Cənubi Qafqazda "erməni terrorizmi" sonu sürətlə yaxınlaşır. Dünyada baş verən dərin dəyişikliklər terrorimə bağlı "erməni faktoru"nu da sıradan çıxartmağa başlayıb. Hətta "erməni faktoru" dünya nəhənglərinin Cənubi Qafqaz maraqları qarşısında problemə də çevrilmiş kimi görünür. Və bu səbəbdən də vaxtilə "erməni faktoru"ndan faydalanmağa üstünlük verən əksər dünya supergücləri ondan imtina etməyə başlayıblar.
Belə anlaşılır ki, yeni dünyada "erməni faktoru"na ehtiyac yoxdur. Cənubi Qafqaz isə yeni dünya düzənində olduqca önəmli yer tutacaq bir regiondur. Deməli, dünya nəhəngləri də Cənubi Qafqaz kimi strateji regiondakı hədəflərini uydurma "erməni xəyalları"na qurban vermək niyyətində deyillər. Və bütün dünya reallığa dönməyə başladığından erməni toplumu da qondarma "xəyal aləmi"ndən ayılmaq məcburiyyətindədir.
Onu da qeyd edək ki, ABŞ və Qərb siyasi dairələrinin son mesajları artıq erməni toplumunu "xəyal aləmi"ndən ayıltmaq üçün həlledici "zəngli saat" rolunu oynayır. Əgər, reallıqla və müasir dünya ilə heç bir əlaqəsi olmayan erməni düşüncə tərzi "zəngli saat"ın hər gün daha da yüksələn xəbərdarlıq səsini ciddiyə almazsa, keçmişlə gələcək arasındakı vakumda itib-bacaq. Və bu, artıq qaçılmaz xarakter daşıyır.
Məsələ ondadır ki, Ermənistan hələ də Cənubi Qafqazda hansısa "dəyər"inin olduğuna inanmağa çalışır. Rəsmi İrəvan ABŞ və Qərbin, eləcə də Rusiyanın Ermənistanı dəstəkləyəcəyinə ümid bəsləyir. Halbuki ABŞ və Avropa liderlərinin son açıqlamalarında bunu əsas verən heç bir eyham belə, yoxdur. Əksinə, Azərbaycanla tərəfdaşlığın strateji önəmi açıq-aşkar qabardılır.
ABŞ prezidenti Co Bayden bəyan edib ki, Azərbaycan qlobal səviyyədə təhlükəsiz enerji təchizatında vacib rol oynayır. Ağ Ev sahibi ABŞ-ın regionda davamlı və dayanıqlı sülhün əldə olunmasını dəstəkləməkdə israrlı davranacağını da vurğulayıb. Və rəsmi İrəvan Ağ Ev sahibinin Azərbaycan Prezidenti İlham Əliyevə son məktubunu diqqətlə oxuyub, Ermənistanın gələcək taleyi üçün həlledici nəticələr çıxartmalıdır.
Məsələ ondadır ki, prezident Co Bayden məktubunda son 30 ildən artıq bir dövrdə Azərbaycan və ABŞ-ın transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaratdığını xüsusi olaraq, xatırladıb. Azərbaycanın dünyada təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım göstərməsindən məmnunluğunu ifadə edib. Rəsmi Bakının Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafında, enerjinin şaxələndirilməsi prosesində, eləcə də, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə oynadığı rolu yüksək qiymətləndirib.
Ağ Ev sahibi həm də rəsmi Bakının bu fəaliyyətində, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ-ın dəstəyini açıq mətnlə vəd edib. Bununla yanaşı, ABŞ-ın gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləyəcəyini vurğulayıb. Yəni, Ağ Ev sahibi ABŞ-ın Azərbaycanın yanında olduğunu qətiyyən gizlətmir.
Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün öncə Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçulara könüllü tərksilah olmağı təklif etməsi, bunun qarşılığında onlara amnistiya vəd etməsi də ABŞ və Qərb siyasi dairələrində müsbət qarşılanıb. ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Metyu Miller Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya vədini dəstəklədiklərini vurğulayıb: "Cənubi Qafqazda sülh prosesinin uğur qazanması tamamilə mümkündür. Bu baxımdan, biz Prezident İlham Əliyevin amnistiya barədə dediklərini alqışlayırıq".
Təbii ki, ABŞ prezidenti Co Baydenin və Dövlət Departamenti təmsilçisinin mesajları Ermənistanın maraqlarına və uydurma "erməni xəyalları"na olduqca ağır və sarsıdıcı zərbədir. Rəsmi İrəvan son vaxtlara qədər ABŞ və Qərbin Ermənistana dəstək verəcəyinə ümid bəsləyirdi. Ancaq Ağ Ev sahibi ABŞ-ın Azərbaycanın yanında olduğunu eyham vurmaqla, rəsmi İrəvanın ümidlərini boşa çıxartmış oldu.
Digər tərəfdən, amnistiya cinayət törətmiş şəxslərə tətbiq olunan hüquqi prosedurdur. Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçular da cinayətkardırlar. Azərbaycan Prezidenti İlham Əliyevin təslim olacaqları təqdirdə, onlara amnistiya vəd etməsi rəsmi Bakının erməni separatçı-terrorçuların cinayətkar olmasını beynəlxalq gündəmə çıxartması anlamı daşıyır. Və bu addımın uğurlu olduğu artıq qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, ABŞ Dövlət Departamentinin təmsilçisi amnistiya vədini alqışladılarını vurğulanması müəyyən nəticələr çıxarmağa imkan verir. Bu, o deməkdir ki, ABŞ Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçuları cinayətkar olduqlarını qəbul edir. Onların bağışlanmasına qarşı deyil.
Təbii ki, ABŞ-dan verilən son mesajlar erməni toplumununda və diasporunda dərin sarsıntı və şok effekti yaradıb. Çünki dünyada və regionda proseslərin bu qədər radikal şəkildə onların əleyhinə çevrilə biləcəyinə ehtimal belə, vermirdilər. Ona görə də, hazırda bütün istiqamətlər üzrə hay-küy salıb, şikayətlənməyə başlayıblar.
ABŞ-dakı erməni diasporu Ağ Evi Azərbaycanı dəstəkləməkdə suçlayır. ABŞ-ın "artsax"ın Azərbaycanın tərkibinə verilməsi"nə hədəflənmiş siyasi kursunu qəbulolunmaz hesab edirlər. Ağ Evi bu siyasi kursdan dərhal imtina etməyə çağırırlar. Və bu hay-küyün ABŞ-ın mövqeyinə elə bir ciddi təsir göstərməyəcəyini də anlamamış deyillər.
Ermənistanın Xarici İşlər Nazirliyi isə öz açıqlaması ilə rəsmi İrəvanın necə çətin vəziyyətə düşdüyünü açıq-aşkar biruzə verib. Rəsmi İrəvan iddia edir ki, guya ABŞ rəsmi dairələri Cənubi Qafqazda cərəyan edən prosesləri yanlış dəyərləndirir. Yəni, rəsmi İrəvan hesab edir ki, erməni düşüncəsinə zidd olan bütün mövqelər yanlışdır. Hər halda, rəsmi İrəvanın ABŞ siyasi dairələrini Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamasına "adekvat reaksiya" verməyə çağırması belə qənaət yaradır.
Ermənistan siyasi dairələrində yaşanan çaşqınlığı bəzi erməni politoloqların pessimist şərhləri də biruzə verir. Erməni politoloq Arman Abovyan hesab edir ki, son mesajlar Qərb “tərəfdaşları”nın öz real prioritetlərini ön plana çıxartdıqlarını göstərir: “ABŞ Dövlət Departamenti riyakar mövqedən çıxış edir. Dövlət Departamenti ermənilərin hüquqlarına heç bir əhəmiyyət vermədiyini göstərdi və İlham Əliyevin Qarabağ ermənilərinə amnistiya vermək niyyətini alqışladı. Bütün bunlar xarici oyunçuların proseslərə həqiqi münasibətini çox açıq şəkildə göstərir.
Belə anlaşılır ki, erməni siyasi-ideoloji düşüncə tərzi hələ də müasir dünyanın tələblərindən çox-çox uzaqdır. Əks halda, erməni yalanlarının və uydurma "iddialar"ının artıq dünya nəhənglərinə lazım olmadığını başa düşərdilər. Bu səbəbdən də, müasir qlobal çağırışlarla ayaqlaşa bilmirlər və ümid bəslədikləri hər tərəfdən zərbə alırlar. Halbuki, bu, hələ başlanğıcdır. ABŞ və Qərbin son "dəmir yumruq" zərbəsi də erməni toplumunu "xəyal aləmi"ndən ayıltmasa, deməli, Ermənistanı yaxın gələcəkdə daha fəlakətli dövr gözləyir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu