“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu

Hesabatın “doza”sını artırmaq istəyən təşkilatın uydurmaları heyrətləndirdi - Bakıdan sərt reaksiyalar

Bakıda BMT-nin COP29 iqlim konfransının keçirilməsi ərəfəsində anti-Azərbaycan qüvvələrin “fəallığı” səngimir. Bu “xor”a zatən həmişə Azərbaycana qərəzli münasibəti ilə seçilən “Amnesty İnternational” da qoşulub. Qurum Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında qərəzli hesabatı ilə kifayətlənməyərək, COP29 iştirakçılarına “tövsiyələrini” dərc edib.

“Amnesty İnternational” bundan əvvəlki hesabatlarında olduğu kimi, heç bir konkret faktlara əsaslanmadan, sadəcə, fəaliyyəti Azərbaycanı ləkələməkdən ibarət olan “yerli QHT-lərin məlumatına əsaslanaraq” hazırda ölkəmizdə 300-dən çox insanın siyasi motivli ittihamlarla həbsdə olunduğu yalanını tirajlayıb.

“Amnesty İnternational” iddia edir ki, Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib, hətta guya “iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub”. Amma buna sübut kimi hansısa ekoloqu deyil,  qaçaqmalçılıqda ittiham olanları göstərib.   

Hesabatın “doza”sını artırmaq istəyən “Amnesty İnternational” bu dəfə iddia edir ki, guya bir çox yerli fəal ölkəni tərk etməyə məcbur edilib.

“Amnesty İnternational”ın gülünc səslənən iddiasından biri də budur ki, “COP29-da minlərlə mədən yanacağı lobbiçisinin, həmçinin Shell və BP kimi neft nəhənglərinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir”. Təşkilat az qala tələb edir ki, “bütün iştirakçı dövlətlər sürətli və ədalətli şəkildə mədən yanacağından tamamilə imtina etmək öhdəliyi götürməlidir”.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, “Amnesty İnternational” kimi qondarma insan haqları təşkilatları müstəqil siyasət yürüdən ölkələri sevmirlər: ""Amnesty İnternational" kimi təşkilatlar Qərbdəki bəzi “narıncı inqilabçı” dairələrin əlində hər zaman təzyiq və təsir aləti olub. Bu kimi qurumlar heç vaxt Azərbaycanın uğurlarını həzm edə bilməyiblər. Ən əsası, öz ağalarının sifarişlərini yerinə yetiriblər. Vaxtilə Ermənistanda yüzlərlə siyasi məhbus var idi. Ölkənin iki əsas müxalif lideri həbs olunmuşdu. Onlara qarşı uzunmüddətli süni məhkəmə prosesləri təşkil edilmişdi. Amma nədənsə Avropadakı insan haqları təşkilatları Ermənistandakı bu cür antidemokratik prosesləri görməzdən gəldilər. Çünki həmin addımlar onların özləri tərəfindən küçədən hakimiyyət kürsüsünə çıxardıqları Paşinyan tərəfindən atılırdı. Ona görə də səslərini çıxarmırdılar. Bu baxımdan, hesab edirəm ki, “Amnesty İnternational” kimi qondarma insan haqları təşkilatları müstəqil siyasət yürüdən ölkələri sevmirlər. Onlara qarşı hər zaman əks mövqedə dayanırlar. Hətta ölkələrin daxili işlərinə, hüquq-məhkəmə sisteminə də qarışırlar. “Amnesty İnternational” iddia edir ki, Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib. Təbii ki, bunların hamısı iftiradır. Ağ yalandır və heç bir əsası yoxdur. Qaçaqmalçılıqla tutulanları bu “təşkilat” “ekoloq” adlandırmaqdan belə çəkinmirsə, deməyə başqa söz yoxdur. Onların budəfəki qarayaxma kampaniyaları da həmişəki kimi iflasa uğrayacaq. Çünki yalanın ömrü qırx gün çəkir".

