"Ağdam yaxın illərdə turistlərin ən çox gəldiyi məkana çevriləcək"

“Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi şanlı zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan daha bir addım oldu. Həmin sərəncəma əsasən, rayon və şəhərlərimiz işğaldan azad edilən gün “Şəhər Günü” kimi təsis olunub. Sözügedən sərəncama əsasən, 20 noyabr Ağdam şəhəri günü kimi müəyyənləşdirilib. 2020-ci ilin 20 noyabrı həm ağdamlılar, həm xalqımız, bütövlükdə, dünya azərbaycanlıları üçün unudulmaz bir gündür. Həmin gün Ağdam rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildi. Bu tarix – Ağdamın azad olunduğu şanlı gün xalqımız üçün qürur günüdür. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı öz Prezidentinin ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu. Bu gün Ağdamın əvvəlki ad-sanın bərpa olunur”.

Bu sözləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə 20 Noyabr “Ağdam Şəhər Günü” ilə bağlı Moderator.az-a danışarkən qeyd edib. Bildirib ki, həmin gün yaddaşlara tarixi Qələbəmizin əbədiləşdirilməsi günü kimi həkk olunub.

Ç.Qənizadə Ermənistan ordusunun işğal etdikləri ərazilərdə, o cümlədən Ağdam rayonunda tötərdiyi vəhşiliklərdən söhbət açarkən dövlətimizin başçısının sözlərini xatırladıb: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”. Komitə sədri hazırda Ağdamda sürətlə həyata keçirilən yenidənqurma, tikinti-bərpa işlərindən danışarkən deyib ki, ölkəyə rəhbərlik etdiyi 21 ərzində bütün vədlərini yerinə yetirən Prezident İlham Əliyev Ağdam rayonun da əvvəlki şöhrətinin qaytarılması istiqamətində bütün imkanlardan istifadə edir.

Hüquq müdafiəçisi Ermənistanın barbarlığından da söhbət açıb. Deyib ki, 42 gün davam edən döyüş 1993-cü il iyulun 23- də Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Arxeoloqlar apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Ermənilər həmin ərazilərdə faşistlərdən də betər dağıntılar aparmış və Ağdamı xarabalığa çevirmişlər. İndi həmin xarabalıqlar cənnətə çevrilir.

Ç.Qənizadə deyib ki, 2021-ci il mayın 28- də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Artıq ağdamlılar da doğma el-obalarına qayıdırlar. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır.

Komitə sədri Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalının təsis olunduğunu xatırladaraq deyib ki, dövlətimizin başçısının sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min 790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. O, daha sonra Ağdamda, ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən söhbət açaraq deyib ki, yaxın illərdə həmin ərazilər turistlərin ən çox gəldikləri məkana çevriləcək.

19.11.2024 19:21
270