“Altını vuran”komanda

Allah korona çıxardanların və yarasa yeyənlərin evini yıxsın, yoxsa mənim nəyimə lazım idi futbola baxım? Cavanlıqda xeyli baxmışdım, haradasa 10-15 il olar bu məşğuliyyətdən uzaqlaşmışdım, 3-4 il olar yenə baxıram və indi yenidən baxmağıma peşman oluram. Üstəlik, bir neçə manyak dostlar var, oyun gedəndə xəbər verirlər, hesabı yazırlar, “filan komandamız uduzur” deyə sanki muştuluq istəyirlər. Mən də məcbur oluram baxım görüm sahədə kimə işgəncə verirlər. 

Yeri gəlmişkən, İsveçə 6:0 uduzduğumuz gün qapımıza 4 top vuran yoldaşdan açıqlama almışdılar, deyirdi qol vurmaqdan həzz alır. Əlbəttə. Meydanda baş verənlər əslində futboldan çox məlum, 18 plyus akta oxşayırdı. İsveçlilər, tamaşaçılar hamısı həzz alırdı. Hiss olunurdu ki, milli futbolçularımız da başda Santuş müəllim olmaqla həzz alırlar. Burada pis şey yoxdur. Müdriklər çoxdan buyurmuşdur: “Gördün müqavimət göstərə bilmirsən, çalış həzz alasan”. Nə gizlədim, birinci hissədə üçüncü qoldan sonra mən özüm ekran qarşısında həzz alırdım, siz də məni bağışlayın. 

Bayaq xəbərçi dostlardan bəhs elədim, bir müşahidəmi də oxucularla bölüşüm. Azərbaycan futbolu dünyada bu işin statistikasını aparanlar üçün tükənməz mənbədir. Məsələn, görürsən hansısa komanda meydana çıxır, şərhçi deyir: “Buradakı Filan oyunçu filan ildə qapımıza bir neçə top nallamışdır”. Yaxud hakimi göstərirlər, aparıcı deyir: “Əgər yadınıza gəlirsə, biz Behman ölkəsinin komandasında 10:0 uduzanda hakimliyi bu yoldaş etmişdi”. Ən azı buna görə oynamağımıza dəyər. Yaddaqalan komandalarımız vardır. 

İndi Avropa C liqasında axırıncı yeri tutduğumuz üçün gələn ildən D liqasında oynayacağıq və bəzi vətəndaşlarımız buna görə dilxor olubdur. Çünki oradakı cırtdan ölkələrin komandaları imiş. Andorra, Malta, Lixtenşteyn və sairə. Deyirlər hətta bu komandalarda oynamağa peşəkar oyunçu tapılmır, məcbur olub diş həkimlərini, avtobus sürənləri-filanı milliyə cəlb edirlər. 

Doğrudan da, örnək üçün, Andorranın 85 min əhalisi var, oradan 11 peşəkar oyunçu çıxartmaq çətindir. Biz heç 10 milyondan çıxarda bilmirik. Hərçənd əhali sayı bu tip işlərdə mübahisəlidir. Misal üçün, hazırda C liqasına qalxmış San Marino adlı dövlətin əhalisi neçə nəfərdir, bilirsinizmi? 33 min nəfər. Ərazisi isə “Vasmoy” bazarından azca yekədir: 61 kvadrat kilometr. Bəzən topu bərk vuranda gedir Vatikan dövlətinin ərazisinə düşür. 

Uzun sözün qısası, şərhçilərimizin mövqeyinə görə guya diş həkimləri ilə futbol oynamaq bizi alçaldır, təhqir edir. 

Boşboğazlıqdır. Əvvəla, bu saat yaxşı diş həkimi tapmaq yaxşı futbolçu tapmaq qədər çətindir. Hər əlinə kəlbətin alan həkim olmadığı kimi, hər tuman geyib otluğa çıxan da futbolçu olmur. 

İkincisi, D liqasına düşməklə futbolçularımız qarşısında perspektivlər açılır. Qoy onlar zəhmət çəkib ikinci peşəyə yiyələnsinlər. Nə qədər avara-avara dolaşıb neft büdcəsindən havayı maaş alacaqlar? Rəhmətlik Hadı müəllim deputat olanda müəllimlərə məsləhət görmüşdü ki, maaş azdırsa suvaqçı, malyar işləsinlər, əlavə pul gəlsin. Nəticədə elm və təhsilimiz inkişaf etdi. Santuş özü yaxşı, peşəkar, “İnşaatı” pulsuz oxumuş sovet injinerinə oxşayır. Onu da komandaya prorab qoyarıq, oyunlar arası fasilələrdə “Şərur MTK” üçün bina tikərlər. Bir topla iki quş, 11 mala ilə havada Saltuş! 

Sonda mən İsveç komandasının məşqçisini istefa verməyə səsləyirəm. Ayıbdır. O nə oyun idi? Utanın. O qədər şansı, fürsəti qaçırmaq olardımı? Yaxşı oynasalar hesab ən azı 15:0 olmalı idi.   



21.11.2024 08:04
1063