Türkiyə və ABŞ arasında mövcud olan qarşılıqlı münasibətlər kifayət qədər qəliz məzmun və keyfiyyətə malikdir. Belə ki, əslində, Türkiyə və ABŞ arasında müttəfiqlik anlaşmaları mövcuddur. Üstəlik, bu iki dövlət həm də NATO çərçivəsində müttəfiqlik öhdəliklərinə malikdirlər. Eyni zamanda, həm Türkiyə, həm də ABŞ NATO daxilində ən güclü orduya malik iki dövlət olaraq, bu hərbi-siyasi alyansda avanqard siyasi iradə mərkəzi rolunu da oynayırlar. Və bu baxımdan, Türkiyə-ABŞ münasibətlərinin beynəlxalq proseslərə birbaşa təsir göstərə biləcək önəmli qlobal faktor olduğu da qətiyyən şübhə doğurmur.
Ancaq hazırda bu qlobal faktor doğru-düzgün təsir istiqamətlərindən çox-çox uzaqdır. Çünki Türkiyə və ABŞ-ın hərbi siyasi gücü qətiyyən ortaq beynəlxalq hədəfləri təmsil etmir. Əksinə, Türkiyə və ABŞ arasındakı müttəfiqlik münasibətləri kəskin rəqabətin önə çıxması ilə öz əhəmiyyətini itirə biləcək səviyyəyə enib. Üstəlik, bunun əsas səbəbkarı rolunda da məhz ABŞ çıxış edir. Və bu baxımdan, Türkiyə-ABŞ münasibətlərinin qopma həddində olmasına görə də elə məhz ABŞ siyasi məsuliyyət daşıyır.
Məsələ ondadır ki, rəsmi Ankara və Ağ Ev arasında kəskin ziddiyyətlər mövcuddur. Son illərdə isə ardıcıl maraq toqquşmaları bu ziddiyyətləri daha da dərinləşdirib. Ağ Ev rəsmi Ankaranın ABŞ-dan gələn təlimatlarla hərbi-siyasi qərarlar qəbul etməsini istəyir. Rəsmi Ankara isə 2000-ci illərin əvvəllərindən başlayaraq, Türkiyənin qlobal gücə çevrilməsi istiqamətində prinsipial addımlar atmaqda davam edir. Və Türkiyənin bu istiqamətdə qazandığı böyük uğurlar Ağ Evi nəinki məmnun etmir, əksinə, narahat edir.
Təbii ki, ABŞ və Türkiyə arasında hələ də həllini tapmamış "S-400" böhranı da elə Ağ Evin narahatlığından qaynaqlanan problem olaraq, qalmaqdadır. Belə ki, Türkiyə və ABŞ arasında "F-35" savaş təyyarələrinin ortaq istehsalı və satışı barədə rəsmi anlaşma mövcuddur. Ancaq Türkiyənin davamlı olaraq, güclənməsindən narahat olan ABŞ bu anlaşmanın icrasından yayınmağa çalışır. Yəni, Türkiyənin ehtiyacı olan "F-35" döyüş təyyarələrini bu ölkəyə satmaqdan imtina edir. Halbuki, rəsmi Ankara ortaq istehsal və idxal anlaşmasının şərtlərinə uyğun olaraq, satın alacağı "F-35"lərin dəyərini ABŞ-a artıq çoxdan ödəyib. Və hələ də nə döyüş təyyarələrini idxal edə, nə parasını geri ala bilmir.
Təbii ki, buna cavab olaraq, rəsmi Ankara Türkiyənin hava hücumundan müdafiə sisteminin ehtiyacı olduğu üçün Rusiyadan "S-400" zenit-raket kompleksləri alıb. Həmin vaxtdan üzübəri Ağ Ev rəsmi Ankaranı NATO standartlarına uyğun olmayan silah növü almaqda ittiham edir və bunun yolverilməz olduğunu bəyanlayır. Halbuki, rəsmi Ankara "S-400"lərin NATO analoqu olan "Patriot"ların alınmasına çalışsa da, bu silahın Türkiyəyə satılmasından imtina olunmuşdu. Digər tərəfdən, Türkiyə kimi, NATO üzvü olan Yunanıstan ordusunun arsenalında artıq uzun müddətdən bəri "S-300"lər mövcuddur. Və nə qədər qəribə də olsa, Ağ Ev Yunanıstana münasibətdə NATO standartlarını xatırlatmağa qətiyyən ehtiyac duymur.
