Ailə sirləri efirə çıxa bilərmi? - yazılan və yazılmayan qanunların ziddiyyəti

Yerli telekanallarda yayımlanan bir çox sosial verilişlərlə bağlı yenə də narazılıqlar səngimək bilmir. Əsasən də ailə-məişət məsələləri ilə bağlı qeyri-etik söhbətlər, müzakirələr efirlərdə yayımlanmaqdadır.

Belə ki, bugünlərdə müğənni Nüşabə Musayeva ATV-də “Bizimləsən” verilişində doğma xalası haqda şok açıqlamalar verib, canlı efir zamanı atasının anasına xalası ilə xəyanət etdiyini söyləyib. Verilişin növbəti buraxılışında isə Nüşabə Musayeva xalası ilə üz-üzə gələrkən, xalası deyilənlərin tamamilə yalan olduğunu bildirib, canlı efirdə Nüşabəni ögey atası ilə birgə gördüyünü iddia edib. Bu biabırçılıqdan iki gün sonra isə aktyor Müşviq Şahverdiyevlə ATV-də yayımlanan “Rəngarəng səhər” proqramının aparıcısı Zaur Nəbioğlu arasında qalmaqal yaşanıb. Aparıcı onu verilişə dəvət eləsə də aktyor gəlməyib. Bu səbəbə Zaur Nəbioğlu onun haqqında sərt sözlər işlədib. Müşviq Şahverdiyev isə aparıcının onun haqqında dediyi sözlərə belə reaksiya verib: “Birinci dedim ki, vaxtla bağlı problemim var. Evə vaxtında gedə, özümə zaman ayıra bilmirəm. Elə səviyyədəyik ki, hər addımımıza fikir verməliyik. Bəzi verilişlər olur ki, aparıcısı, qoyduğu sual ürəyimcə olmur. Həmin verilişdə olmaq istəmirəm. Heç kimin ailə həyatına qarışmıram. Adi xəbər oxuyanda belə, kimsə evləndi, ayrıldı üstündən keçirəm. Girib içinə oxuyanda, öz həyatını yaşamırsan. Qardaş, kiminsə həyatını müzakirə etmək olmaz, öz ailənə bax. Mən niyə ailə məsələmi efirdə danışmalıyam? Elə verilişlərdən bu tipli mövzulara görə imtina edirəm. Oradakı aparıcıların məntiqsiz sualına görə getmirəm. Özümə hörmət edirəm. Arvad kimi efirdə danışmaram... Kişi kişi ilə camaat qarşısında danışmaz. Qeybət xanıma aiddir, kişi ilə kişi danışar, nəyinsə səbəbini öyrənər”.  Qeyd edək ki, Müşviqin həyat yoldaşı Aynurə ilə ayrılma xəbərindən sonra Zaur onu proqrama dəvət etmiş, qarşı tərəf isə söz versə də, getməmişdi.

Qeyd etmək yerinə düşər ki, yalnız bu faktlar deyil, zaman-zaman televiziyalarda bu kimi müzakirələrin aparıldığının şahidiyik.

Bəs şəxsi həyatı efirə çıxarmaq nə dərəcədə doğrudur? Qanun nə deyir? Qanundan əlavə, müsəlman toplum olaraq bizim axı cəmiyyətin yazılmayan qanunları, mentalitetimiz var. Bir insanın özəl həyatı onun iradəsi ziddinə ictimailəşə bilərmi?

Qulu Məhərrəmli kafedra müdiri seçildi

Qulu Məhərrəmli: “Televiziyalar yenə özlərini sərbəst hiss edirlər və...”

