“Qarabağa Böyük Qayıdış” planı çərçivəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesi davam edir. Füzuli şəhərinə daha 114 ailə köçürüləcək. Bununla əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib.
Püşkatmada 114 ailə (412 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 45-i ikiotaqlı, 54-ü üçotaqlı, 15-i dördotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyıb. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdiriblər. Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.
Bu proses çərçivəsində hər kəs tərəfindən sevinclə qarşılanan daha bir addım atılacaq.
Elm və təhsil naziri Emin Əmrullayev son çıxışında Ağdamda Qarabağ Universitetinin inşa ediləcəyini bildirib.
Məsələ ilə bağlı “Unikal”a açıqlama verən dilçi ekspert Gülər Mübariz bildirib ki, 44 günlük Vətən müharibəsi və ötən ay həyata keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycanın bütün ölkə ərazisində öz suveren hüquqlarının bərpası, Qarabağ iqtisadi regionunda yenidənqurma və bərpa işləri içərisində təhsil ocaqlarının inşası ən vacib amillərdən biridir: “Digər bir tərəfdən də, məlum olduğu kimi, Xankəndidə sovet dönəmində Ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakı Dövlət Universitetinin Xankəndi bölməsi, sonradan isə Xankəndi Dövlət Universiteti fəaliyyət göstərib. 30 illik işğal dövründə bu universitetin texniki və elmi bazası yerlə-yeksan edilib. Ona görə də həm Xankəndi Dövlət Universitetinin elmi-texniki bazasının müasir tələblərə cavab verən formada təşkili, həm də Ağdamda inşa ediləcək ali təhsil ocağı Azərbaycan elminə böyük töhfə vermiş olacaq”.
Gülər Mübariz paytaxt Bakıda fəaliyyət göstərən bəzi ali təhsil ocaqlarının Qarabağ iqtisadi regionuna köçürülməsinin vacibliyini də qeyd edib. Ekspert hesab edir ki, bu, həm bölgənin inkişafına, həm də turizmin müxtəlif sahələrinə öz müsbət təsirini göstərə bilər: “Bundan başqa, istər Xankəndi, istərsə də yeni inşa ediləcək ali təhsil ocaqlarında ciddi, müasir tələblərə cavab verən bölmələrlə yanaşı, Qədim Azərbaycan tarixi və dili, ədəbiyyatı, Qarabağ folkloru, xalçaçılıq və digər əhəmiyyətli fakültələrin olması vacibdir”.
Akif Nağı
Əslən Ağdamdan olan, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, bölgələrdə universitetlərin açılması vacib məsələdir: “Torpaqlarımız işğal altında olanda da bu məsələ bir neçə dəfə qaldırılmışdı, biz də müdafiə etmişdik. O vaxt Qarabağ Universitetinin Bərdədə açılması təklif olunurdu. Amma böyük zəfərdən sonra hökmən azad olunan şəhərlərdən birində açılmalıdır. Deyildiyi kimi, Ağdam daha uyğun məkandır, həm coğrafi mövqeyinə, həm də bölgənin nəzərdə tutulan mərkəzi statusuna uyğundur. Ağdam iri şəhər kimi nəzərdə tutulur və bu iri şəhərdə universitetin olması vacibdir. Bu, yalnız tibb universiteti deyil, Türkiyə nümunəsinə uyğun bir universitet olmalı, orada tibb və bütün digər fakültələr olmalıdır. Universitetin açılışı məcburi köçkünlərin öz yurdlarına qayıdışını da xeyli sürətləndirəcək və stimullaşdıracaq. Keçmiş məcburi köçkünlər övladlarının yaxınlıqda yerləşən universitetlərdə təhsil almasında maraqlı olacaqlar. Bu universitet həm də regionda mədəniyyət, elm, təhsil mərkəzi kimi fəaliyyət göstərəcək. Burada Bakının "universitet yükü"nün yüngülləşdirilməsini də nəzərə almalıyıq. Bakının yükünün azaldılması fikri pis mənada başa düşülməməlidir. Sadəcə, bu qədər əhalinin, müəssisələrin, o cümlədən təhsil ocaqlarının olması məntiqli deyil, insanların həyatına mənfi təsir göstərir. Mən deyərdim ki, Bakıdakı universitetlərdən bir neçəsini bölgələrə, o cümlədən Qarabağa köçürmək olardı. Həmin universitetlər bütün kontingenti, texniki bazası, digər imkanları ilə birlikdə köçürülməlidir ki, yerlərdə işi dərhal davam etdirmək mümkün olsun. Son aylarda köçkünlərin öz yurdlarına qayıtması prosesinin sürətlənməsi də nəzərə alınmalıdır. Elə bugünlərdə məcburi köçkünlərin daha yeni partiyası Füzuliyə yola salınacaq. Onları yerlərdə elm-təhsil mərkəzlərinin, o cümlədən universitetlərin olması həvəsləndirir. Hər bir valideyn üçün övladlarının təhsili ən vacib məsələdir. Geri qayıdıb öz universitetində təhsil almaq perspektivi hər kəsi sevindirir və gələcəyə inamını artırır. Bütün deyilənlər bir daha göstərir ki, Qarabağ universiteti regionda çoxşaxəli təsir imkanlarına malik olacaq, həm elm-təhsil, həm də ictimai fəaliyyət mərkəzinə çevriləcək".
Yazını hazırladı: Cavanşir ABBASLI