Niyameddin 11.jpeg (96 KB)

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı burada “Ermənistan sevgisi” görür: “Azərbaycanda BMT-nin COP29 iqlim konfransının keçirilməsi tədbiri anti-Azərbaycan qüvvələrin əlinə fürsət verib. Bütün imkanları ilə Azərbaycana qarşı fəaliyyət göstərirlər. "Amnesty İnternational" və bu kimi təşkilatlar Amerikanın əlində bir vasitə rolunu oynayır. İndiyə qədər bütün hesabatlarında qərəzli olublar. Məqsədli şəkildə bu cür təşkilatlar qərəzli hesabatlar hazırlayır və həmin ölkələrə təzyiq olunur. Özlərinin yaratdıqları və maliyyələşdirdikləri yerli QHT-ləri də Amerika və Qərb yaradıb. Bu təşkilatların təqdim etdiyi siyahıda terrorçu Arutunyandan tutmuş, dövlətə xəyanət etmiş şəxslərə qədər var. Ağır cinayət törətmiş şəxsləri “siyasi məhbus” sayırlar. "Amnesty İnternational" gülünc səslənən iddiasından biri də budur ki,  “COP29-da minlərlə mədən yanacağı lobbiçisinin, həmçinin Shell və BP kimi neft nəhənglərinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir”. Təşkilat az qala tələb edir ki, “bütün iştirakçı dövlətlər sürətli və ədalətli şəkildə mədən yanacağından tamamilə imtina etmək öhdəliyi götürməlidir”. Göründüyü kimi, müxtəlif üsullarla Azərbaycana qarşı fəaliyyət göstərirlər. Əldə olunan məlumatlara görə, hansı ölkədə COP-un tədbiri keçirilirsə, Amerika o ölkəyə bu formada təzyiq edir, öz məqsədlərinə çatmaq üçün. İndiki vəziyyətdə Amerikanın və Qərbin Azərbaycana hücum etməsinin əsasında Ermənistan sevgisi durur. Öz xristian həmrəyliklərini nümayiş etdirirlər".

Müşfiq Ələsgərli mediamızla əlaqədar diqqət çəkən TENDENSİYALARdan yazdı

Müşfiq Ələsgərli

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli: “Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) bəşəriyyətin gələcək taleyini müəyyənləşdirən platforma kimi yanaşır. Konfrans iştirakçılarının rahatlığını, sərbəst fikir mübadiləsinin təşkili üçün bütün imkanlarını səfərbər edir. Azərbaycanın marağı budur ki, iqlim dəyişmələrinə səbəb olan amillər müəyyənləşdirilib müzakirə edilsin, bu səbəblərin aradan qaldırılması üçün əməli addımlar atılsın, strategiyalar hazırlansın.

Amma Qərb mərkəzlərinin yanaşması fərqlidir. Onlar bu tədbirə bəşəriyyətin gələcəyini xilas etmək üçün platforma kimi baxmırlar. COP29-a öz maraqlarını təmin etmək üçün fürsət kimi yanaşırlar. Konfransın Azərbaycanda keçirilməsi yönündə qərarın verildiyi gündən başlayaraq indiyədək çirkin bir kampaniya aparırlar. Tədbiri pozmaq üçün genişmiqyaslı fəaliyyət həyata keçirirlər. Bu məqsədlə ənənəvi mexanizmləri hərəkətə gətiriblər. Özlərini “insan haqlarının müdafiəçisi” elan etmiş “beynəlxalq statuslu təşkilatlar”, o cümlədən “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” qismində təşkilatlar prosesə qatılıblar. Hər gün bir qondarma informasiya yaymaqla konfransın tərtibatına xələl gətirməyə çalışırlar. Təbii ki, bu təşkilatlar öz düşüncələri ilə hərəkət etmirlər. Bəlli mərkəzlərdən sifarişlər alıb icra edirlər.

Kampaniya təşkilatçıları bu günə qədər işlərini daha çox ənənəvi KİV-lər, transmilli media subyektləri üzərindən yürüdüblər. İndi isə həm də sosial şəbəkələri, o cümlədən X sosial media platformasını da prosesə qatıblar. #COP29 həştəqi altında qeyri-obyektiv bir kampaniyaya start veriblər. Bütün əlamətlər onu göstərir ki, bu kampaniya da ənənəvi mərkəzlər tərəfindən sistemli şəkildə idarə olunur.

COP29 konfransı Cənubi Qafqaz üzərində geopolitik savaşın gücləndiyi, açıq müstəviyə keçdiyi bir dönəmə təsadüf edir. Azərbaycan öz potensialından faydalanaraq, regionu bu savaşdan kənar tutmağa, bölgədə sülhü, sabitliyi qorumağa çalışır. Təbii ki, belə mövqe region üzərində məkrli planlar qurmuş geopolitik savaş oyunçularına xoş gəlmir. Fikrimcə, COP29 üzərindən aparılan kampaniya da reallıqda ölkəmizin müstəqil xarici siyasət kursuna qarşı yönəlmiş təzyiq prosesidir. Amma bu kampaniyanı aparanlar gərək unutmasınlar ki, Azərbaycan belə oyunları dəfələrlə ifşa edərək iflasa uğrada bilib".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

 

06.11.2024 11:25
504