30 il öncə bu vaxtlar Ermənistan-Azərbaycan müharibəsində sükunət əmələ gəlmişdi. Tərəflər hərbi əməliyyatlardan yorulmuşdular. Ermənilər Azərbaycanın içərilərinə doğru bundan artıq irəliləyə bilməyəcəklərini görüb dayanmışdılar və qəsdləri tutduqları yerləri əldə saxlamaq idi.
Eyni zamanda Azərbaycan tərəfi də itirdiyi torpaqları əks-hücum yolu ilə almağın insan resursları baxımından baha başa gələcəyini anlayaraq, münaqişənin danışıqlar yoluyla həllini daha üstün saymışdı.
1994-cü ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə imzalanan atəşkəs sazişi belə bir hərbi-siyasi-ictimai-psixoloji atmosferdə baş tutdu.
Ermənilər eyforiyada idilər, Bişkek protokolunu atəşkəs sazişindən çox Azərbaycanın kapitulyasiyası kimi anlayır, öz aralarında elə də qələmə verirdilər.
Hərbi əməliyyatların davam etdirilməməsi, əslində Azərbaycan xalqının ürəyindən olsa da (cəbhədə çox itki verirdik), rayonların işğalı, 700 mindən çox qaçqın-köçkünün mövcudluğu cəmiyyətdə məğlubluq sindromu yaratmışdı və iki yaşı yenicə tamam olmuş körpə respublika üçün bunu dəf etmək çox çətin idi. Toparlanmaq, güclənmək xeyli vaxt aparacaqdı (elə də oldu).
Bu gün Azərbaycan xalqının lakonik şəkildə “getsin o günlər, gəlməsin” deyə tövsif etdiyi həmin vaxtlarda parlamentin sədri, Bişkek sazişinə imzasını qoymuş Rəsul Quliyev çıxışlarının birində Azərbaycanın Qarabağın dağlıq hissəsində yaşayan ermənilər üçün “Aland adaları modeli”ndə status təklif edə biləcəyini açıqladı. Sonra o, bir neçə dəfə bu təklifi təkrarən səsləndirərək Azərbaycan hökumətinin niyyətinin nə dərəcədə ciddi olduğu təsdiq etdi.
Fəqət dağlıq Qarabağı bütöv, aran Qarabağın isə böyük hissəsini, üstəlik Şərqi Zəngəzuru ələ keçirmiş ermənilər hərbi qələbənin doğurduğu ekstaz vəziyyətində bu söhbəti yaxın buraxmadılar. Halbuki Qarabağ münaqişəsinin bu cür həlli onlar üçün mavi-çəhrəyı yuxu kimi bir şey idi.
Çünki Aland adalarının statusu dünyada ən yüksək muxtariyyat statusudur.
Yeri gəlmişkən, prezident Heydər Əliyev də çıxışlarında dəfələrlə Qarabağda yaşayan ermənilərə “dünyadakı ən yüksək muxtariyyat statusu” təklif etdiyini bildirirdi.
Aland adaları (8 min civarında adadan ibarət arxipelaqdır) Baltik dənizində, İsveçlə Finlandiyanın arasındadır, tarixən İsveçə məxsus olub. Ancaq 1856-cı ildə İsveç-Rusiya müharibəsi ikincinin qələbəsi ilə başa çatanda adalar Rusiyaya keçib. Daha sonra, 1917-ci ildə Rusiya imperiyası süqut edəndə və Finlandiya müstəqillik qazananda Aland arxipelaqı Finlandiyaya qalıb. Adalarda yaşayan isveçlilər İsveçə birləşmək istəsələr də, Finlandiyanın dirəşməsi nəticəsində bu, mümkün olmayıb. Belə olanda Aland adalarına xüsusi status verilib.
İndi Aland adaları, demək olar ki, öz-özünü idarə edən yarımmüstəqil dövlətddir. Alandı yerli parlament idarə edir. Aland parlamentinin hüquqi səlahiyyətləri təhsil və mədəniyyəti, səhiyyə və iqtisadiyyatı, nəqliyyatı, kommunal təsərrüfatı, polisi, poçtu, radio və televiziyanı əhatə edir. Bu sahələr üzrə Alandın suveren dövlət səlahiyyətləri var. Qalan qanunvericilik səlahiyyətlərinin hamısı - xarici siyasət, mülki məcəllənin əsas hissəsi, məhkəmə və cinayət hüququ, gömrük və pul dövriyyəsi Finlandiyanın preroqatividir.
Aland əhalisinin mənafeyini qorumaq üçün Finlandiya parlamentinə arxipelaqdan bir deputat seçilir. Adaların qubernatorunu yerli parlamentin razılığı ilə Finlandiya prezidenti təyin edir.
