Ağdam-Xankəndi yolu ilə bağlı MÜHÜM AÇIQLAMA - 24 saat sonra...

“Azərbaycanın tələbi Ağdam-Xankəndi yolunun açılması idi. Ondan 24 saat sonra Laçın yolu da açılmalıdır. Hikmət Hacıyev yolların paralel şəkildə açılması ehtimalı ilə bağlı açıqlama vermişdi, Rusiya da bu təklifi irəli sürmüşdü”.

Bunu Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

O bildirib ki, söhbət yolun tam açılmasından getmir: “Prezident İlham Əliyevin mövqeyi bəllidir. Yol açılsa belə, bütün sərhədlərdə olduğu kimi, burada da laborator yoxlamalar keçirilməlidir, Ermənistan gömrük vergisi verməlidir. Əslində bunun necə həyata keçiriləcəyi sual altındadır. Ermənistan ərazi bütövlüyümüzü tanımırsa, gömrük anlaşması imzalayacaqmı? Bu məsələlər hələ ki, açıqdır. Yüklər Xankəndiyə çatdırılıbsa, ermənilər Laçın yolunun açılacağına ümid etməsinlər. Bizim göndərdiyimiz yüklər hələ də sərhəddə ilişib qalıb. Rusiyanın göndərdiyi yükün keçirilməsi bizim güzəştimizdir”.

Ekspert Ərdoğanın Paşinyanla telefon danışığını da şərh edib:

“Paşinyan antiterror əməliyyatından qorxduğu üçün ard-arda telefon zəngləri etdi. Danışıq zamanı Türkiyə-Ermənistan dialoqu və Cənubi Qafqazda baş verən son hadisələr müzakirə olundu. Ərdoğan Paşinyanı təxribatdan əl çəkməyə, sərhədə qoşun yığmamağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa çağırır. Bunlar olmadan Türkiyə-Ermənistan dialoqunda irəliləyiş olmayacaq. Paşinyan deyir ki, Qarabağdakı separatçılara təsir imkanları qalmayıb. Ermənistan cəmiyyəti də sual verir ki, Paşinyan separatçıların yeni liderini təbrik etməlidir, ya yox? Onun iki seçimi var: ya təbrik edəcək, ya da etməyəcək. Əgər təbrik etsə, sülh imkanları minimuma enəcək, təbrik etməsə, İlham Əliyevlə görüş gerçəkləşsə, irəliləyiş ola bilər. Birinci seçimə ona görə üstünlük vermir ki, bu, bölgədə vəziyyəti daha da gərginləşdirə bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

12.09.2023 12:17
1683