Akif Çovdarovun oğlu “ölkə dustağı”na çevrildi – SƏBƏB

Bakı Kommersiya Məhkəməsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv edilib) keçmiş idarə rəisi Akif Çovdarovun oğlu Ruslan Çovdarova qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, iddia təmin edilib, yəni Ruslan Çovdarovun ölkədən çıxışına “stop” qoyulub. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Ruslan Çovdarovu məhkəməyə verib. İcra orqanının rəhbəri Ruslan Çovdarova qarşı xüsusi icraat - vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) barədə tələb irəli sürüb.  

MEHKEME SON.jpg (66 KB)

Yada salaq ki, Ruslan Çovdarov atası vəzifədə olduğu dövrdə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində sektor müdiri işləyib. 2015-ci ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan dərhal sonra o zaman MTN rəhbərliyində olanların bir çoxu kimi Akif Çovdarovun da adı “qara siyahı”ya düşüb. Qısa müddətdə özləri və yaxınları, yaxın ətrafları da çətin günlərin başladığını hiss etməyə başlayıblar. Həmin vaxt Milli Məclisdə qısa müddətdə sektor müdiri vəzifəsinə qədər yüksələn Ruslan Çovdarovun da fəaliyyəti təftiş edilib, işdə yol verdiyi davamiyyətsizliyə görə töhmət elan ediblər. 2015-ci il oktyabrın 20-də töhmət elan olunan Ruslan Çovdarovu 8 gün sonra öz ərizəsi ilə işdən azad ediblər. 1 ay sonra isə atası tutduğu vəzifəsindən azad olunub və həbs edilib. Akif Çovdarovun özü ilə yanaşı yaxın ətrafı, oğlu Ruslan Çovdarov da istintaqa cəlb olunublar. Məsələn, Ruslan Çovdarov “Kürdəmir epizodu” üzrə istintaqa ifadə verib. Ruslan Çovdarov istintaqa deyib ki, 2006-cı ildə yaradılan “RAF 2006” MMC-nin təsisçilərindən biri olub.

Mətbuatda yayılan həmin ifadəsində Ruslan Çovdarov bunları deyib: “Məndən başqa Fəttah Seyidov, soyadını bilmədiyim Ramiz adlı şəxs də təsisçi idi. Fəttah Seyidov əslən gürcüstanlıdır, atamla cavanlıq vaxtlarından dostluq ediblər. Ramiz də gürcüstanlıdır, o da atamla yaxın dost olub. Bu firma Fəttah Seyidov tərəfindən yaradılıb. Firmanın yaradılma səbəbi və fəaliyyət istiqaməti kənd təsərrüfatı, əsasən Kürdəmir rayonu ərazisində boş qalmış və istifadəsiz bələdiyyə torpaqlarında balıqçılıq təsərrüfatı yaratmaq və inkişaf etdirmək idi. “RAF 2006” MMC-in ofisi Bakıda olsa da, dəqiq harada yerləşdiyini bilmirəm. Firmanın işləri ilə əlaqədar təxminən 10-15 min dolları pul verdim, lakin sonradan bütün işləri Fəttah Seyidov gördü. O, 2008-ci ildə “Dəmirbank”dan 95 min dollar kredit götürüb təsərrüfatın inkişafına yönəltdi. Balıqçılıq təsərrüfatı yaradılması üçün torpaq sahəsini isə Ramiz tapdı. Mən orada cəmi 2-3 dəfə olmuşam. Bundan başqa 2006-cı ildə “Bozalt” MMC-ni təsis etdim. Bu firma Siyəzən rayonu ərazisində qum-çınqıl karyerləri açaraq fəaliyyət göstərdi. Təsisçi olsam da, firmanın fəaliyyətindən tam məlumatsız idim, sadəcə sənəd üzərində adım yazılmışdı, heç bir qazanc da götürməmişəm. Bu işlə Fəttah Seyidovun kürəkəni Rəşad məşğul olurdu. Heç vaxt həmin daş karyerlərinə getməmişəm. Bildiyimə görə 2007-ci ildə “Bozalt” MMC fəaliyyətini dayandırdı, “RAF 2006” MMC isə hələ də fəaliyyət göstərir. Bunlardan başqa təsisçisi olduğu heç bir hüquqi şəxs, firma yoxdur”.

Ruslan Çovdarovun ifadə verdiyi epizod üzrə atası Akif Çovdarova ittiham verilmişdi. Akif Çovdarov Kürdəmir rayonunda 69 hektar torpaq sahəsi alıb, həmin sahədə yerləşən yeməkxananı da ələ keçirmək istəyib. Lakin onun sahibi bundan imtina edib. Əvəzində isə Akif Çovdarov yeməkxanaya gedən yolu çəpərlətdirib və 7 il faktiki mühasirədə saxlayıb.

AKİF.jpg (48 KB)

Ruslan Çovdarov atasının həbsindən sonra “Yeni Müsavat” geniş müsahibə vermişdi. O, biri dövlətin verdiyi olmaqla 2 evlərinin və 1 də bağ evlərinin olduğunu demişdi.

Lakin istintaq zamanı Çovdarovların çox böyük varidata sahib olduqları bəlli olmuşdu. Məhkəmə hökmü ilə həmin varidata sahiblənmək üçün Akif Çovdarovun vəzifəsindən sui-istifadə etməklə çeşidli cinayətlər törətdiyi əksini tapıb.

Qeyd edək ki, Akif Çovdarov Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu. Akif Çovdarov Bakı Hərbi Məhkəməsinin hökmü ilə ittiham üzrə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmə əsasən, Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə xüsusi qərar da çıxarmış və icra olunmuşdu. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Akif Çovdarovun barəsindəki hökmdən özü ilə yanaşı ailə üzvləri - oğlu Ruslan Çovdarov, qızları Aidə Qasımova, Günay Əmircanova və yoldaşı İbadət Çovdarova kassasiya şikayəti vermişdilər. Onlar əmlaklarının üzərindən həbsin götürülməsini istəyirdilər.  Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların kasasiya şikayətləri təmin edilməmişdi. Ali Məhkəmədə də həmin qərar qüvvədə saxlanılmışdı.

2020-ci ildə imzalanmış “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla Akif Çovdarov azadlığa buraxılıb.

İndi isə Ruslan Çovdarov “ölkə dustağı”na çevrilib.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

04.11.2023 14:51
2797