“Qardaşımın qəbrini hələ tapmamışıq. Kənd sakininin tapdığı onun məzar daşlarıdır”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycanın Qarabağda verdiyi ilk iki şəhiddən biri olan Bəxtiyar Quliyevin bacısı Nailə Quliyeva deyib.
O bildirib ki, vaxtı ilə qardaşının dəfn edildiyi Qarağacı məzarlığında bir qəbir də salamat qalmayıb:
“Bu ayın sonu yenidən Şıxbabalı kəndinə gedəcəyik. Qardaşımın məzarını tapmağa yenə cəhd edəcəyik. Qəbri tapa bilməsək, daşları bərpa etdirib, adına bir məzar salacağıq. Hazırda həmin daşlar bir ağaca söykədilərək qalır. Anam son nəfəsinə qədər qardaşımın məzarını ziyarət etməyi arzulayırdı. Onun vəsiyyətini yerinə yetirəcəyik.
Atamı da orada dəfn etmişdik. Bundan əvvəlki səfərimizdə nə onun, nə də qardaşımın qəbrini tapa bildik. Böyük üzüntü ilə geri qayıtmışdıq. İnşallah, bu dəfə peşiman olmarıq.
Onun adına bir abidənin olmasını istəyirik. Çünki anam illərlə o məzara həsrət yaşadı, o həsrətlə bu dünyadan köçdü. Hətta Ağdam torpağından gətirib onun qəbrinin üzərinə tökdük”.
Qeyd edək ki, 1988-ci ildə SSRİ rəhbərliyi tərəfindən himayə olunan Ermənistan Azərbaycana qarşı torpaq iddiasına başlayıb. 1988-ci il fevralın 21-də Azərbaycanın ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayət Azərbaycanın tərkibindən çıxarılıb. Ermənistanın inzibati ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilib. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olunub. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.
Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olub, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşıb. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət edib. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşmazlığa son qoymaq idi. Əli ilə Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var səsləri ilə hayqırırdılar. Azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Əli və Bəxtiyar şəhid ediliblər.
Şahanə Rəhimli
Musavat.com