Aİ Rusiyanın maye qazına sanksiya tətbiq etdi

Avropa İttifaqının Rusiyaya qarşı 14-cü sanksiyalar paketində Aİ limanlarından üçüncü ölkələrə tədarük üçün Rusiya maye qazının (LNG) daşınmasına qadağa tətbiq edilir.

Musavat.com xəbər verir ki, bu, Aİ-nin açıqladığı sanksiya qərarında əksini tapıb.

Qərara əsasən, üçüncü ölkələrə göndərmək məqsədilə Aİ daxilində Rusiya LNG-nin yenidən yüklənməsi xidmətləri qadağan olunur.

Qeyd edilir ki, qadağa həm gəmidən gəmiyə, həm də gəmidən sahilə daşınmaya şamil edilir, bu, idxala təsir etmir, yalnız Aİ vasitəsilə üçüncü ölkələrə təkrar ixraca aiddir.

Avropa Komissiyası bu qərarın icrasına nəzarət edəcək və lazım gəldikdə onun yumşaldılması üçün tədbirlər təklif edə bilər.

Aİ həmçinin Rusiyanın maye qaz istehsalı layihələrini tamamlamaq üçün yeni investisiyalar və texnologiya transferlərini qadağan edir:

"Aİ yeni investisiyaları, həmçinin "Arctic LNG 2" və "Murmansk LNG" kimi tikilməkdə olan LNG layihələrinin tamamlanması üçün mal, texnologiya və xidmətlərin təqdim edilməsini qadağan edir".

Bundan əlavə, Aİ səlahiyyətliləri qaz kəməri sisteminə qoşulmayan Aİ terminalları vasitəsilə Rusiya LNG-nin idxalına da məhdudiyyətlər tətbiq edib.

Yeni sanksiyalar Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, "Arctic LNG 2" Rusiyada təbii qaz hasil edən NOVATEK şirkətinin layihəsidir. Layihə Qdansk yarımadasında təbii qazın çıxarılması və mayeləşdirilmiş təbii qazın istehsalına yönəlib.

"Murmansk LNG" mayeləşdirilmiş təbii qazın istehsalı layihəsi də NOVATEK tərəfindən həyata keçirilir.

Musavat.com

24.06.2024 12:40
705