Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva məzun olub. O, İngiltərənin nüfuzlu universitetlərindən olan “Warwick Business School”un magistr pilləsini başa vurub.
“Qafqazinfo” xəbər verir ki, AzEdu.az təhsil portalı Gülnarə Mirzəyeva ilə əlaqə saxlayıb, xarici ölkəyə adaptasiya dövründən, təəssüratlarından və gələcək hədəflərindən danışıb.
- İngiltərədə öz hesabınıza, yoxsa dövlət hesabına təhsil almısınız?
- Mən İngiltərəyə Elm və Təhsil Nazirliyi tərəfindən nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə getdim. Yəni yaşayış və təhsil xərclərim dövlət tərəfindən qarşılanıb. Düşünürəm ki, xaricdə təhsil almaq mənim üçün müəyyən qədər faydalı oldu.
- Xarici ölkəyə ilk səfəriniz idi?
- Bəli.
- Özünüzü necə hiss edirdiniz? İngiltərədə təhsil alacağınızı bildikdə hansı hissləri keçirdiniz?
- Tamamilə başqa bir dünyaya köçmüş kimi hiss edirdim. Çünki yaşadığın mühitin, hər gün gördüyün insanların çox fərqli olduğunu müşahidə edirsən və yeni-yeni insanlar tanımağa başlayırsan. Hər bir insanın müxtəlif dünyagörüşə sahib olması insanda maraq hissi oyadır.
Təbii ki bu xəbəri eşidən zaman sevincimin həddi-hüdudu yox idi. İlk növbədə bunu ailəmlə bölüşdüm. İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çox çalışması və həmin məqsədə çatması inanılmaz dərəcədə möhtəşəmdir. Hər kim ki, bunun arzusundadır, ümid edirəm, ona nail olar. Əgər insan qarşısına məqsəd qoyubsa, edə bilməyəcəyi heç nə yoxdur.
- Bəzi insanlar üçün ailədən uzaqlaşıb yad bir ölkəyə getmək çətin olur. Hətta deyərdim ki, buna daha çox qızlarda rast gəlirik. Maraqlıdır, siz xaricdə təhsil almağı necə qərarlaşdırdınız? Ailədən uzaqlaşmaq sizə çətin olmadı?
- Tələbəlik dövründə bu qərara gəldim. Hətta onu da qeyd edim ki, bakalavr təhsilimi də xaricdə almaq istəyirdim. Ancaq bəzi səbəblərdən bu istəyim baş tutmadı. Ona görə də qarşıma məqsəd qoydum ki, magistr təhsilimi mütləq xaricdə alacam.
Az öncə də qeyd etdiyim kimi, bu, mənim ailəmdən uzaq ilk səfərim idi. Ona görə mənə ilk vaxtlar çətinlik yaratdı. Təbii ki İngiltərədə olduğum müddətdə ailəmlə tez-tez əlaqə saxlayıb təcrübələrimi bölüşürdüm. Lakin daha sonra həmin mühitə adaptasiya olmağı bacardım.
- Tələbəlik illərinizi necə xatırlayırsınız?
- Həmin illər mənim üçün olduqca maraqlı idi. Hər semestr tələbə yoldaşlarımla birgə universitetin həyətində qruplarla işləyirdik. Düşünürəm ki, əldə etdiyim təcrübələr gələcək işimdə mənə çox böyük yardımçı olacaq.
- Təhsilə önəm verdiyiniz bəllidir. Bu sizə ailədən aşılanıb, yoxsa özünüz daima inkişafda olmağı seçmisiniz?
- Ailə kiçik bir cəmiyyətdir. Buna görə də hesab edirəm ki, bir uşaq hər şeyi ailədən öyrənir. Yəni bu qədər çalışmağımın, uğurlarımın böyük bir hissəsini ailəmə borcluyam. Atamın, anamın dəstəyi və köməyi olmadan bu nöqtəyə gələ bilməzdim. Həm mənəvi dəstək olmaları, həm də hər zaman mənə inanmaları təbii ki stimul verirdi.
- Heç olubmu ki, oxumaqdan, nələrisə öyrənməkdən yorulmusunuz?
- Məncə, hər bir oxuyan insan bu yoldan keçir. Mən bakalavr təhsilini bitirən kimi magistraturaya qəbul oldum. Fasilə vermədiyim üçün bir az çətinliklərim oldu. Amma heç peşman deyiləm.
- Uğur qazanmaq, vətənə faydalı olmaq üçün həmyaşıdlarınıza nə kimi tövsiyələriniz var?
- Hər şey insanın özündən başlayır. İnsan özünə inandığı müddətcə məqsədyönümlü olmağı bacarmalıdır. Həyatda hər birimizin çətinlikləri olur. Lakin bu çətinliklər heç də məqsədlərimizin həyata keçməsinə maneə törətməməlidir.
- Gələcək karyeranız üçün ən böyük hədəfiniz nədir?
- İxtisasım üzrə yaxşı bir peşə sahibi olmaq istəyirəm. Bunun üçün əlimdən gələni əsirgəməyəcəm.
Qeyd edək ki, Gülnarə Mirzəyeva 2018-ci ildə 500 bal toplayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti iqtisadiyyat fakültəsinin sənayenin təşkili və idarə olunması ixtisası üzrə təhsil alıb.