Belə anlaşılır ki, Yunanıstana "S-300"lərin idxalı sərbəstdir, yalnız Türkiyənin "S-400"lərinə münasibətdə NATO standartları yada düşür. Üstəlik, Türkiyəyə NATO standartlarına uyğun olan "Patriot"ları da satmaq niyyətləri yoxdur. Ancaq ABŞ Türkiyə ilə ciddi hərbi-siyasi ziddiyyətləri olan Yunanıstana "F-35" döyüş təyyarələrini də satmaqda davam edir. Və bütün bunlar ABŞ-ın Türkiyəyə münasibətdə müttəfiqlik öhdəliklərinə əhəmiyyət vermədiyini birmənalı şəkildə təsdiqləyir.
Halbuki, Ağ Evin Türkiyə ilə müttəfiqlik münasibətlərinə sadiq olmadığını sübuta yetirən daha ciddi məqamlar da olmamış deyil. Belə ki, Türkiyə müasir dünyada beynəlxalq terrorizmdən ən çox zərbə alan dövlət hesab edilir. Hər halda, PKK terror təşkilatı onilliklər boyu Türkiyə ərazisində xaos yaratmaq üçün ardıcıl qanlı cinayətlər törədib. Üstəlik, o da məlumdur ki, PKK terror təşkilatının beynəlxalq himayədarları və sponsorları sırasında Türkiyənin NATO üzrə müvafiqləri də var. Halbuki, NATO Türkiyəyə PKK terror təşkilatı ilə mübarizədə fəal dəstək verməyə borcludur.
Ancaq bütün bunlara baxmayaraq, Ağ Ev Suriya ərazisindən Türkiyəyə qarşı ardıcıl terror hücumları edən PKK/PYD-ni ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqləri sırasına daxil edib. Yəni, Türkiyəyə qarşı terror aktları törədən bir cinayətkar qruplaşma ABŞ-ın müttəfiqidir. Ağ Ev PKK/PYD-ni müasir hərbi texnika və silah-sursatla təchiz edir. ABŞ hərbi mütəxəssisləri PKK üzvlərinə təlim keçirlər. Bu isə o deməkdir ki, PKK/PYD-nin Türkiyəyə qarşı törətdiyi terror cinayətlərinə əslində, elə ABŞ da ortaqdır və birbaşa siyasi məsuliyyət daşıyır. Və bu baxımdan, rəsmi Ankaranın Ağ Evi beynəlxalq terrorizmi dəstəkləməkdə qınaması qətiyyən yersiz deyil.
Maraqlıdır ki, Ağ Evin rəsmi Ankaraya qarşı PKK-dan istifadə etməyə çalışdığı hətta ABŞ hərbçiləri tərəfindən belə, etiraf olunur. Belə ki, amerikalı hərbi ekspert, ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor bu barədə bəzi məlumatları ictimailəşdirib. Onun iddialarına görə, rəsmi Ankaranın NATO üzrə müttəfiqi olan ABŞ PKK/PYD terror qruplaşmasını Türkiyəyə qarşı hücuma hazırlayır. Amerikalı hərbi ekspert onu da vurğulayıb ki, Türkiyədə ABŞ-ın bu xəyanətkar davranışları barədə məlumatlıdırlar və məyus olduqlarını da qətiyyən gizlətmirlər. Və onun fikrincə, ABŞ bundan əvvəl də PKK-dan Türkiyəyə qarşı dəfələrlə istifadə etdiyi üçün rəsmi Ankara əslində, gözlənilməz situasiya ilə üzləşməyib.
Belə anlaşılır ki, Ağ Ev Türkiyəni növbəti dəfə arxadan vurmaq niyyətinə düşüb. Rəsmi Ankaranın bütün bunlardan məlumatlı olduğunu nəzərə alsaq, ABŞ-ın davranışlarının cavabsız qalmayacağını da düşünmək olar. Üstəlik, rəsmi Ankara PKK terror təşkilatına qarşı qətiyyətli mübarizə mövqeyində olduğundan Türkiyənin cavab reaksiyası ABŞ-la münasibətləri tamamilə korlaya da bilər. Və əgər, bu, baş verərsə, siyasi məsuliyyət birbaşa ABŞ-ın üzərinə düşəcək.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu