ABŞ və Qərb Cənubi Qafqazda sülh prosesini bərpa etmək üzrədir. Böyük ehtimalla Rusiya regional sülh prosesindən ümumiyyətlə, kənarlaşdırılacaq. Əgər, Kremlin gözlənilməz hərbi-siyasi təxribatları bu prosesi yenidən pozmazsa, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması istiqamətində kifayət qədər ciddi addımların atıla biləcəyi qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda rəsmi səfərdədirlər. ABŞ-ın dövlət katibi Entoni Klintonun vasitəçiliyi ilə iki ölkənin nazirləri arasında yekun sülh sazişinin ilkin variantının əsas müddəaları ətrafında müzakirələr planlaşdırılır. Və bu baxımdan, ABŞ dövlət katibi Entoni Blinkenin son anda Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etməsi də böyük maraq doğurur.
Məsələ ondadır ki, bəzi mənbələr həmin telefon danışığı zamanı ABŞ-ın dövlət katibi Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqsi açmasından narahat olduğunu da vurğulayıb, bunun sülh prosesinə əngəl ola biləcəyini də bildirib. Əslində, bu, o qədər də gözlənilməz və təəccüblü deyil. Çünki ABŞ və Qərbin Ermənistanın maraqlarına zidd olan hər şeydən narahat olmaq "vərdişləri" mövcuddur. ABŞ-ın dövlət katibi Entoni Blinkenin "narahatlığı" da həmin "vərdişlər"in sırasına daxildir. Halbuki, “narahatlıq” üçün heç bir ciddi səbəb yoxdur.
Məsələ ondadır ki, Xankəndi və ətraf bölgə də, Laçın yolu da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ona görə də, Laçın yolunun Ermənistanla sərhəd hissəsində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Azərbaycanın suveren hüquqları sırasına daxildir. Ermənistanın və erməni separatçı-terrorçuların Laçın yolundan nəzarətsiz istifadə etməsi beynəlxalq hüquq normalarına zidd idi, əslində, elə ABŞ-ın dövlət katibi də normalda daha çox bundan narahat olmalıydı. Rəsmi Bakı isə sadəcə, beynəlxalq hüquq normalarına uyğun olaraq, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırdı və mövcud ziddiyyəti aradan qaldırdı.
Ona görə də, rəsmi Bakının bu addımının Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına əngəl törədə biləcəyinin iddia olunması da tamamilə məntiqsiz və absurddur. Çünki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırılmazdan öncə də rəsmi İrəvan sülh sazişinin imzalanmasından yayınırdı. İndiyə qədər sülh danışıqları məhz Ermənistanın günahı ucbatından dalana dirənib.
Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında Laçın yolunun heç bir təsiri ola bilməz. Laçın yolu Azərbaycan ərazisidir və danışıqlar prosesinin predmeti deyil. Rəsmi İrəvan və onun beynəlxalq himayədarlarının, o cümlədən də, ABŞ-ln Laçın yolu ilə bağlı mövzunu gündəmə gətirmələri Azərbaycanın daxili işlərinə kobud şəkildə qarışmaq cəhdidir. Və rəsmi Bakı haqlı olaraq, buna imkan vermək niyyətində deyil.
Nəhayət, Laçın yolu fəaliyyət göstərir. Bu yol erməni propoqandistlərin iddialarının əksinə olaraq, mülki şəxslər və humanitar yüklər üçün açıqdır. Ancaq Ermənistan və erməni separatçı-terrorçular hələ də əvvəlki kimi, Laçın yolu ilə Azərbaycan ərazilərinə silah-sursat və hərbi ləvazimat daşımaq istəyirlərsə, bu, artıq mümkün olmayacaq. Yəni, ABŞ və Qərb nə qədər istəsə, "narahat" ola bilər. Bu, heç nəyi dəyişməyəcək. Çünki Azərbaycan öz ərazində erməni terrorizmi ilə mübarizəni davam etdirəcək. Bu məsələdə Ermənistanın və onun beynəlxalq himayədarlarının mövqeyi və maraqları qətiyyən əhəmiyyət daşımır.
Vaşinqtonda keçirilən sülh danışıqlarının uğur qazanma ehtimalına gəldikdəsə, Ermənistan birmənalı şəkildə ABŞ və Qərbin təlimatları ilə hərəkət edir. Belə ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündən əvvəl daha bir məlumat yayılmışdı. Rusiyanın Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova bildirmişdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşməsi barədə razılıq əldə olunub.
