Lent.az “Ömrün bir anı” rubrikasında məşhurların həyatında baş vermiş maraqlı məqamlar barəsində söhbət açır. Budəfəki qonağımız Azərbaycanın Xalq artisti Ağadadaş Ağayevdir.
Müğənni öz xatirəsində belə danışır:
“80-ci illər idi. Lənkərana toya getmişdim. O zamanlar da “Ana ürəyi” deyilən bir musiqi parçası var idi. Hekayə idi, muğam üstündə oxuyurduq. Təxminən bir saat davam edirdi. Oğul sevdiyi qız üçün anasının ürəyini kəsib çıxarır, onu sevdiyi qıza hədiyyə aparır. Yolda oğulun ayağı daşa dəyir, ananın ürəyi oğlunun ağrımasına dözmür, “can bala” deyib dilə gəlir. Mövzu bu idi. Hansı toya gedirdik, bunu istəyirdilər, daha boğaza yığılmışdıq bunu oxumaqdan.
Lənkərandakı toy səhər saat 5-ə qədər davam etdi. Elə yekunlaşdırmaq istəyirdim ki, bir kişi əlində pul gəlib dedi: “Ana ürəyi”ni oxu”.
Dedim, ay qardaş, səhər saat beşdir, bu saatda nə ürək. Sabah açılır, o da uzun məsələdəir. Dedi yox, yoxsa toya qan salaram. Başladım oxumağa. Yorulmuşdum. Ona görə qısa-qısa, ixtisar edə-edə oxudum, bu hekayəni 10 dəqiqədə bitirdim. Ananı tələsik əməliyyat edib, ürəyini çıxardım. Musiqi bitdi, kişi yaxınlaşdı talış ləhcəsiylə mənə dedi.
“Ədə, mən həmişə bu anasının ürəyini çıxaran əclaflara nifrət eləmişəm. Amma sənin oxuduğun kişiyə lap nifrət elədim. Onlar bir az düşünüb, daşınıb, uzun müddətdən sonra qərar verirdilər. Sənin danışdığın kişi 5 dəqiqədə, qız deyən kimi razı oldu. Kül onun oğul başına. Allah ona lənət eləsin”.
Gülsəm də, kişiyə heç nə izah eləmədim. Qorxdum “Ana ürəyini” bir də başdan bütöv oxutdurub, söhbəti uzada”.