Aİ-nin Bakıdakı canişini casusların müdafiəsində

Peter Mixalko X platformasında sərhəddəki müşahidəçilərin ünvanına səslənən ittihamları təkzib edib, amma... 

Ermənistan sərhədində Avropa İttifaqının müşahidə missiyasının Azərbaycana qarşı casusluqla məşğul olduğuna dair iddialar Ermənistandan sərhədi keçən Çexiya vətəndaşının Azərbaycan tərəfdə saxlanılmasından sonra bu iddialar artıb. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Peter Mixalko X platformasında Aİ-nin ünvanına səslənən ittihamları təkzib edib.

“Təəssüf edirəm ki, son günlər Azərbaycanda bəzi KİV-lər Aİ-nin Ermənistandakı missiyasına qarşı tamamilə əsassız ittihamlar dərc ediblər. Mən vurğulayıram ki, EUMA mülki, silahsız bir missiyadır və onun mandatı riayət etməkdir”, - deyə Peter Mixalko X platformasında qeyd edib.

“Missiyanın mövcudluğu sabitlik və inamın yaradılmasına töhfə vermək məqsədi daşıyır. Aİ Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasına dəstək üçün səylərini davam etdirəcək”, deyə o əlavə edib.

Dövlət başçısı televiziyalara müsahibəsində Aİ-nin müşahidə missiyası haqda danışmışdı: deyib ki, növbəti missiyanın göndərilməsi, təhlükəsizliyi artırmayacaq, əksinə, bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq: “O danışıqlar formatları ilə bağlı burada sual verildi. Minsk Qrupu "rəhmətə gedəndən" sonra indi Avropa İttifaqı öz rolunu oynamağa başlamışdır və biz bunu dəstəklədik. Mən şəxsən bir neçə dəfə bu haqda açıqlama vermişdim. Demişdim ki, biz bunu təqdir edirik. Ancaq əgər bizim arxamızda belə oyunlar gedəcəksə, onda bu formatın da gələcəyi şübhə altına düşəcək". 

Yada salaq ki, Peter Mixalko bundan əvvəl də ölkədəki həbslərə siyasi rəng verməyə cəhd etmiş, Bakı isə bunu “əsassız və qərəzli” hesab etmişdi. 

Aİ-nin mövqeyi onu göstərir ki, onlar Bakı ilə anlaşmaqda o qədər də maraqlı deyillər. Baş verən proses Bakıya Aİ ilə illərdir davam edən danışıqların yekunlaşması üçün təzyiqdirmi? Ermənistanla assosiativ saziş imzalayan Aİ İrəvanın tərəfini seçməklə nə mesaj verir? Azərbaycanın “yox” dediyi missiyanın gəlməsinin Aİ-Azərbaycan münasibətlərinə hansı mənfi təsirləri olacaq?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Azər Badamov

Deputat Azər Badamov bu gərginlikdən itirən tərəfin Aİ olacağını söylədi: “Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Peter Mixalko X platformasında Avropa İttifaqının ünvanına səslənən ittihamları təkzib etməsi gözlənilən idi. Çünki o, Azərbaycana göndəriləndə Avropa İttifaqının bütün hərəkətlərinə haqq qazandırmağı tapşırılıb. Ona görə də Peter Mixalko avropalı casuslarını müdafiə edir. Ümumiyyətlə, bir sual yaranır. Avropa İttifaqının Ermənistandakı misiyasının fəaliyyəti nədən ibarətdir? Azərbaycan öz ərazilərində suverenliyi təmin edib və Ermənistanla bir daha müharibə etmək istəmədiyini açıq şəkildə bəyan etdiyi halda onlar orda nə işlə məşğul olurlar? Təbii ki, bu sualın bir cavabı var. O da Azərbaycana qarşı casusluq etmək və Avropa İttifaqının çirkin planlarını reallaşdırmağa çalışmaqdır. Amma onlar unutmasınlar ki, Azərbaycan əsgəri özünün müəyyənləşdirdiyi şərti sərhədlərini göz bəbəyi kimi qoruyur. Çexiyalı kimi bir başqası da sərhədimizi keçməyə çalışarsa, onun da taleyi eyni olacaq”.