Televiziya tənqidçisi, BDU-nun professoru Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi. O dedi ki, hələ neçə il əvvəl ailə məsələlərinin, şəxsi problemlərin, ailədaxili münasibətlərin ekrana çıxarılması, müzakirə olunması barədə ciddi narazılıqlar var idi: “Hətta bununla bağlı Milli Məclisdə müzakirələr aparılırdı. Müəyyən müddət bunlara ara verilmişdi. Görünür, indi televiziyalar özlərini sərbəst hiss edirlər və bu mövzuları gündəmə çıxarırlar. Ekranda yenə ailə münasibətləri, şəxsi münasibətlər müzakirə predmetinə çevrilib. Təəssüf ki, bizim auditoriyanın da belə mövzulara marağı var. Xüsusilə də, bəlli bir kəsim bu mövzulara maraq göstərir. Maraq göstərməsələr, TV-lər reytinqləri bunun hesabına qazanmazdılar. Təbii ki, ailə münasibətləri də hansısa mövzuda müzakirə oluna bilər. Amma bunu məişət səviyyəsinə endirmək, şəxslər səviyyəsinə endirmək, ikrahdoğurucu bir formada, uyğun olmayan üslubda, ağlasığmayan rakurslardan müzakirə etmək yolverilməzdir. Fikrimcə, televiziya rəhbərləri, prodüserləri mövzuları seçəndə buna diqqət etməlidirlər. Təqribən 20 il olar ki, bu mövzu xüsusən özəl televiziyaların qarmağına keçirib auditoriyaya atdığı bir yemdir. Təəssüf ki, balıqlar da o yemlə qidalanırlar. Bunların şüuru, düşüncəsi çox əcaib bir mənzərə ortaya çıxarır. İnsanlar ailə dəyələri, mənəvi dəyərlərlə bağlı olan bir çox məsələlərin üstündən xətt çəkməyə hazırdırlar. Dəyərlərin üzərindən xətt çəkmək olmaz, çünki bizi bir millət olaraq saxlayan həmin o dəyərlərdir ki, onları göz bəbəyi kimi qorumalıyıq”.

Ələsgər Əhmədoğlu: "Dərhal məhkəməyə müraciət edin!" | | Xural qəzeti

Ələsgər Əhmədoğlu: “Bizdə tənzimləyici qurumlar yetərli deyil, ona görə...”

Hüquqşünas Ələsgər Əhmədoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, şəxsi həyatın qorunması konstitusion bir hüquqdur: “Düzdür, televiziyalara baxmıram. Ona görə orada nələrin baş verdiyini birbaşa deməyim çətindir. Amma konstitusiyanın 32-ci maddəsi birmənalı olaraq şəxsi həyata birbaşa olaraq qanunsuz müdaxilə, o cümlədən şəxslərin arzusu olmadan onlar haqda informasiyanın paylaşılması yasaq sayılır. Baxmayaraq ki, media azadlığı və ifadə azadlığı var, bunlar bir-biri ilə kəsişən hüquq olduğu üçün burada şəxsi həyat ictimai əhəmiyyət daşımadığı müddətdə ön plana çıxa bilməz. Bu toxunulmazdır. Bu birinci, konstitusion normadır. İkinci önəmli məsələ odur ki, 2022-ci ildə Azərbaycanda yeni media qanunu qəbul olundu. Həmin qanunun 14-cü maddəsinin 1.8-ci bəndində şəxsi, ailə həyatına aid sirr olan məlumatların yayılması bütün media subyektləri üçün qadağandır. Mediada dərc olunan informasiyalara dair tələblər bunu qadağan edir. Bu o deməkdir ki, televiziya və radio sahəsinə nəzarət edən Audiovizual Şura və eyni zamanda, dövlətin yayımla bağlı siyasətin  tənzimləyən MEDİA Agentliyi bununla bağlı qanunvericiliklə üzərinə düşənləri etməlidir. Audiovizual Şuranın lisenziya verilən qurumların qanunauyğun fəaliyyət göstərmələrinə nəzarət etmək öhdəliyi var. Əgər belə problemlər davam edirsə, cəmiyyətdə gizli şəkildə ictimai rezonans yaradırsa, insanların şərəf və ləyaqəti alçaldılırsa, onların işgüzar nüfuzunu ləkələyən əxlaqdan kənar leksik məzmunlu ifadələr işlənirsə, bu yolverilməz olduğu  üçün yayılmamalıdır. Həmin şəxslər inzibati qaydada məsuliyyət daşımalıdır. Bunu davamlı şəkildə etsələr, məsuliyyətə rəğmən prosesləri davam etdirsələr, o zaman onların lisensiyasının da əllərindən alınması üçün baxıla bilir. Hesab edirəm ki, bizdə tənzimləyici qurumlar yetərli deyil. Təəssüf ki, bəzi televiziyalar özlərini toxunulmaz hesab edir. Xüsusən də bu tip qurşaqdan aşağı mövzular olanda, ictimai əhəmiyyət daşımayan, amma ciddi şəkildə hansısa reytinq xətrinə yaradılan verilişlər vətəndaşların konstitusion haqlarını pozur. Hüquq-mühafizə orqanları bununla bağlı o zaman tədbir görə bilir ki, şəxs şikayət etsin. Yəqin ki, şəxslər də hüquqlarını yaxşı bilmədiyi üçün bu prosesi məhkəmələrə daşımırlar”.

Afaq MİRAYİQ,

“Yeni Müsavat”

17.10.2023 08:13
1015