Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatı məlum olub.
Musavat.com xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, "Medera" klinikası ilə üzbəüz yerləşən ərazidə baş verib.
Məlumata görə, Xalq artisti bir neçə gün öncə qulağından əməliyyat olunub. Hadisə baş verən günü halı pisləşdiyi üçün klinikadan kömək istəyib.
Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.
Bu zaman Klinikanın mühafizəçisi ilə onun arasında mübahisə yaranıb. İddia edilir ki, nəticədə mühafizəçi Xalq artistinə əl qaldırıb, onu döyüb. Bildirilir ki, daha sonra Ağadadaş Ağayev evdən balta götürərək ona tərəf atıb. Balta orada işləyən xadimənin ayağına dəyib.
Qeyd edək ki, DİN-in mətbuat xidmətindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.