Siyasi şərhçi Sona Əliyeva hesab edir ki, Qərb dairələri son kartlarından istifadə edir: “Qərbdəki bəzi dairələr öz maraqlarının icrası üçün Avropa İttifaqı kartından istifadə etməyə cəhd göstərir. Bu da rəsmi Bakının bu quruma olan etibarını tamamilə sarsıda bilər. Qərb hazırda bütün oyunlarını Ermənistan üzərindən qurur. Çünki qoca qitənin Azərbaycandakı bütün dayaqları sarsılıb. Peter Mixalko kimi avantüristlər isə müvəqqəti gedişlərdir. Ən əsası, bu cür gedişlərlə Qərb nəbz yoxlaması etməyə çalışır. Başa düşmürlər ki, Azərbaycanın və onun dəmir iradəli liderinin iradəsini bu cür primitiv üsullarla sarsıtmaq çətindir. Qərb Azərbaycanın qəti və prinsipial addımları ilə çoxdan tanışdır. Ancaq bu dəfə vəziyyət fərqlidir. Hədəf Azərbaycanın xarici siyasət istiqamətini dəyişdirməyə cəhddir. Fəqət, Bakı nə İrəvandır, nə də Kiyev. Biz avantürist siyasi gedişlərdən çox uzaqdayıq. Dövlətçilik və milli maraqların təmini Azərbaycan üçün hər şeydən öndədir. Bakının addımlarına zidd fəaliyyətlər olacaqsa, o zaman biz Avropa İttifaqı ilə münasibətlərimizə də yenidən baxa bilərik. Avropa İttifaqının bizə qarşı ikili standartlar siyasəti dəyişməzsə, o zaman bu münasibətlər qeyri-müəyyən müddətə dondurula bilər”.

Azərbaycanın suveren ərazisində hər hansı təhlükə törədilməsi yeni  antiterror əməliyyatını şərtləndirir - AZƏRTAC

 Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə isə qeyd etdi ki, formalaşmaqda olan yeni dünya nizamında Qərbin məqsədi özünün hərbi-siyasi blokunu mümkün qədər daha çox şərqə doğru genişləndirməkdir: “Biz Avropanın müxtəlif qurumlarının ölkəmizə qarşı nə qədər qərəzli olduğunu, müxtəlif anti-Azərbaycan qətnamələri, sanksiya çağırışlarını, Avropa İttifaqı-Ermənistan hərbi-siyasi əməkdaşlığının artırıldığını gördük. Üstəlik, Aİ müşahidəçilərinin mandatı 2 illik uzadıldı. Maraqlıdır ki, bu 2 il ərzində Azərbaycan-Ermənistan sərhəddində hər hansı mühüm toqquşma baş verməyib. Bununla yanaşı, Azərbaycan öz sərhədlərini tam olaraq təhlükəsiz hala gətirməyi bacarıb, Qarabağda qondarma rejimi ləğv edib, suverenliyi və torpaq bütünlüyünü bərpa edib. Minsk Qrupu 30 il "status-kvo"nun, yəni Ermənistanın işğal siyasətinin davamına xidmət etdiyi kimi indiki şəraitdə  müşahidəçilər də da eynilə Ermənistanın təhlükəsizliyinə, hərbi gücləndirilməsinə xidmət edir və casusluq fəaliyyəti məhz ermənilərin milli maraqlarına, o cümlədən Qərbin regional yayılma məqsədlərinə xidmət edir. Lakin  bu, qətiyyən Cənubi Qafqazın maraqlarına, buradakı regional sülhə töhfə vermir və Ermənistanı Azərbaycanla sülh müqaviləsindən yayındırır. Beləliklə, Avropanın rəsmiləri sülh çağırışı etsələr də, onların Ermənistandakı hazırkı davranışları sülh perspektivlərini yoxa çıxarır. Bu, öz növbəsində Azərbaycan-Avropa İttifaqı arasındakı münasibətləri də təhdid edir. Prezident İlham Əliyev bəyan edib ki, Avropa təşkilatları ölkəmizə qarşı qərəzi, sülh perspektivlərinə təhdidlərini davam etdirərlərsə, Azərbaycan Avropa Şurasını və Avropa İnsan Hüquqları Məhkəməsini tərk edə bilər. Bu, Avropanın enerji təhlükəsizliyini birbaşa narahat etməlidir. Çünki Azərbaycan üzünü şərqə (Avrasiya İqtisadi Birliyinə, Şanxay Əməkdaşlıq Təşkilatına, Türk Dövlətlərinin ortaq iqtisadi məkanının genişləşdirilməsinə və s. istiqamətlərə) döndərərsə, bu, Qərb üçün enerji zəngini Xəzərin açarı rolunda olan mərkəzi Bakının itirilməsi demək olacaq. Bu ssenari Rusiyanın bölgədə təsirinin artması və Ermənistan üçün daha çox təhdid demək olacaq. İkinci ssenari isə Avropanın 7 fevral seçkisinin nəticələrini tanıyaraq, müvafiq əməkdaşlıq istiqamətində, o cümlədən Azərbaycanın AŞ PA-dakı nümayəndəliyinin bərpası üçün müvafiq addımlar ataraq gərginliyi azaltmasıdır ki, bu, hər iki, hətta hər üç (Avropa İttifaqı, Azərbaycan, Ermənistan) tərəf üçün sərfəli olacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

09.02.2024 12:25
1015