirilən şəxsin anasına baxması olub. Bu zaman Lətif onunla dalaşaraq yumruqla zərərçəkmişin sifət nahiyəsindən bir zərbə endirib. Adil sifətini tutub aşağı əyildikdə Lətifin tanışı da təpiklə bir neçə dəfə zərərçəkmiş şəxsin sifətinə və başına vuraraq qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burun sümüyünün qapalı kompression yerdəyişən sınığı ilə müşayiət olunan xəsarətlər yetirib. Hadisədən sonra Lətif Cəfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.//Pravda.az