Ailələrə sızan təhlükə: Yeganə çıxış yolu budur...

“Ailə müqəddəsdir, onun sağlam, bünövrəli və xoşbəxt olması cəmiyyət və dövlətin möhkəmliyi üçün əsasdır. Lakin bizim cəmiyyətimizdə ailə institutuna yüklənən bir çox kodlamalar da illər uzunu və bu günə kimi bir çox ailələrdə öz sözünü hələ də deməkdədir. Sən etməlisən, borclusan, dözməlisən, ailən olmasa, cəmiyyət içində hörmətsiz və lazımsızsan kimi kimi kodlamalar bir çox insanların sevmədiyi, istəmədiyi, aşağılandığı və məcbur olduğu şeylərə dözməsi müasir cəmiyyətdə insan haqlarının qorunması və müdafiəsindən və psixologiyanın inkişafından vüsət alaraq partlayış yaratdı”.

Bu fikirləri psixoloq İlhamə Mustafayeva “Yeni Sabah”a açıqlayıb. Cəmiyyətdəki boşanmaların uzunmüddətli evliliklərə də yansıdığına toxunan ekspert vurğulayıb ki, bu gün boşanan ailələr sağlam dediyimiz o ailələrin övladlarıdır:

“Əgər o ailələr doğrudan da sağlam olsaydılar, bu gün uşaqları şüuraltı olaraq öz açıq qalmış geştaltlarını (Geştalt-terapiya humanistik dəyərləri ön plana çəkən,insanların keçmişdəki yox,bu andakı duyğu və davranışlarına diqqəti yönləndirən bir terapiya texnikası) bağlamağa məhkum olmazdılar. Təbii ki xoşbəxt ailələr hər cəmiyyətdə olmuşdur və olacaq. Gənclərin bu gün ailədə dözümsüzlük göstərməsinin səbəbi və yaxud evlənməmələrinin bir səbəbi də onların öz ailələrində,yaxınlarının ailələrində gördükləri xoşagəlməz hallarla bağlıdır.

Bu onlarda çəkingən davranışlar yaradır, “mən də travma almamış, üzülməmiş, uşaqlarım buna şahid olmamış” deyə boşanmağın çıxış yolu olduğunu düşünürlər. Ədalətsizlik bir gün üsyana məruz qalır və bu gün biz o üsyanı görürük. İnsanın psixoloji olaraq özünü dəyərli və lazımlı hiss etməsi onun emosional tələbatlarından irəli gəlir. Bu tələbatlar ödənməyəndə ya həkim, ya da hakim qarşısında oturmalı olursan. Bizim əvvəlki insanların qatı psixoloji kodlamalarından dolayı, qonşunun, cəmiyyətin bir çox hissəsinin eyni vəziyyətdə olmasından ,böyüklərin basqısından dolayı və s. o vaxtki gənclər daha çox dözüm göstərirdilər. Lakin bu gün yaşlı nəslin nümayəndələri arasında da boşanma halları var. Bu daha da çox olardı, lakin insanlar uzun müddət bir yerdə əldə etdiklərini itirməmək üçün və mənəvi psixoloji kodlamalardan dolayı yenə də dözməyi seçirlər. Həmin addımı atmaq əziyyətlərinin üstündən xətt çəkmək kimidir. İnsan bunu asanlıqla edə bilmir. Çünki bu psixoloji faktorlarla əlaqədardır. O zaman ,enerji və maddiyyat ayırdığı şeylərdən asanlıqla əl çəkə bilmir. Bu günki cəmiyyətdə gənclərin dözümsüzlük göstərməsinin bir səbəbi də onlara hər şeyin hazır verilməsidir. Əvvəlki gənclər mənzil, avtomobil almaq üçün uzun müddət bir yerdə çaba göstərirdilər. O zaman onlar zaman olaraq da məşğul idilər, bir yerdə məqsədləri çox idi və bu məqsədi onlar bir yerdə yaradıb bir yerdə gedirdilər. İndikilər isə daha çox günlərinin bir yerdə xoş keçirmək və səyahət arzularında və məqsədlərində olduğu üçün onların ittifaqı adi bir zərbədən, mənasız bir şeydən qırıla bilir”.

Psixoloq digər bir məsələnin də əsas səbəb olduğunu qeyd edib:

“Bu gün qadın öz ailəsinin xərclərini özü çəkə bildiyi və uşaqlarına özü baxdığı üçün kimsəyə dözmək istəmir. İnsanlar əvvəlki cəmiyyətdə daha çox kollektiv xoşbəxtliyə yönlü idilər, Onlar belə öyrənmişdilər. Çünki, cəmiyyətin, ailələrin dağılmaması, möhkəm olması üçün bir fərd olaraq öz hüzur və istəklərini qurban verirdilər. İndiki cəmiyyət isə insanları daha çox bir fərd olaraq xoşbəxtliyə səsləyir, bir fərd olaraq xoşbəxt olmaq həm uşaqların xoşbəxtliyi üçün, həm də cəmiyyətin məhsuldarlığı üçün əsas sayılır.

Gənclərin dözümsüzlük və məsuliyyət ala bilməməsi də əsas səbəblərdən biridir Dediyim kimi, indi bir çox gənclər hazıra nazir olduqları üçün onlar valideynlər olmadan özlərini aciz hiss edirlər. Atasının nazlı qızına heç kim heç nə deyə bilməz və anasının ərkəsöyün oğlu məsuliyyət ala bilmədiyi üçün də gənclər dözümsüzlük göstərirlər. Düşünürəm ki, əvvəlki nəsil daha çox öz basdırılmış arzularından və qırılmış özgüvənindən dolayı, indiki gənclər isə daha çox məsuliyyət ala bilmədikləri və psixoloji yetişkən olmadıqları üçün boşanmaların sayı artır. Əvvəlki nəsil daha çox cəmiyyət yönümlü, kollektiv yönümlü idilərsə, indikilər də daha çox narsist yönümlüdürlər. Balans olmadıqda hər iki halda da partlayış yaranır. Əsas olan bu balansı tutmaq, qatı mən və biz prizmasından çıxıb istək və öhdəlikləri uzlaşdırmaqdır”.

19.10.2024 21:40
1071