Ağadadaş Ağayev ona uzanan barışıq əlini sıxacaq, yoxsa balta vuracaq?

Xalq artisti Ağadadaş Ağayevin baltalı hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov TV Musavat efirindən barışıq təklifi edib.

Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edəndən sonra Nurəddin Cəlilov TV Musavat-ın qonağı olub. Baş vermiş olayın detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, olunla barışa bilcəyini dilə gətirib. Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşimandır və bu hərəkətinə görə üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti hələ ki, reaksiya verməyib.

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı Ağadadaş Ağayevlə əlaqə saxlamağa cəhd edib.

Xalq artisti israrlı zənglərimizi cavabsız qoyub. Onun vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirmədi.

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı - Oxu.az

Xatırladaq ki, insidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra” hospitalının yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.

Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməyi olub:

“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra” hospitalına gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam ki? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl?”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra o, əlində balta “MedEra” hospitalının həyətinə doğru irəliləməyə başlayıb:

“Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir və mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

31.07.2024 16:03
1802