Almaniya iqtisadiyyat bu il də kiçiləcək – Hökumət proqnozunu dəyişdi

Almaniya hökuməti 2024-cü il üçün ölkə iqtisadiyyatı ilə bağlı proqnozunu aşağı salıb. Musavat.com Financial Times-a istinadən xəbər verir ki, ÜDM-in aprel ayında 0,3 faiz artımını nəzərdə tutan proqnozunu Almaniya hökuməti 0,2 faiz azalma ilə əvəz edib.

2023-cü ildə Almaniyanın ÜDM-i 0,3 faiz azalıb. Qəzet yazır ki, ardıcıl iki il azalma 2000-ci illərin əvvəllərindən bəri ilk dəfə qeydə alınacaq.

Oktyabrın 9-da Almaniyanın İqtisadiyyat naziri Robert Habek bildirib ki, “vəziyyət qeyri-qənaətbəxşdir”: “Almaniya iqtisadiyyatı 2018-ci ildən bəri güclü artım nümayiş etdirməyib”.

O, iqtisadiyyatdakı “struktur problemlərinin”, o cümlədən enerjinin baha olması, ixtisaslı kadr çatışmazlığı və həddindən artıq bürokratiyanın təcili həllinin zəruriliyini qeyd edib. Habekə görə, struktur problemlərini qlobal çağırışlar daha da ağırlaşdırır.

Qəzet qeyd edir ki, Almaniya iqtisadiyyatı yüksək faiz dərəcələri, inflyasiya və çətin geosiyasi vəziyyət üzündən əziyyət çəkir. Bu problemlər istehlakçı tələbini və investisiya fəallığını məhdudlaşdırır. Əhəmiyyətli əmək və enerji xərclərindən, həmçinin yüksək borc yüklərindən və siyasi qeyri-sabitlikdən şikayətlənən bəzi şirkətlər istehsalın başqa ölkələrə köçürülməsi imkanlarını müzakirə edirlər.

Almaniya hökumətinin proqnozuna görə 2025-ci ildə ölkə iqtisadiyyatı 1,1 faiz, 2026-cı ildə 1,6 faiz artacaq. İqtisadiyyatın bərpası ilə bağlı proqnozlar şəxsi istehlakın artması, xaricdə sənaye mallarına tələbatın artması və investisiya fəallığının bərpası gözləntiləri ilə əlaqələndirilir.

Sonuncu dəfə Almaniyanın ÜDM-in iki il dalbadal azalması 2002 (-0,2 faiz) və 2003-cü ildə (-0,5 faiz) qeydə alınıb.

Musavat.com

09.10.2024 20:04
306