Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və onunla birgə məhkum olunmuş idarənin şöbə rəisləri – Sahib Ələkbərov, Yasin Məmmədov, Vüsal Ələkbərovun barələrindəki qərardan kassasiya şikayəti üzrə qərar verilib. Hakim Nazim Mövsümov apelyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.
Musavat.com xəbər verir ki, Mövlam Şıxəliyev istisna olmaqla digər 3 şəxs iclasa qatılıblar. Yasin Məmmədov çıxış edərək barəsində qərarın dəyişdirilməsini istəyib. Vüsal Ələkbərov isə xəstə olmasının nəzərə alınmasını istəyib. Sahib Ələkbərov da şikayətinin təmin olunmasını xahiş edib. Hər 4 şəxs kassasiya şikayətlərində barələrindəki hökmün ləğv olunmasını, onlara bəraət verilməsini, müsadirəyə götürülmüş əmlaklarının geri qaytarılmasını tələb edirdilər. Prokurorluğun protesti təmin edilməyib.
Qeyd edək ki, Mövlam Şıxəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunurlar. İttihamda bildirilib ki, Mövlam Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edərək alıb, həmçinin səlahiyyət həddini aşmasında və sübutların saxtalaşdırmasında da təqsirli bilinib.
21 sentyabr 2022-ci ildə, iş üzrə Bakı Hərbi Məhkəməsində çıxarılıb. Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınması üçün dövlət başçısına təqdimat göndərilib. 2023-cü ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər.
Bakı Apelyasiya Məhkəməsi 2023-cü ilin sentyabrında Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi. Qərara əsasən Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu. Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermişdilər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər. Baş Prokurorluq da bu qərardan narazı idi, cinayət yolu ilə əldə olunan əmlakların müsadirəsi tələb olunurdu.
Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirdilər.
E.MƏMƏDƏLİYEV,
Musavat.com