Avropa Komissiyası (AK) Gürcüstanın siyasi kursunun dəyişdirilməsini tələb edərək, rəsmi Tiflis ilə Avropa İttifaqına (Aİ) qəbulla bağlı danışıqlara başlamaq üçün tövsiyə verməkdən yayınıb.
“Report” xəbər verir ki, bu barədə bəyanat AK-nın namizəd ölkələrin Aİ-yə gedən yolda genişlənməsi və tərəqqisinə dair Brüsseldə dərc olunan illik hesabatında yer alıb.
“Əgər Gürcüstan Aİ-yə gedən yolunu sarsıdan kursunu dəyişməsə və islahatların həyata keçirilməsində Aİ-nin narahatlıqlarına cavab vermək üçün aydın səylər nümayiş etdirməsə, AK Gürcüstan ilə danışıqlara başlamaq tövsiyəsini nəzərdən keçirmək iqtidarında olmayacaq”, - sənəddə deyilir.
AK-nin tövsiyəsi namizəd ölkənin qəbulu üçün danışıqlara başlamaq məsələsində əsas addımdır.
AK-dan vurğulanıb ki, Gürcüstan xarici siyasət üzrə Aİ qərarlarının cəmi 49 %-ni yerinə yetirir və bu göstəriciyə görə 10 namizəd dövlət arasında sondan əvvəlki yeri tutur.