Beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyi davam edir. Son olaraq, “Amnesty İnternational” hüquq-müdafiə təşkilatı dövlətə xəyanət ittihamı ilə həbs edilən Bəhruz Səmədovu və Azərbaycan hökumətinin təqiblərə məruz qalan digər tənqidçilərini azad etməyə çağırıb.
“Amnesty İnternational” Milli Məclisə sentyabrın 1-də keçirilən növbədənkənar seçkilər fonunda seçki kampaniyası zamanı jurnalistlərin və fəalların təqib edildiyini iddia edir. “Hökumət tənqidçilərinin narahatlıq doğuran yeni həbsləri diqqətdən kənarda qalmamalıdır. Beynəlxalq ictimaiyyət bunu ən qətiyyətli şəkildə tənqid etməlidir. Son iki həftədə iki görkəmli xadim saxta ittihamla saxlanılıb, digərləri isə təhdid və təqiblərə məruz qalıb”, - deyə “Amnesty İnternational”ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze bildirib.
Jurnalistlərin və fəalların təqibi, “xüsusən Ermənistanla sülhün tərəfdarı olan şəxslərə qarşı fərqli düşüncəni boğmaq və söz azadlığını məhdudlaşdırmaq cəhdindən” başqa bir şey deyil.
“Azərbaycan bu ilin noyabrında COP29-u qəbul etməyə hazırlaşdığına görə dünya liderlərinin insan hüquqlarının davam edən pozuntularına görə hökuməti məsuliyyətə cəlb etməsi həddindən artıq vacibdir. Biz insan hüquqlarını həyata keçirdiyinə görə saxlanılan hər kəsi dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Azərbaycan həmçinin COP29-un keçirildiyi ölkə haqqında bu yaxınlarda imzalanan Sazişi dərhal dərc etməlidir”, - deyə “Amnesty İnternational”ın nümayəndəsi qeyd edib.
“Məhdud siyasi və hüquqi mühit” şəraitində keçirilən 1 sentyabr növbədənkənar parlament seçkiləri ərəfəsində hökumətin bir neçə tənqidçisi saxlanılıb. Belə ki, avqustun 21-də tədqiqatçı və fəal Bəhruz Səmədov həbs olunub və Azərbaycanın Dağlıq Qarabağla bağlı siyasəti haqqında tənqidi məqalələrinə görə “dövlətə xəyanətdə” və erməni fəallarla əlaqələrdə ittiham olunub. Eyni ittihamla iyulda talış azlığın müdafiəçisi İqbal Əbilov da həbs edilib, hər ikisi hələ də həbsdədir.
Bəyanatda həmçinin Səmədovun işi üzrə dindirilən OC Media-nın müxbirləri Səməd Şıxı və Cavid Ağanın qısa müddət üçün saxlanıldığı qeyd edilir.
Aydın Mirzəzadə
Deputat Aydın Mirzəzadə bu hesabatla bağlı kifayət qədər sərt danışdı: “Çox qərəzli və həqiqətə uyğun olmayan hesabatdır. Hökumətin tənqidçisi Müsavat Partiyasıdır, onun liderləri İsa Qəmbər və Arif Hacılı həbsdədirmi? Hökumətin tənqidçisi Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır, onun lideri Əli Kərimli ən radikal mövqedədir, bəs o necə, həbsdədirmi? Hökumətin tənqidçiləri REAL, AMİP və AĞ Partiyalardır. Onun liderləri və funksionerləri həbsdədirmi? "Amnesty İnternational" hökumət tənqidçiləri ilə qanunu pozanlar arasında bir bərabərlik yaratmağa çalışır. Bunlar tamam fərqli məsələlərdir. Hökuməti tənqid etmək olar, onun siyasəti ilə razılaşmamaqda da olar. Amma bununla belə, qanuna riayət edən siyasi qüvvələr var. Bizim gəlib çatdığımız məhz budur ki, cəmiyyətimizdə siyasi rəqabət var, fərqli fikirlər mövcuddur. Amma bununla belə, hər kəs Azərbaycan dövlətçiliyinin mövcudluğunda maraqlıdır. Bu gün "Amnesty İnternational" kimi təşkilat təcili surətdə qeyri-qanuni şəkildə həbsdən buraxdırmaq istədiyi insanların hər birinin qanun pozuntusu var. Ya bu qərəzli şəkildə vergi ödəməməkdir, ya da xarici qüvvələrin, ölkələrin maraqlarını qeyri-qanuni şəkildə Azərbaycanda müdafiə etməkdir. Yaxud da hansısa bir qanun pozuntusu ilə cəzalarını çəkirlər. Azərbaycan bu gün demokratik hüquqi dövlətdir. Ölkəmizdə açıq cəmiyyət mövcuddur. Azərbaycan vətəndaşı konstitusiya ilə ona verilmiş hüquqların dövlət tərəfindən qorunduğunun fərqindədir. Bugünlərdə keçirilmiş növbədənkənar parlament seçkilərində də gördük ki, hər bir dairədsə ciddi rəqabət var idi. Hər bir dairədə hər bir namizəd özünün fərqli mövqeyini ortalığa qoyurdu, etirazlar ən yüksək həddə çatırdı. Ancaq bununla belə, seçkilər başa çatdı, parlament formalaşdırıldı. Həyat davam edir. Hesab edirəm ki, xaricdə müəyyən təşkilatların, dairələrin Azərbaycanın daxili işlərinə qarışmaq, prokuror kimi nəzarət həyata keçirmək istəməsi yolverilməzdir. Azərbaycan dövləti və cəmiyyəti, ən əsası sadə bir vətəndaşı belə buna heç zaman imkan verməyəcək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”