Bir sözlə, bu arxipelaq həm İsveçindir, həm də Finlandiyanındır. Münaqişəsiz, sakit bir yerdir. Alandlılar eyni vaxtda həm də Finlandiya vətəndaşlarıdır. Ancaq onlar Finlandiya ordusunda xidmət etmək mükəlləfiyyətindən azaddır. Adalarda hərbi hissə yerləşdirmək və hərbi qurğular qoymaq olmaz.
Aland Skandinaviya ölkələri ilə birbaşa əməkdaşlıq edə bilir. Skandinaviya ölkələri Nazirlər Şurasının işində Aland hökuməti də iştirak edir.
Bax, ermənilər belə bir statusdan imtina etdilər, heç bu barədə müzakirə də aparmadılar, orta əsrlərdə imiş kimi, “bu yerləri qan tökərək tutmuşuq, bizimdir, vəssalam” dedilər. Sonrakı illərdə də Ermənistan hakimiyyəti azı yüz dəfə nümayiş etdirdi ki, heç bir danışığın xeyri olmayacaq, işğal altındakı ərazini xoşluqla boşaltmayacaq.
Ancaq gün gəldi, geosiyasi vəziyyət dəyişdi, Ermənistan 28 il əvvəl qapıldığı eyforiya içində qəhrəmanlıq dastanları yaradarkən, Azərbaycan da yavaş-yavaş ordu yaratdı, Ermənistan müttəfiqlərinə şıllaq atarkən, Azərbaycan öz müttəfiqlərinin sırasını genişlətdi. Nəticədə I Qarabağ münaqişə-müharibəsi 6 il (1988-1994) çəkmişdisə, II Qarabağ ay yarım çəkdi.
2020-ci ilin payızında Ermənistan işğal etdiyi rayonların çoxunu itirdikdən sonra, yerdə qalan 3 rayonu da xoşluqla tərk etməyə məcbur olanda ermənilər artıq “Aland adaları statusu”nun əlçatmaz olduğunu anladılar. Azərbaycanın dövlət başçısı təkrar-təkrar “heç bir status verilməyəcək” deyərkən, ermənilər yenə də arxayın idilər ki. xarici havadarlarının köməyi ilə heç olmasa “Kosovo statusu” əldə edə biləcəklər.
Məlum olduğu kimi, Kosovo 2008-ci il fevralın 17-də öz müstəqilliyini elan edib. Serbiya hökumətinin bu bölgədə qətliamlar həyata keçirməsi, genosid siyasəti yeritməsi ona gətirib çıxarmışdı ki, Avropa dövlətləri Kosovonun alban xalqını xilas etmək üçün 2 milyon əhaliyə malik bölgənin öz milli dövlətini qurmasına razılıq vermiş, onu müdafiə etmişdilər.
Hazırda Kosovonun müstəqilliyini BMT-nin üzvü olan 193 dövlətdən 101-i tanıyır. Bunların içində NATO-ya üzv ölkələr və İslam Əməkdaşlıq Təşkilatının 33 ölkəsi də var. Serbiya və Rusiya Kosovonun müstəqilliyini tanımır. Azərbaycan isə sırf “de-qe-er” probleminə görə Kosovonun müstəqilliyini tanıya bilmədi.
Ancaq 2023-cü ilin sentyabrında Azərbaycanın güc strukturlarının keçirdiyi 1 günlük lokal anti-terror əməliyyatı ermənilərin bu planını da puça çıxardı. Ermənistan rəhbərliyinin hansısa uzaqgedən mülahizələrə əsaslanaraq erməni əhalisini Qarabağdan təxliyə etməsi bölgədə yeni reallıq yaratdı. Halbuki Xankəndi və ətrafdakı yaşayış məntəqələrində yaşayan erməniləri kütləvi qətliam gözləmirdi, Azərbaycan dövləti əhalinin təhlükəsizliiyinə təminat verirdi. Ən uzağı Azərbaycan dövlətinə güllə atmış şəxslər aşkarlanacaq, məsuliyyətə cəlb ediləcək və onlara amnistiya elan olunacaqdı.
İndi ara-sıra ermənilərin yenidən Qarabağa qaytarılmasına dair söhbətlər baş qaldırır. Bu variant üzərində ABŞ və Avropa dövlətləri, eləcə də Rusiya çalışır. Ancaq bu, elə də asan həll olunası məsələ deyil. Ermənilər Azərbaycan torpağını tərk etdikləri kimi, azərbaycanlılar da vaxtilə Ermənistan ərazisini tərk ediblər. Qayıtmaqdırsa, hamısı qayıtmalıdır, status verilməlidirsə, hər iki icmaya status verilməlidir.
Erməni siyasilər gərək vaxtında ağıllı olaydılar, onlara “Aland adaları statusu” təklif olunmuş, “dünyadakı ən yüksək muxtariyyat statusu” vəd edilmişdi.
Araz Altaylı, Musavat.com