Aİ ABŞ və Çinlə rəqabətə davam gətirmək üçün ildə 800 milyard xərcləməlidir – HESABAT

Avropa Birliyi ölkələri ABŞ və Çinlə rəqabətdə rəqabətədavamlı mövqe tutmağa imkan verəcək islahatların həyata keçirilməsi üçün hər il əlavə 800 milyard avro ayırmalıdılar.

Musavat.com xəbər verir ki, bu, Mario Draqinin Avropa Komissiyasının sifarişi ilə hazırladığı hesabatda əksini tapıb.

İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının keçmiş rəhbərinin hesabatında yer alan digər tövsiyələrə əsas sektorlarda, o cümlədən telekommunikasiya sahəsində konsolidasiyanı təşviq etmək üçün antiinhisar qanunlarının yumşaldılması; kapital bazarlarının daha geniş inteqrasiyası üçün nəzarət funksiyalarının mərkəzləşdirilməsi; müdafiə sektorunda birgə satınalmalardan daha çox istifadə edilməsi; Avropa İttifaqının iqtisadi müstəqilliyini artırmaq üçün yeni ticarət strategiyasının qəbulu daxildir.

Draqiyə görə, bunlar edilməsə, Avropa “yavaş əzab”la üzləşəcək”: “Biz o yerə çatmışıq ki, hərəkətə keçməsək, ya sosial siyasət sahəsində, ya ətraf mühitin mühafizəsində, ya da azadlıq sahəsində güzəştə getməli olacağıq”.

Draqi bildirib ki, yeni investisiyalar olmadan Avropa ABŞ və Çindən daha da geri qalacaq. O, belə investisiyaların həcmini 750-800 milyard avro və ya Aİ ÜDM-nin 4,4-4,7 faizi səviyyəsində qiymətləndirib: “Dövlət sektorunun dəstəyi olmadan özəl sektor çətin ki, bu cür investisiyaların əsas hissəsini maliyyələşdirə bilsin”.

Musavat.com

09.09.2024 22:47
307