Alimdən xəbərdarlıq: Bakıda sürüşmə təhlükəsi aktivləşir

Paytaxtın Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.

 Musavat.com-a verilən məlumata görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib. Ə.Əliyev bildirib ki, hazırda agentliyin mütəxəssisləri hadisə yerindədir: “Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək”, -deyə o bildirib.

Ə.Əliyev həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov Musavat.com-a açıqlamasında bildirib ki, son iki-üç gün ərzində Abşeron ərazisinə yağan intensiv yağış bəzi sürüşmə təhlükəli ərazilərin fəallaşmasına səbəb olub.

Alim bunun təbii hal olduğunu qeyd edib:

“Xüsusilə, bəzi köhnə sürüşmə ərazilərində aktivlik var. Sürüşmələrin yaranma səbəbləri Bakının quruluşu, süxurların tərkibi və sairdir. Yamacların sürüşmə təhlükəsi varsa, yamacın daban hissəsində görülən işlərdə ehtiyatlı olmaq lazımdır. Yol çəkilişi, tikinti ilə əlaqədar olaraq sürüşmə yarana bilər. Qeyd edim ki, Xətai rayonunda güclü tikinti materialı yoxdur ki, onun çıxarılmasını əsas gətirək. Səbəblər aydın olmalıdır. Elə yamaclar kəsiləndə sürüşməyə qarşı ciddi tədbirlər görülməlidir. İstinad divarlarının çəkilməsi zamanı yamacın yükgötürmə qabiliyyətinin təyin olunması çox vacibdir ki, yağıntılı dövrdə sürüşmələr intensivləşdikdə yamac özünü müəyyən qədər qoruya bilsin. Yamac kəsiləndə yaşıllaşdırma, yeraltı suları tənzimləyən drenaj sistemi mütləq nəzərə alınmalı idi. Bu amilləri nəzərə aldıqda sürüşmə müəyyən qədər səngiyir”.

WhatsApp Image 2024-10-17 at 16.00.07 (1).jpeg (64 KB)
M.İsmayılovun sözlərinə görə, Bakının bir sıra ərazilərində aktiv sürüşmə sahələri var: “Əhmədli yaylasının, Köhnə Günəşlinin yamacları aktiv sürüşmə sahələridir. Bəzi sahələrdə aktivlik müəyyən qədər səngisə də, qarşıdan yağıntılı dövrlər gəlir, hazırlıqlı olmaq lazımdır. Yamacda və yaxın ərazilərdə təhlükəli obyektlərdə müəyyən qədər tədbirlər görmək olduqca vacibdir. Bütün Azərbaycan ərazisi, xüsusilə Böyük Qafqazın cənub-şərq seqmenti intensiv sürüşməyə meyllidir. Buna görə də ehtiyatlı olmaq lazımdır. Bir məqamı vurğulamaq yerinə düşər ki, asfalt yolların çəkilməsində diqqətli olmaq önəmlidir. Bu tipli yollar adətən hava, torpaq, su mübadiləsini tamamilə kəsir, torpaqda daha çox rütubət qaldığı üçün sürüşmələrin intensivləşməsinə səbəb olur”.

Alim əlavə edib ki, sürüşmələrin qarşısını qismən almaq üçün görülən müasir tədbirlər bəzən baha başa gəlir. M.İsmayılov bununla bağlı bəzi təkliflər verib:
“Bəzən önləyici tədbirlər baha başa gəlir. Amma müəyyən qədər terraslaşdırma aparmaq olar. Bu, yamaclarda sürüşmənin qarşısını qismən də olsa, alır. Yaxud quraqlığa davamlı, az su tələb edən ağac növlərinin kökləri dərində olur ki, onları əkmək olar. Bu barədə dəfələrlə danışmışıq. Təəssüf ki, yaşıllaşdırma idarələri yalnız şam ağacını tanıyır. Onun kökü isə dərinə getmir. Buna görə də tədbir görülən yerdə təkrar sürüşmə baş verir. Yaşıllaşdırma idarələri sadəcə gözdən pərdə asmaq üçün yaşıllaşdırma aparır. Şam yaşıllıq yaradır, amma yamacı sürüşmədən qoruya bilmir. Buna görə də yerli ağac cinsləri olan saqqız ağacı, innab və s. kökləri çox dərinə gedən ağacları əkməyi tövsiyə edirəm”.

Nigar HƏSƏNLİ,
Musavat.com

17.10.2024 16:11
417