Alla Puqaçova və Urqant xarici agent kimi tanınmayacaq

Rusiya Ədliyyə Nazirliyi İvan Urqant və Alla Puqaçovanın xarici agentlər siyahısına daxil edilməsi üçün əsas tapmayıb.

Musavat.com xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyinin rəis müavini Oleq Sviridenko İvan Urqantın və Alla Puqaçovanın xarici agent kimi tanınmayacağını bildirib. Onun sözlərinə görə, bu günə kimi idarədə onların reyestrə daxil edilməsi üçün əsas ola biləcək faktlar yoxdur.

“Biz fakturasız işləmirik. Əgər insan qanun çərçivəsində yaşayırsa, bunu görürük. Bu günə qədər onların xarici agent kimi tanınması üçün heç bir əsas yoxdur”, - Sviridenko TASS-a şərhində bildirib.

Bundan əvvəl Dövlət Dumasının deputatı Nikolay Noviçkov Ədliyyə Nazirliyinə Urqantı yoxlamaq xahişi ilə sorğu göndərmişdi. Buna səbəb teleaparıcının Fransada fərdi sahibkar kimi qısamüddətli qeydiyyata alınması ilə bağlı məlumat olub. Həmin vaxt idarədən nəzarət tədbirləri apardıqları barədə məlumat verilib.

2024-cü ildə Ədliyyə Nazirliyi deputat Aleksey Juravlyovun tələbi ilə Alla Puqaçovanı artıq yoxlayıb. Rəsmi cavabda bildirilib ki, “xarici agent” statusunun əlamətləri aşkar edilərsə, məsələyə baxılacaq. Lakin heç bir əsas da tapılmayıb.

Ədliyyə Nazirliyi vurğulayır ki, reyestrə daxil edilməsi yalnız təsdiq edilmiş qanun pozuntusu faktları olduqda mümkündür.

Musavat.com

 

29.05.2025 13:33
353