Ağdam Sənaye Parkının rezidentləri xarici bazarlara çıxışı hədəfləyir

Azərbaycan dövlətinin işğaldan azad olunan ərazilərdə çalışan biznesə tətbiq etdiyi böyük güzəştlər qiymət rəqabətini təmin etməyə imkan verir

İşğaldan azad olunan ərazilərdə yaşayış məntəqələrinin bərpası ilə bölgədə iş yerlərinin yaradılması prosesinin paralel getməsi son dərəcə vacib şərtlərdən biridir. Əks təqdirdə, bərpa olunan ərazilərə köçürülən sakinlərin iş və gəlir mənbəyi ilə təmin olunmaması tezliklə böyük problemlərin meydana çıxmasına səbəb ola bilər. Heç kimə sirr deyil ki, Laçın şəhərinə köçürülən sakinlər ilkin mərhələdə iş yeri olmadığına görə ciddi çətinliklərlə üzləşir, xüsusilə gənclər bəzən yenidən Bakıya qayıtmalı olurdular. Bu baxımdan, sürətlə bərpa olunan Ağdam rayonunda sənaye parkının yaradılması təqdirəlayiq haldır.

Sənaye parkının yaradılmasına dair Prezident fərmanı 2021-ci ildə imzalanıb. İndiyədək Ağdam Sənaye Parkında 27 rezident qeydə alınıb. Onların park ərazisində yaradılacaq istehsal müəssisələrinə 140,2 milyon manat investisiya yatırmaqla 2090 nəfəri işlə təmin etmələri planlaşdırılır. İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımovun dediyinə görə, indiyədək Ağdam Sənaye Parkına ümumilikdə 35 milyon manatdan çox investisiya yatırılıb, 400-dən artıq daimi iş yeri yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 19-da Ağdam Sənaye Parkında yeni istifadəyə verilən sənaye müəssisələrinin açılış mərasimi keçirilib.

Elçin Kazımovun sözlərinə görə, Prezident İlham Əliyevin Ağdam Sənaye Parkında açılışında iştirak etdiyi yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək və ixrac coğrafiyasını genişləndirəcək: “Ötən gün ölkə tarixində ən əlamətdar hadisələrdən birinin şahidi olduq. Dövlət başçısının iştirakı ilə Ağdam Sənaye Parkında altı sənaye müəssisəsinin açılış mərasimi baş tutdu. Sənaye Parkında yeni açılan müəssisələr elektrik paylayıcı avadanlıqların və elektrik yuvaları, dam və fasad örtükləri, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları, divar kağızları, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı ilə məşğul olacaqlar.

Bu altı müəssisənin açılışı ilə ölkənin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı ümumilikdə 79-a çatdırılıb. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək, ən əsası isə Qarabağın dirçəldilməsinə kömək göstərəcək".

Sənaye Parkının tərkibində yeni fəaliyyətə başlayan “EEL Elektrik” zavodunun direktoru Vüsal Mirzəyev bildirib ki, Ağdam Sənaye Parkında istifadəyə verilən zavodda elektromobillər üçün enerji doldurma cihazları da istehsal olunacaq. Onun sözlərinə görə, dövlət başçısının Ağdam rayonuna səfəri zamanı açılışını etdiyi elektrik avadanlıqları müəssisəsində bir neçə adda məhsul istehsal olunacaq: “Müəssisədə il ərzində 600-700 ədəd orta gərginlikli 10 və 35 kilovoltluq paylayıcı qurğuların istehsalı nəzərdə tutulur. Elektromobillər üçün enerji doldurma cihazlarının isə 500-600 ədəd civarında istehsalı planlaşdırılır”.

V.Mirzəyev müəssisənin iş prinsipi barədə də məlumat verib: “İş prosesi bir növbəlidir. Hazırda müəssisədə ilkin olaraq 35 nəfər işlə təmin olunub. Nəzərdə tutulan işçi heyətinin sayı 70 nəfərdir. Vurğulamaq istərdim ki, zavodda işləmək üçün müraciət edənlərin sayı kifayət qədər çoxdur. Yaxın zamanlarda işçi sayının artması gözlənilir”.

Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq -  AZƏRTAC

Ağdam Sənaye Parkında fəaliyyətə başlayan ayaqqabı zavodunun məhsulları isə daxili bazara çıxarılacaq. Parkda fəaliyyətə başlayan “BAFCO İnvest” MMC xüsusi təyinatlı ayaqqabı zavodunun istehsal üzrə direktoru Osman Yaylalı bildirib ki, şirkət 2023-cü ildən etibarən, Ağdam Sənaye Parkında öz istehsal sahəsini yaradıb: “Sənayi Parkının 2,5 hektarlıq ərazisinə fəaliyyət göstərən zavodda xüsusi keyfiyyətdə müxtəlif çeşidli və ayrı-ayrı fəsillərə uyğun ayaqqabılar istehsal edilir. Ayaqqabıların üst hissəsi təbii dəridən, alt hissəsi isə bükülmə, sürtünmə və aşınmaya davamlı olan materialdan hazırlanır”.

O.Yaylalı bildirib ki, zavodda istehsal edilən uzunboğaz çəkmə və ayaqqabılar təbii təsirlərə və kimyəvi maddələrə qarşı davamlılığı ilə seçilir: “Zavod Almaniya istehsalı olan ən son model avadanlıqlarla təchiz edilib. Müəssisə ildə 510 min cüt ayaqqabı istehsal etmək gücündədir. ”BAFCO İnvest"in məhsulları “Made in Azerbaijan” brendi altında daxili bazarlara çıxarılacaq".

Bu il Ağdam Sənaye Parkındakı şirkətlərdən biri ilk ixraca başlayacaq

Parkda yaradılan  “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) isə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. MMC-nin direktoru Əli Əliyev deyib ki, “Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib: “Zavodda hazırda 18 nəfər işlə təmin olunub. İşçilərinin sayının 76 nəfərə çatması nəzərdə tutulur. Müəssisənin investisiya həcmi 8 milyon manatdır. İllik gücü 2,1 milyon ədəd rulon artıqdır. Alman texnologiyasından istifadə edilən müəssisədə istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır”(Report).

Göründüyü kimi, sənaye parkındakı müəssisələrin hamısı həm də xarici bazarlara çıxışı hədəfləyirlər. Bu isə onların istehsal etdikləri məhsulların həm qiymət, həm də keyfiyyət baxımından yüksək rəqabətədavamlı olmasını tələb edir. Azərbaycan dövlətinin işğaldan azad olunan ərazilərdə çalışan biznesə tətbiq etdiyi böyük güzəştlər qiymət rəqabətini təmin etməyə imkan verir. Keyfiyyəti isə biznesin özü təmin etməlidir...

Yazını hazırladı: Dünya SAKİT

21.09.2024 10:47
392