Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq

Zülfüqar Yusifov: “Hətta dünyada bir sıra əməliyyatlar ambulator şəraitdə həyata keçirilməyə başlayıb”

Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq. Belə ki, Milli Məclisin noyabrın 1-də keçirilən plenar iclasında  “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik müzakirə edilib. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədi ilə hazırlanıb.

Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə ambulator şəraitdə dərman vasitələrinin buraxılması şərtləri müəyyən edilib. Bundan başqa, dəyişikliklərdə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Xatırladaq ki, ambulator müalicə, xəstənin tibbi xidmətləri aldıqları gün evə qayıtdığı və xəstəxanada qalmasının lazım olmadığı bir müalicə formasıdır.

“Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta tərəfindən qarşılanması çox gözəl xəbərdir”: “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən deyib. Zülfüqar Yusifov qeyd edib ki, ambulator müalicə pasiyentlərin çox sıx halda müraciət etdiyi sahədir: “Çünki orta ağır, yüngül dərəcəli şikayətləri olan xəstələrin müalicəsi əsasən ambulator şəraitdə həyata keçirilir. Hətta dünyada bir sıra əməliyyatlar ambulator şəraitdə həyata keçirilməyə başlayıb. Çünki ambulator şəraitdə müalicə ümumən xərcləri azaldır, yataq gününü azaldır, həm də pasiyentə komfortluluq verir. Buna görə də indi bütün dünyada ambulator müalicənin inkişafı üçün tədbirlər görülür.

Görünür ki, artıq bizim ölkədə də bu istiqamətdə işlər görülməyə başlanılıb. Ambulator müalicənin dərmanlarının da icbari tibbi sığorta tərəfindən qarşılanması ona gətirib çıxaracaq ki, daha çox insan icbari tibbi sığortanın bu imkanından yararlana biləcək. Bu, insanlarımızın sağlamlığının qorunması baxımından olduqca vacibdir və səhiyyənin narahatlıq doğuran məsələlərindən birinin artıq öz həllinin tapması deməkdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

02.11.2024 09:28
340