Prezident İlham Əliyev 2003- cü ildə keçirilən prezident seçkilərində xalqın etimadını qazandıqdan sonra andiçmə mərasimində verdiyi vədlərdən biri də Ermənistan ordusu tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi, doğma yurdlarından didərgin salınmış həmvətənlərimizin dədə-baba torpaqlarına qaytarılması idi. O vaxt verilən bu vədə çoxları inanmadı. Çünki bu, çox çətin bir proses idi. Həmin dövrdə işğalçı Ermənistanın havadarları daha çox idi. Ona görə də Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi sanki xəyal idi. Lakin iyirmi il ərzində həyata keçirilən düşünülmüş siyasi kurs bir daha təsdiqlədi ki, Azərbaycan qarşısına qoyduğu hər bir məqsədə nail olmağa qadirdir. Bir vaxtlar çoxlarının xəyal kimi qəbul etdiyi torpaqlarmızın işğaldan azad edilməsi artq reallığa çevrilib. Bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Son 20 ildə həyata keçirilən məntiqli strategiya Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub.
Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi xatırladıb ki, bir vaxtlar xalqmız ərazilərimizin işğal olunduğu günü kədərlə, qəm-qüssə ilə qeyd edirdi. Son 3 ildə isə hər bir azərbaycanlı böyük fərəh və qürurla ərazilərimizin işğaldan azad edildiyi günü böyük təntənə ilə qeyd edir. Dövlətimizin başçısı həmin günün təntənəli keçirilməsi üçün sərəncam da imzalayıb. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Hər bir şəhər və rayonun işğaldan azad edildiyi gün “Şəhər günü” kimi rəsmiləşdirilib. Sərəncama əsasən, 20 Noyabr – Ağdam şəhəri günüdür.
Ç.Qənizadə deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızla keçirdiyi çoxsaylı görüşlərində, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdi ki, yeni salınan qəsəbələr müvəqqəti yaşayış yeridir. Torpaqlar işğaldan azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlərin tikiləcəyini, daha gözəl şərait yaradılacağını deyən möhtərəm Prezidentimiz verdiyi vədi layiqincə yerinə yetirdi. Bəli,həmin gün yetişdi. Artıq bu, reallıqdır. Keçmiş məcburi köçkün soydaşlarımız böyük həvəslə, sevinc göz yaşları ilə doğma ata-baba yurdlarına qayıdırlar. İşğaldan azad edilmiş rayonlarda görülən yenidənqurma, abadlq, tikinti-bərpa işləri göz oxşayır. Eləcə də Ağdamda həyata keçirilən yenidənqurma işləri rayonun simasını getdikcə dəyişir. Artıq Ağdamın əvvəlki şöhrəti özünə qaytarılır. Dövlətimizin başçısının verdiyi daha bir vəd: “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” – artıq reallğa çevrilir.
Hüquq müdafiəçisi xatırladıb ki, Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Ermənistan havadarlarınn köməyi ilə 1993-cü il iyulun 23- də Ağdamın ərazisinin 73 faizini işğal etdi. Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu hücum qətiyyətlə pislənilmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir. 1993-cü il iyulun 29- da BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edib. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən” dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. İşğalçı Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi ərazi adların dəyişdirilməsi , oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi, beynəlxalq hüquq normalarına zidd əməllər törədib. Dünyada mövcud olan ikili standartlar, işğalçıya havadarlığın nəticəsində torpaqlarımız, o cümlədən Ağdamın ərazisi 30 ilə yaxın müddətdə işğal altında qaldı. Ermənilərin işğal altında olan Azərbaycan ərazilərindəki vəhşiliyi dünya ictimaiyyətini heyrətləndirdi. Bu qəddarlığı görən xarici və yerli jurnalistlər Ağdam Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir.
Ç.Qənizadə deyib ki, Ermənistan Azərbaycan ərazilərini əbədi olaraq işğal altnda saxlaya bilməzdi. “Torpaqdan pay olmaz” – deyən əsgər və zabitlərimiz 3 il əvvəl Ermənistanın başladığı müharibədə misilsiz qəhrəmanlıq göstərərək işğalçları diz çökdürdü. Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb. Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.
“Ağdamın əvvəlki şöhrəti tədricən bərpa olunur. 2021-ci mayın 28- də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Ağdamın Baş Planı əsasında həyata keçirilən yenidənqurma, tikinti-bərpa işləri sayəsində rayonun siması gündən-günə dəyişir. Yaxın illərdə Ağdam tamamilə bərpa olunacaq və əvvəlki şöhrətini özünə qaytaracaq” -deyə Ç.Qənizadə bildirib.