Psixoloq: “Harada pul ailədən bir qarış yuxarıda dayanır, həmin ailələr yarımçıq qalır, davam edə bilmir”
Xalq artisti Afaq Bəşirqızı növbəti açıqlaması ilə diqqət çəkib. Sənətçi qonaq olduğu “Zarafat bir yana” verilişində gənclərin ailə qurması ilə bağlı danışıb.
“Bəzən qızlar deyirlər ki, o oğlanın imkanı yoxdur. Qardaşıma görə gəlib məni istəyir. Hə, nə olsun? Oğlanın imkanı yoxdur. Elə oğullar var ki, bazarda və ya haradasa piştaxtanın arxasında dayanıb hansısa məhsulu satırlar. Amma onun savadı və dünyagörüşü bəlkə də min dəfə alimdən yaxşıdır. İmkanı, varlı adamı, dayısı, əmisi yoxdur... Ailə elə məsələdir ki, məndə stəkan, səndə isə nəlbəki var. Gəl onu iç-içə qoyaq. Qəndi isə qoyaq hələlik kağızın içinə. Çayımızı yarı-yarı içək, qəndqabı alana qədər... Bax ailə budur! Yoxsa ki, məndə var, səndə isə yoxdur... Oğlan da cavabında desin ki, sən kim idin, mən səni aldım. Bu artıq ailə deyil. Ona görə də ailə qurmamışdan əvvəl bütün bunlara fikir verin. Görün ki, o, kişi kimi sənin arxanda dura biləcək? Belə ər, həyat yoldaşı, dost, ata, baba lazımdır”, - deyə sənətçi qeyd edib.
Bəs Afaq Bəşirqızı haqlıdırmı? Cəmiyyət “mühəndisləri” bu xüsusda nə düşünür? Ailə səadətində, onun möhkəmliyində var-dövlət neçə faiz rol oynayır?
Vəfa Rəşidova
Mövzu ilə bağlı tanınmış psixoloq Vəfa Rəşidova “Yeni Müsavat”a danışıb. Psixoloq ailə səadətini var-dövlətdə görənləri mənəviyyatsız adlandırıb: “Təbii i, hər bir insanın ailəyə yanaşması, həmçinin ailə anlayışı fərqlidir. Bəli, indiki zamanda əksər insanlar üçün "ailə+pul=sevgi" düsturu olur. Ola bilər ki, bəzi insanlar bunu dəstəkləsin. Amma mənim düşüncəmə görə, bu, ən böyük mənəviyyatsızlıqdır və praktikam da bunu göstərir ki, ailəyə pul kim baxan insanların mənəviyyatı olmur. Yəni təcrübələrimdən bunu müşahidə etdim ki, harada pul ailədən bir qarış yuxarıda dayanır, həmin ailələr yarımçıq qalır, davam edə bilmir. Çünki bu cür ailələrin pulu, hər şeyi olur, bir tək mənəviyyatı, bir-birilərinə hörməti, qayğısı, sayğısı olmur.
Əgər ailəni pul ilə ölçürüksə, vay bizim cəmiyyətimizin halına ki, düşünürlər “əgər pul varsa, ailəmiz daha möhkəm ola bilər və biz daha xoşbəxt yaşayarıq”. Əlbəttə ki, tərəflər əgər sağlam düşüncəli, çalışqan insanlardırsa, bir-birilərinə qayğı və hörmətlə yanaşırlarsa, bir “dəmirə” döyüb möhkəmlənir, hətta zənginləşirlər. Dəfələrlə şahidi olmuşuq ki, evlənəndə sıfırdan başlayıblar, birlikdə çalışıb, bir büdcə yaradıb, zənginləşiblər.
Beləliklə, əgər kimsə yalnız pula önəm verirsə, orada bir boşluq, xaraktersizlik var və bu zaman hansısa ailə möhkəmliyindən, səadətindən söhbət gedə bilməz.
Təəssüflər olsun ki, cəmiyyətimizdə ailəni pulla ölçən insanlar çoxdur. Ona görə də statistikada boşanan insanların sayının artdığını görürük".
Əhməd Qəşəmoğlu
Sosioloq Əhməd Qəşəmoğlu isə mövzuya bu cür rəy verdi: “Ailə səadətində, onun möhkəmliyində var-dövlət, pul neçə faiz rol oynayır, onu konkret demək olmur. Bu, müxtəlif ailələrdə müxtəlif faizlə ola bilər. Onu deyə bilərik ki, var-dövlət, pul önəmli amillərdən biridir, amma həlledici deyil. Yəni təkcə pulla ailənin səadəti həll olmur. Bunu tarix boyu görmüşük. Məsələn, ötən əsrdə ailələr çox kasıb vəziyyətdə yaşamasına baxmayaraq, xoşbəxt ailələr çox idi. Eləcə də ətrafımızda xeyli kasıb, amma xoşbəxt yaşayan ailələrə rast gəlmişik. Ona görə də bu fərqli münasibətdir və baxır hansı ailədə hansı dəyərlərə daha çox üstünlük verilir.
Məsələn, elə ailə var ki, orada pul köməkçi vasitə rolu oynayır, mənəviyyat isə öndədir. Yəni pul məişət problemlərini həll etmək üçündür, üstünlük təşkil edən mənəvi dəyərlərdir. Amma elə ailələr var ki, orada pul çox mühüm rol oynayır. Məsələn, qadın görəndə ki, kişi kasıblayıb, işdən çıxıb, dərhal əri onun gözündən düşür. Və yaxud qadının istədiyi şeyləri kişi ala bilməyəndə qadının gözündən dərhal düşür. Beləliklə, bu məsələ evdəki insanlardan, xüsusən də qadınların üstünlük verdiyi dəyərlərdən asılıdır.
Bəzən isə pul, var-dövlət ailələrdə dağıdıcı rol oynaya bilir. Yəni bir qayda olaraq öndə var-dövlət olursa, həmin ailələrdə hökmən gərginlik yaranır və bu gərginliyin axırı evdə dava-dalaşla, ayrılıqla müşahidə olunur.
Elə ailələr də var ki, evdə pul yoxdursa, ər-arvad mehribancasına oturub düşünür ki, bu pulu necə qazanmaq olar və birgə axtarışda olur, iş qurur, nə iləsə məşğul olub, pulu qazanmağa çalışırlar".
Xalidə GƏRAY,
“Yeni Müsavat”