Almaniya özbək əmək miqrantlarına qapı açır

Almaniya kansleri Olaf Şolts və Özbəkistan prezidenti Şavkat Mirziyoyev sentyabrın 16-da Səmərqənddə keçirilən danışıqlarda iki ölkə arasında çoxsəviyyəli əməkdaşlığın gələcək inkişafını müzakirə ediblər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, səfər çərçivəsində bir sıra sənədlərin, o cümlədən Özbəkistan vətəndaşlarına Almaniyanın əmək bazarına çıxış əldə etməyə imkan verən miqrasiya sahəsində saziş imzalanıb.

Ayrıca bir sıra sahələr üzrə özbək mütəxəssislərinin Almaniyaya hazırlanması və yönləndirilməsi sahəsində məsul orqanlar səviyyəsində praktiki əməkdaşlığın “yol xəritəsi”nin hazırlanması təklif edilib.

Almaniyalı tərəfi dual təhsil modelinin Özbəkistanın regionlarında geniş tətbiqində maraqlı olduqlarını bildirib. Aparıcı universitetlər arasında təhsil və elm mübadiləsinin inkişafı üçün iki ölkənin universitetlərinin forumunun keçirilməsi təklif olunub.

Danışıqlar zamanı Özbəkistan-Almaniya çoxsəviyyəli əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Bildirilib ki, bu ilin əvvəlindən Almaniya şirkətlərinin ölkə iqtisadiyyatına 800 milyon avro məbləğində investisiyaları daxil olub.

2023-cü ilin may və sentyabr aylarında Özbəkistan rəhbərinin Almaniyaya səfəri zamanı prezident Şavkat Mirziyoyev ilə keçirilən görüşlər Şoltsun hazırkı səfəri üçün zəmin yaradıb. Bu, iki ölkə arasındakı əhəmiyyəti və işgüzar əlaqələri vurğulayan cavab səfəridir.

Musavat.com

16.09.2024 12:21
580