Avropa Birliyinin xarici işlər və müdafiə nazirləri avqustun 29-30-da Brüsseldə keçiriləcək qeyri-rəsmi görüşdə Kiyevə yeni hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edəcəklər.
Musavat.com xəbər verir ki, bunu Aİ xarici diplomatiya idarəsinin rəhbvəri Josep Borrel X hesabında yazıb.
Borrel bildirib ki, müzakirələr Rusiyanın Ukrayna energetika sisteminə son zərbələrindən sonra gündəmə gəlib: "Rusiya yenidən Ukraynanın infrastrukturuna, o cümlədən su elektrik stansiyalarına kütləvi hava zərbələri endirib. Ukraynanın təcili olaraq hava hücumundan müdafiəsinə ehtiyacı var. Mən bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Avropa İttifaqının xarici işlər nazirləri ilə cümə axşamı qeyri-rəsmi görüşdə müzakirə edəcəyəm".
O, yenidən Rusiya ərazisində Qərb silahlarından istifadə etməklə zərbələrə qoyulan məhdudiyyətlərin tamamilə ləğv edilməsinə çağırıb.
Musavat.com