Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev yaşadığı binanın həyətində, "Medera" klinikasının mühafizəçisi ilə əlbəyaxa dava edib, A.Ağayevin atdığı balta başqa bir şəxsi - xəstəxanada çalışan qadını yaralayıb. Gündəmi zəbt edən hadisə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Musavat.com xəbər verir ki, təfərrüatları Xalq artistinin vəkili Asim Abbasov bölüşüb.
Vəkilin sözlərinə görə, müğənni ağrıdığı üçün kömək istəyən zaman mühafizəçinin laqeyd münasibəti, daha sonra isə təhqiramiz ifadələri münasibəti gərginləşdirib:
“Bildirirəm ki, hüquqlarını müdafiə etdiyim Ağadadaş Ağayev video görüntülərdən göründüyü kimi, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və buna görə də ciddi həkim nəzarəti altında müalicəsini davam etdirir.
Hazırda isə Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanılıb. Qeyd edək ki, Ağadadaş Ağayev həmin gün gecə saatlarında evinə olduqca yaxın olan “Medera” Hospitalında qulaq nahiyəsindən ağır əməliyyat keçirdib. Həmin gecəni ağrıdan səhərə qədər yatmayıb, səhər isə yenidən qulağında şiddətli ağrılar yaranıb. Ağrılar dözülməz olduğu üçün o, eyvana çıxaraq “Medera” Hospitalının mühafizəçisindən köməklik istəyib, ondan həkim çağırmasını xahiş edib. Mühafizəçinin laqeyd münasibəti, daha sonra isə təhqiramiz ifadələri və təhrikedici hərəkətləri nəticəsində tərəflər arasındakı münasibət gərginləşib”.
Asim Abbasov mühafizəçi barədə bir sıra sensasion iddialar ortaya atıb. O bildirib ki, həmin şəxs adam adam oğrusudur:
“Bundan başqa daha əvvəl dəfələrlə məhkum olmuş qarşı tərəf N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında Cinayət Məcəlləsinin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilib. O, həbsdən yeni çıxıb. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında “xuliqanlıq” maddəsi ilə məhkum edilib.
Yeri gəlmişkən onu da qeyd edim ki, Ağadadaş Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Bu müddət ərzində kütləvi informasiya vasitələrini və media subyektlərini doğruluğu təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə səsləyirəm. Yayılmış video görüntü baş vermiş hadisənin sadəcə bir epizodunu əks etdirir. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən video görüntü və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq”.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hüquqşünas Şamil Paşayevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com