Akif Nağı: “Slovakiyanın quruculuq prosesinə qoşulmasını alqışlayırıq”
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Qarabağa “Böyük Qayıdış” planı uğurla həyata keçirilir. Son olaraq, sentyabrın 11-də Füzuli şəhərinə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3" yaşayış kompleksindən yola salınıb.
Füzuli şəhərinə köçürülən ailələrə mənzillərin açarlarını Qarabağ İqtisadi Rayonuna daxil olan İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov təqdim edib.
“2026-cı ilə qədər Kəlbəcərə 13 000 əhali köçürüləcək”.
Bunu ötən həftə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.
“Cənab Prezident tərəfindən 3 kəndin, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, orta məktəbin, İşğal və Zəfər muzeylərinin də təməli qoyulub. Əlavə olaraq, Dövlət Şəhərsalma Arxitekturası tərəfindən İstisu qəsəbəsinin və əlavə 7 kəndin də ərazi planlaşdırma sənədlərinin hazırlanmasına başlanılıb. 2024-cü ildə 4 kəndin də ərazi planlaşdırma sənədlərinin hazırlanmasına başlanılacaq. Ümumilikdə 2026-cı ilədək 15 yaşayış məntəqəsi - bir şəhər, bir qəsəbə və 13 kənd olmaqla - bərpası, həmçinin 3500 mənzilin tikintisi nəzərdə tutulub. Bunun 1500-ü Kəlbəcər şəhərində, 2000-i isə digər ərazilərdə tikiləcək. Gələn ildən başlayaraq, 2026-cı ilə qədər Kəlbəcər şəhərinə 5000-dən çox əhali, digər ərazilərə isə 8000-ə qədər əhalinin köçürülməsi nəzərdə tutulub”, - o əlavə edib.
Ağdamın Baş Qərvənd kəndində Slovakiya tərəfindən “Ağıllı kənd” layihəsi həyata keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib.
Slovakiya nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə səfər edəcəyi məmnunluqla qeyd olunub və bunun həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağı bildirilib.
Əslən Ağdamdan olan, Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, bərpa və quruculuq işləri geniş ərazini əhatə edir:
“Azərbaycan rəhbərliyi həm ermənilərin və havadarlarının son müqavimətini sındırmaq, həm də həddindən artıq böyük ərazidə dəhşətli dağıntılardan sonra bərpa işlərini həyata keçirmək zorundadır. İstənilən böyük dövlətlər üçün də bu çox çətin vəzifədir. Hər özündən deyən dövlət bu işlərin öhdəsindən gələ bilməzdi. Amma bizdə şükürlər olsun ki, bütün cəbhə boyu işlər qaydasında gedir, köçün miqyası getdikcə genişlənir. Belə görünür ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının mərkəzində Ağdam dayanacaq. Bu da normal və məntiqli yanaşmadır, iqtisadi cəhətdən də sərfəlidir. Ağdam əvvəllər də, o cümlədən, xanlıq, "sovet" dönəmlərində regionun iqtisadi-ticari, həmçinin ictimai-siyasi mərkəzi olub. Ağdamda bu gün hərtərəfli quruculuq işləri gedir, yaşayış və istehsal binaları tikilir, yollar çəkilir, infrastruktur müasir tələblərə uyğun şəkildə qurulur, ən vacibi isə dəmir yolunun Ağdama qədər hissəsi artıq istifadəyə verilib. İndi “ağıllı kənd”lərin də inşasına başlayırlarsa, deməli, yaxın vaxtlarda ciddi nəticələr əldə olunacaq. Bütün bunlarla yanaşı, bəzi məqamların nəzərə alınmasını da istəyirik. İnsanlar həvəslə geri dönür, öz yurdlarında yaşamağa başlayırlar. Lakin bu, əks proseslərə, insanların məyus olmasına gətirməməlidir. Bunun üçün əvvəlcədən iş və məşğuliyyət yerləri təmin edilməlidir. İşləmək istəyənlərə fərqli variantlar təqdim olunmalıdır. Təsərrüfatla məşğul olmaq istəyənlərə uyğun, güzəştli şərait yaradılmalı, kredit və sairlə dəstək verilməlidir. İnsanlar yaşayış şəraitindən narazı qalmamalıdırlar. İşıq, su, qaz və digər təminatlar keyfiyyətli və fasiləsiz olmalıdır. Ən vacib məsələ qəbiristanlıqların təcili bərpa olunması ilə bağlıdır. Öz yurdlarına köçənlər, yaxud hələ köçməyənlər dünyasını dəyişən yaxınlarını öz qəbiristanlığında dəfn edə bilməlidir. Qəbiristanlıq yurd, hətta vətən anlayışının bir hissəsidir. Bunu hər kəs anlamalıdır. Başqa bir məsələ, kəndlərin necə bərpa olunacağıdır. Burada kənd sakinlərinin fikri nəzərə alınmalıdır. Bir də bərpa işlərinin sürətinin artırılması vacibdir. Bununla bağlı çətinlikləri başa düşürük, amma forması tapılmalıdır. Slovakiyanın bir Avropa dövləti olaraq bu prosesə qoşulmasını alqışlayırıq, digər dövlətlərin, dünyanın başqa qütblərinin, o cümlədən Çin, Yaponiya kimi dövlətlərin də iştirakı yaxşı olardı".
Cavanşir ABBASLI,
Musavat.com