Almaniyanın kimya nəhəngini Ərəb şirkəti alır  

Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft-qaz irkəti Abu Dhabi National Oil Co. (ADNOC) Almaniyanın kimya nəhəngi Covestro AG-ni 11,7 milyard avroya satın alır.

Musavat.com xəbər verir ki, məlumatı Almaniya şirkəti yayıb.

Covestro-nun yaydığı press-relizdə qeyd edilir ki, ADNOC alman şirkətinin bütün dövriyyədə olan səhmlərini 1-ni 62 avro olmaqla satın alacaq. Bu, 19 iyun 2023-cü il tarixindəki səhmlərin bağlanış qiymətindən demək olar ki, 54 faiz, 23 iyun 2024-cü il tarixindəki bağlanış qiymətindən isə 21 faiz çoxdur.

Covestro-nun Direktorlar Şurası və Müşahidə Şurası ADNOC-un təklifini dəstəkləyir və səhmdarlara onu qəbul etməyi tövsiyə edir. Əməliyyatı başa çatdırmaq üçün Alman şirkətinin 50 faiz üstəgəl 1 payına sahib olan səhmdarlar paylarını satmağa razı olmalıdırlar. Müqavilə həm də tənzimləyicilərin təsdiqindən keçməlidir.

Bundan əlavə, Covestro ADNOC ilə investisiya müqaviləsi bağlayıb. Müqaviləyə əsasən onun törəmə şirkəti ADNOC International Germany Holding AG alman şirkətinin yeni səhmlərini 62 avro qiymətinə cəmi 1,17 milyard avroya alacaq ki, bu da kapitalda 10 faiz böyüməyə səbəb olacaq. Bu, Covestro-ya böyümə strategiyasını həyata keçirmək üçün əlavə vəsait verəcək.

ADNOC, öz növbəsində, Covestro-nun mövcud idarəetmə strukturunu saxlamaq öhdəliyini götürüb. Şirkət həmçinin heç bir aktiv satışına, zavodun bağlanmasına və ya işçilərin əhəmiyyətli ixtisarına başlamayacağına söz verib.

2024-cü ilin əvvəlindən Covestro-nun kapitallaşması 10,2 faiz (10,3 milyard avroya qədər), DAX fond indeksi isə 16 faiz artıb.

Qeyd edək ki, son iki ildə ADNOC xaricə investisiyalarını kəskin artırıb. Ötən il şirkət Azərbaycanın “Abşeron” qaz-kondensat yatağının işlənməsi layihəsində 30 faiz payı alıb.

Musavat.com

02.10.2024 11:34
363