Almaniya "Akkuyu" AES üçün avadanlıqların ixracına icazə vermir

"Siemens Energy" şirkəti Türkiyədə inşa olunan "Akkuyu" AES-i təchiz etmək üçün səlahiyyətli orqanlardan ixrac icazəsi ala bilmir.

Musavat.com xəbər verir ki, bunu Almaniyanın "Deutsche Welle" yayım korporasiyasının (DW) Türkiyə xidmətinə şirkətin nümayəndəsi deyib.

Onun sözlərinə görə, "Akkuyu" üçün avadanlıqların bir hissəsi artıq gətirilib: “İxrac qaydalarına əməl etməyə borcluyuq və gömrük icazəsi alınmayıb”.

"DW" izah edir ki, bu cür icazələr Almaniyanın federal strukturları tərəfindən verilir və Ukraynada işğalçı müharibə başlayandan sonra Rusiya ilə bağlı bütün ixrac orqanların ciddi nəzarəti altındadır.

Eyni zamanda "Siemens Energy" artıq hansı avadanlıqların tədarük edildiyi və Almaniya hakimiyyətinin ixraca icazə verməkdən imtina etməsi üçün hansı səbəbləri göstərdiyi sualına cavab verməkdən yayınıb.

“Biz bu suallara cavab verə bilmərik. Elektrik stansiyası təhlükəsizlik baxımından mühüm infrastruktur obyekti olduğundan, biz təchizatçı olaraq hansı avadanlıqların gətirildiyi və nəyin çatışmadığı barədə məlumat paylaşa bilmirik”.

Sentyabrın 11-də Türkiyənin energetika naziri Alparslan Bayraktar AES üçün avadanlıqların təchizatı ilə bağlı problemlərə görə Ankaranın Almaniyanın "Siemens" şirkətinə qarşı tədbir görəcəyini bildirib. Onun sözlərinə görə, “açıq-aydın siyasi motivlərlə verilmiş qərar var”. Şirkət, nazirin qeyd etdiyi kimi, problemin iki ölkə rəhbərliyi səviyyəsində müzakirə olunmasına baxmayaraq, hələ ki, öz hərəkətlərini izah etməyib və hüquqi arqumentlər təqdim etməyib.

Musavat.com

15.09.2024 20:29
653