Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, Çingiz Mehdiyev “Formula 1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilir.
O, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri olub. Əməliyyat Şirkətinin icraçı direktoru mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimov olub. Çingiz Mehdiyev isə onun sağ əli olub.
Prosesdə Çingiz Mehdiyev sərbəst ifadə verib. Deyib ki, “Formula 1” üzrə peşəkar kadrdır, məhz bu səbəbdən onu beynəlxalq yarışların keçirilməsində irəli çəkiblər. Bu təklif isə ona mərhum gənclər və idman naziri Azad Rəhimovdan gəlib. Müttəhim deyib ki, bu təklifə kimi məqsədi Azərbaycanda pilotlar üçün akademiya yaratmaq olub.
Nazirlə görüşə gətirdiyi layihə də bu haqda olub:
“Mən işə başlayan vaxt “Formula 1”in başlamasına az qalmışdı. Londonda yerləşən baş ofis də bizi tələsdirirdi. Bu səbəbdən bəzi işlər tez görülməli idi. Arif Rəhimov dedi ki, bizim əsas çətinliyimiz xüsusi məhsulların alınmasıdır. Ən çətin məsələ də o idi ki, “Formula 1” ilə bağlı ölkəmizdə ixtisaslaşmış şirkət yox idi. Xaricdən də ekspertlər cəlb etmək baha başa gəlirdi. Verilən əsas tapşırıq da əlaqələr qurulmasını təşkil etmək oldu. Amerikada böyük maliyyə təşkilatlarında və banklarda işləmişəm, London, Paris kimi böyük şəhərlərdə təlimlər təşkil etmişəm. Buna görə də bir az təcrübəli idim. Burada da 1 nömrəli əmrlə işə götürüldüm. Mən işə başlayanda Arif Rəhimov məhsulların satın alınmasını Zaur Məlikaslanova tapşırmışdı. Bütün zəruri məhsulların alınması üçün isə 90 milyon manat pul ayrılmışdı”.
Müttəhim deyib ki, xarici şirkətlərlə müqaviləni işin tez həll olunması üçün bağlayıb. Yəni məqsəd xarici ölkələrdəki şirkətlərə pul köçürüb mənimsəmək olmayıb:
“Məqsədimiz gəlir əldə etmək deyil, ölkəmizin uğuru idi”.
Çingiz Mehdiyev həyat yoldaşı Nərminə Ələkbərovanın istintaqa dediyi “Çingiz ofşor şirkətlərə köçürdüyü pulları mənimsəyib. Həmin pulların bir qisminə Amerikada qardaşının adına evlər alıb” fikirlərə də aydınlıq gətirib.
Ç.Mehdiyev iddia edib ki, arvadının əsassız ifadəsi əsasında ona ittiham verilib:
“Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı. Mən avadanlıqları ölkəyə gətirənə kimi əziyyət çəkmişəm. Təsəvvür edin, bəzi mallar bir gün yolda saxlanılsaydı, nə olardı?! Mən bu müddətdə bütün saçlarımı itirdim. Prokurorluğun hesabladığı 389 min manat yeyinti ilə də razı deyiləm. Hesablama necə aparılıb, hesablama aparan mütəxəssis “Formula 1” üçün müəyyən etdiyi xüsusi malların dəyərini necə müəyyən etdi, qiymətlər necə təhlil edildi? Prokurorluq niyə ekspertiza rəyini nəzərə almayıb? Orada xüsusilə bizə lazım olan malların qiymətləndirilməsinin çətin olduğu açıq yazılıb. Ədliyyə ekspertizası da rəy verib ki, bu mallar spesifik olduğundan qiymətləndirilməsi çox çətindir. Prokurorluq 101 min manat fərq müəyyən edib. Lakin fərqi müəyyən edərkən şirkətin saxlanma xərcləri, işçi xərcləri, bank və digər xərclər nəzərə alınmayıb”.
İttihama görə, Çingiz Mehdiyev İdman Nazirliyi vasitəsi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə ayrılmış 397 min 852 manat 82 qəpik vəsaiti mənimsəyib. Bundan başqa, Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-ın “Bank of Amerika” bankındakı hesabına 1 milyon 436 min 735 manat 18 qəpik köçürməklə leqallaşdırıb. İttihamda 2016-2018-ci illərdə “Formula 1” yarışlarının təşkilində 397 min manatdan artıq vəsaitin yeyintisindən bəhs olunur. İstintaqın qənaətinə görə, yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə təqsirləndirilir. Ona həm də cinayət yoluyla əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib. Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb. Yarışların təşkili üçün avadanlıqların alınması, xidmətlərin göstərilməsi adıyla anasının şirkəti, sürücüsüylə müqavilələr bağlanıb.
Növbəti proses iyunun 2-də keçiriləcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com