Bu gün ABŞ-də 60-cı prezident seçkiləri keçirilir. Prezidentlik yarışında 4 namizəd - Ohayonun senatoru Ceyms Devid Vens, Minnesota qubernatoru Tim Vals, sabiq prezident Donald Tramp və vitse-prezident Kamala Harris olsa da, əsas mübarizənin son iki şəxs arasında keçəcəyi gözlənilir. Seçki prosesinin gərgin mübarizə şəraitində keçməsi ABŞ-də təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Paytaxt Vaşinqtonda mühüm binaların ətrafına hasarlar çəkilib, iş yerlərinin pəncərələri bağlanıb.
Demokrat konqresmen Stiv Koen qəzəbli seçicilər arasında toqquşmalarla bağlı “qan tökülə bilər” xəbərdarlığını edib. Koen deyib ki, Harris seçkilərdə Trampı məğlub edərsə, respublikaçılar və o, məğlubiyyəti qəbul etməyə bilər.
“Düşünürəm ki, Kamala ən azı 5-6 milyon səslə qalib olacaq. Tramp heç bir şəkildə dayanmayacaq. Məhkəməyə gedəcək. Konqres binasına hücumu təkrarlayacaq”,- deyə o, bildirib.
Xatırladaq ki, ABŞ-dəki ifrat sağçı qruplar və Tramp tərəfdarları 3 noyabr 2020-ci il seçkilərinin nəticələrinin sertifikatlaşdırma sessiyasının keçirildiyi Konqresin binasına 6 yanvar 2021-ci ildə basqın ediblər. Basqın zamanı biri polis məmuru olmaqla 5 nəfər ölüb. İctimai üsyana təhrik etdiyinə görə impiçment üçün mühakimə olunan Tramp 2021-ci ilin fevralında Senatda keçirilən səsvermədə bəraət qazanıb. Nümayəndələr Palatasındakı demokratlar respublikaçıların etirazına baxmayaraq, komitə yaradıb və hadisəni araşdırmağa başlayıb.
Komitə Trampı “qiyama kömək etməkdə və ona zəmin hazırlamaqda”, “rəsmi prosesə mane olmaqda”, “ABŞ-nin nizamını pozmaq üçün sui-qəsddə”, “yalan bəyanatlar verməklə sui-qəsddə” ittiham edib.
Rusiya bu gün səhər saatlarında Zaporojyeyə zərbə endirib. Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorovun məlumatına görə, hücum nəticəsində azı 6 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb. Zərbənin hədəf aldığı infrastruktur obyektində yanğın baş verib.
Ukrayna hərbçiləri müharibədə iştirak etmək üçün Rusiyanın Kursk bölgəsinə gələn ilk Şimali Koreya hərbçiləri ilə döyüşə girib. Noyabrın 5-də “Financial Times” Ukrayna kəşfiyyatının yüksək rütbəli zabitinə istinadən məlumat yayıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Fikrət Fəraməzoğlu ilə gündəmi dəyərləndirir.
https://www.youtube.com/@musavattv
https://www.facebook.com/tvmusavat