“Alimlərin maaşı artırılmalı, onlar üçün sosial güzəştlər tətbiq olunmalıdır, çünki... “

“Azərbaycanda alimlərin və elmi tədqiqatçıların maddi vəziyyəti çox zaman aşağı səviyyədədir”.

Musavat.com bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, alimlər öz araşdırmalarını davam etdirmək üçün şəxsi resurslarından istifadə etməyə məcbur qalır, bu isə onların elmi fəaliyyətlərini məhdudlaşdırır:

“Bir çox gənc tədqiqatçılar elmi sahədə qalmaqdansa, daha gəlirli sahələrə keçməyə üstünlük verir. Nəticədə elmi kadrların sayı azalır, bu isə uzunmüddətli perspektivdə ölkənin inkişafını ləngidir.

Alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin prioritet istiqamətlərindən biri olmalıdır. Onların əməkhaqqı artırılmalı, tədqiqatlarını davam etdirmək üçün lazımi maliyyə dəstəyi və müasir infrastruktur təmin edilməlidir. Eyni zamanda, elm sahəsində çalışanlar üçün sosial güzəştlər (məsələn, yaşayış üçün subsidiya, tibb xidmətlərində güzəştlər) tətbiq olunmalıdır”.

Kamran Əsədov həmçinin vurğulayıb ki, elm və təhsilə qoyulan sərmayə hər zaman cəmiyyətə qat-qat geri dönür, alimlərə və elmi tədqiqatçılara layiqli maddi dəstək vermədən ölkəmizin beynəlxalq elmi arenada rəqabətqabiliyyətli olması mümkün deyil.

“Elmə dəstək vermək – gələcəyə dəstək verməkdir!” deyə ekspert sonda qeyd edib.

Mövzu ilə bağlı filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli Musavat.com-a danışıb:

“Təəssüf ki, bu bir həqiqətdir ki, bu gün Azərbaycanda alimlərin və elmi tədqiqatçıların maddi təminatı aşağı səviyyədədir. Alimlərin maaşı çox aşağıdır və həqiqi elmə maraq göstərənlərin, eləcə də alimlərin sayı getdikcə azalır. Dissertasiya müdafiələrinin çoxluğuna, alimlərin sayının zahirən artmasına baxmayaraq, elmdəki real vəziyyət belədir ki, bizdə fundamental araşdırmalar və dünya səviyyəsinə çıxacaq tətbiqi elmin vəziyyəti çox acınacaqlıdır.

Bəs nə etmək olar?

Doğrudur, Azərbaycanda Elm Fondu fəaliyyət göstərir və oradan müəyyən layihələrə maliyyə ayrılır. Lakin bütövlükdə, ayrı-ayrı elmi tədqiqat institutlarında fundamental problemlərin tədqiqi üçün ayrılan maliyyə vəsaiti kifayət etmir. Hesab edirəm ki, bunun üçün Azərbaycanda elmi inkişafın konsepsiyası işlənməli, mövcuddursa, ona yenidən baxılmalı və layihələrin maliyyələşdirilməsi ilə bağlı şəffaf və effektiv fəaliyyət göstərən mexanizm yaradılmalıdır. Yəni, elmdə korrupsiya və dost-tanışlıq amilləri aradan qaldırılmalıdır.

Bir sözlə, əgər dünya elminə inteqrasiya etmək və qlobal elm trendlərinə qoşulmaq istəyiriksə, həqiqi elmi mühit yaratmalıyıq. Gözə kül üfürməklə heç nəyə nail olmaq mümkün deyil”.

 

Xalidə Gəray
Musavat.com

03.12.2024 21:41
364