Amerikalılar Trampı, yoxsa Kamala Harrisi prezident edəcək?

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərinə az qalmış namizədlər arasında mübarizə gərginləşir. Ölkə miqyasında keçirilən son rəy sorğularına görə namizədlərin hər ikisi - həm Donald Tramp, həm də Kamala Harris 47 faiz səs alırlar.

Musavat.com bildirir ki, politoloq Zeynal Əmrəliyev məqaləsində namizədlərin səslərinin bərabərləşməsinin səbəblərini bu cür izah edib:

"Seçkinin ilk mərhələsində Tramp öndə idi. Bunun səbəbi onun qarşında qocalmış və xəstə vəziyyətində olan Co Baydenin mübarizə aparması idi. Tərəflər arasındakı ilk debatdan sonra onların  arasındakı səs fərqi daha da artmağa başladı. Ancaq Co Baydenin namizədliyi Kamala Harrisə ötürməsindən sonra fərq sürətli şəkildə azalmağa başladı. Tərəflər arasındakı debatlar və seçki kampaniyası da fərqi artıra bilmədi. Həm respublikaçı, həm demokratlar bir-birinin zəif tərəflərini tez aşkara çıxarır və həmin istiqamətdən hücuma keçirlər. Seçki kampaniyasında tərəflər  müdafiədən daha çox hücuma üstünlük verirlər. Səsvermə gününə az qaldığı üçün ümumi ölkə miqyaslı problemlərdən daha çox qərarsız ştatların problemləri  müzakirələr gedir. Həssas ştatlar hesab edilən Şimali Korolina, Pensilvaniya və Miçiqanda namizədlərdən heç biri üstünlük qazana bilmir. Ağ evə sahib olmaq üçün bu ştatlardan heç olmasa birində qalib gəlmək lazımdır. Pensilvaniyada sui-qəsd sonrası Tramp önə keçsə də sonradan Harris kompaniyaya qoşulduqdan sonra onların səs fərqi bərabərləşdi. Əgər Tramp çalışarsa bu ştatda mövqelərini möhkəmləndirə bilər. Burda həm respublikaçıların, həm də  Trampın özünün nüfuzu böyükdür".

Politoloq qeyd edir ki, Kamala Harrisi əsasən gənclər dəstəkləyir:

"Bunu nəzərə alaraq Tramp son zamanlar Pensilvaniyada ali məktəblərdə təbliğatı gücləndirib. Respublikaçılar ayrı - ayrı ştatlarda güclü şəkildə işləsələr də ümumi ölkə miqyasında onların şansını azaldan bir neçə məqam var. İlk məsələ ianə fondu ilə bağlıdır. ABŞ-da prezidentliyə namizədlərin topladığı ianələr seçki nəticələrinə ciddi təsir göstərir. Donald Tramp 2023 -cü ilin yanvarından bu günə qədər 894 milyon dollar toplaya bilsə də Kamala Harris bu ilin iyulundan sentyabrına qədər cəmi 2 aya 971 milyon dollar toplayıb. Baydenin kompaniyasında yığılan ianələrlə birlikdə xanım vitse-prezidentin seçki fonunda hazırda 1,58 milyard dollar pul var. Bu kifayət qədər böyük məbləğdir, Harrisin komandasını Tramp qarşında güclü edir. Həmçinin Siyasi fəaliyyət komitələrinə üzv olan bəzi milyarder də Harrisə dəstək vəd edib. Ancaq bu məsələ eyni zamanda seçki prosesinə kölgə sala bilər. Çünki Donald Tramp az sayda şəxsən yüksək məbləğ aldığı halda, Harris daha çox şəxsdən aşağı məbləğdə ianə toplayır. Bu isə gələcəkdə formalaşacaq admistrasiyanın fəaliyyətində problem yarada bilər".

Zeynal Əmrəliyevin fikrincə,  respublikaçıların şansını azaldan digər məsələ son zamanlar İsrailin Yaxın Şərqdə həyata keçirdiyi siyasətdir:

"Düzdür, bu ABŞ - da mühüm bir təbəqəni razı salsa da İsrailin siyasətindən narazı olan kifayət qədər insan var. Rəy sorğuları da göstərir ki, İsrailin hazırkı baş naziri Benyamin Netanyahu ABŞ tarixində ən aşağı nüfuzlu İsrail rəhbəridir.

Üçüncü bir məsələ isə, ABŞ əsas seçici kütləsi olan orta təbəqənin seçkidə Harrisə verdiyi dəstəkdir. Donald Trampın iqtisadi siyasəti əsasən daha iri kapital sahiblərinin xeyrinə yönəldiyindən bu orta biznes təbəqəsini narahat edir və onlar demokratlar yönəlirlər. Hazırda Tramp komandasının əsas işi gənclərlə bərabər bu təbəqənin dəstəyini almaqdır.

Təsadüfi deyil ki, Donald Trampı planetin ən zəngin şəxsi olan İlon Mask dəstəkləyir. Maksla bərabər milyarderlər Timothy Mellon, Miriam Adelson və  Richard Uihlein birlikdə keçmiş prezidentin xeyrinə 395 milyon dollar ianə ediblər. 4 şəxsin bağışladığı bu məbləğ Donald Trampın topladığı bütün ianənin yarısını təşkil edir. Namizədlərin səs fərqinin bərabər olmasına baxmayaraq bu kimi xırda amillərə görə Kamala Harris rəqibindən bir pillə önə keçmiş kimi görünür. Ancaq ABŞ qərar verməmiş xeyli sayda seçici var. Yaxın günlər tərəflər  üçün həmən həssas bölgələrdən səs almaq olacaq. Bunun üçün onlar bu günlərdə regionlarda təbliğatı daha da gücləndirəcəklər".

 

Xalidə Gəray
Musavat.com

31.10.2024 12:11
422