Əksər amerikalılar prezident Co Baydenin yaşının ikinci prezidentlik müddətində ölkənin effektiv rəhbərliyinə maneə olduğunu düşünür.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu “AP-NORC” araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticələri göstərib.
Açıqlanan məlumatlara görə, respondentlərin 77%-i Baydenin daha dörd il Ağ Evdə qalaraq effektiv rəhbərlik etmək üçün çox qoca olduğunu bildirib. Bu fikri Respublikaçılar Partiyasının tərəfdarlarının 89%-i, Demokratların isə 69%-i bölüşür.
Sorğu zamanı araşdırmaçılar respondentlərdən Baydenlə bağlı düşüncələrini konkret sözlərlə ifadə etmələrini istəyiblər. Amerikalıların 26%-i prezidentin “yaşını” qeyd edib, 15%-i “yavaş” və “çaşqın” sözünü işlədib, bir respublikaçı isə prezidenti kartofla müqayisə edib.
Sorğunun göstərdiyi kimi, amerikalılar getdikcə daha çox gənc nəslin ölkədə hakimiyyətdə olmasının tərəfdarıdırlar. Belə ki, respondentlərin 68%-i ABŞ Konqresinin senatorları və Nümayəndələr Palatasının üzvlüyünə namizədlər üçün, 66%-i isə prezidentliyə namizədlər üçün yaş məhdudiyyətinin tətbiqinin tərəfdarı olduğunu söyləyib.
Musavat.com