Ancaq Ermənistan xarici işlər naziri Ararat Mirzoyan buna cavab olaraq, bəyan etdi ki, görüş razılaşdırılıb, ancaq yeri və vaxtı məlum deyil. Erməni nazirin bu açıqlamasından qısa müddət sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin məhz Vaşinqtonda görüşəcəkləri elan olundu. Bu isə o deməkdir ki, erməni nazir görüşün harada və nə vaxt keçiriləcəyini əvvəlcədən bilirdi. Bundan əvvəl də erməni nazir ötən ilin dekabrında məhz Moskvada keçirilməsi nəzərdə tutulan görüşə qatılmaqdan imtina etmişdi.
Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan Kremli pərt vəziyyətə salmaqda davam edir. Rəsmi İrəvan Ağ Evdən aldığı tapşırıqları icra edir. Paşinyan hakimiyyəti Rusiyanın onu devirə biləcəyindən qorxur. Çünki Rusiya erməni generaliteti vasitəsilə Ermənistanda hər an hərbi çevriliş etmək imkanına malikdir. Ona görə də, Paşinyan hakimiyyəti hazırda ABŞ və Qərbə daha çox sığınmaq məcburiyyətində qalıb.
Təbii ki, ABŞ da mövcud situasiyadan maksimum səviyyədə istifadə etməyə çalışır. Son proseslər onu göstərir ki, hazırda ABŞ Cənubi Qafqazda geopolitik orbitr rolunu Rusiyanın əlindən artıq alıb. İndi Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesi Rusiyadan daha çox ABŞ-ın vasitəçiliyi ilə davam edir. Üstəlik, Ağ Ev Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında birbaşa maraqlıdır. Çünki bu halda, Rusiya Azərbaycan və Ermənistana qarşı əsas təzyiq mexanizmini itirmiş olacaq. Nəticədə Rusiyanın Cənubi Qafqazdan çıxarılması prosesi də sürətlənə bilər.
Ona görə də, böyük ehtimalla Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün ABŞ rəsmi İrəvana daha ciddi təzyiqlər göstərir. Ağ Evdə anlayırlar ki, Cənubi Qafqazda son savaşda məğlub tərəf məhz Ermənistan olduğundan bu, daha effektiv ola bilər. Çünki güclü maliyyə-iqtisadi resurslara malik olan, Ermənistan üzərində hərbi qələbə qazanan Azərbaycanla müqayisədə rəsmi İrəvan təzyiqlərə qarşı daha davamsızdır.
Son məlumatlara görə, ABŞ hətta sülh sazişinin imzalanması məsələsində tələsir. Ağ Evin may ayının sonlarına qədər sülh sazişinin ilkin variantda imzalanmasına nail olmağa çalışdığı bildirilir. Ağ Ev üçün Ermənistanın və ya erməni separatçıların taleyi qətiyyən önəmli deyil. ABŞ-ın əsas hədəfi Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxarılması ilə bağlıdır. Bu baxımdan, hazırda ABŞ-ın Ukraynadan sonra Cənubi Qafqazda Rusiyaya qarşı siyasi-diplomatik məzmunda ikinci cəbhə açdığını da düşünmək olar.
Ona görə də, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünün təxminən bir neçə gün davam edəcəyi ehtimal olunur. İddialara görə, ABŞ-ın dövlət katibi bu müddət ərazində Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin ilkin variantda razılaşdırılmasına nail olmaq niyyətindədir. Bundan sonrasa, yekun sülh sazişinin imzalanması mərhələsinə keçid etmək planlaşdırılır.
Ancaq ABŞ-ın yekun sülh sazişinin imzalanması və onun icrası ilə bağlı məsuliyyəti təkbaşına öz üzərinə götürməyə həvəsli olmadığı da bildirilir. Belə ki, Ağ Evin ümumi siyasi məsuliyyəti Avropa Birliyi ilə bölüşmək qərarı verdiyi iddia olunur. Ona görə də hesab olunur ki, yekun sülh sazişi məhz Vaşinqtonda razılaşdırılacaq. Ancaq Azərbaycan və Ermənistan liderləri tərəfindən həmin sənədin imzalanması prosesi isə məhz Avropa Birliyi tərəfindən reallaşdırılacaq. Və bu, may ayının sonu, iyun ayının əvvəllərində baş verə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu