Ağ Ev Ankaraya "F-16"-dan "hücum" edir: Türkiyə isə ABŞ-ın "İsveç bazarı"nı bloklayır

Ağ Evin rəsmi Ankaranı davamlı olaraq, aldatmaq cəhdləri hazırda Türkiyə-ABŞ münasibətlərində ciddi böhran yaratmağa başlayıb... Bu situasiya iki nəhəng NATO ölkəsi arasında sonradan həlli çox çətin olacaq yeni problemlər yarada, Türkiyənin isə Rusiya-Çin cinahında yer almasına yol aça bilər...

Türkiyənin beynəlxalq məkanda nüfuzunun artmaqda davam etməsi inkarolunmaz reallıqdır. Hazırda rəsmi Ankara bir çox önəmli beynəlxalq problemlərin həlli prosesində baş rolda çıxış edir. Üstəlik, Türkiyə birmənalı şəkildə xarici təsirlərdən kənar mövqe tutmaqla, maksimum səviyyədə müstəqil siyasi kurs tutub. Və bu, Türkiyənin beynəlxalq rəqiblərini qətiyyən məmnun etmir.

Onu da qeyd etmək lazımdır ki, Türkiyənin beynəlxalq rəqibləri sırasında Fransa xüsusi fəallığı ilə seçilir. Belə ki, rəsmi Paris Türkiyənin milli maraqları olan bütün regionlard mütləq opponent rolunda çıxış edir. Fransanın xarici siyasət prioritetləri sırasına Türkiyə ilə normal tərəfdaşlıq münasibətləri qurmaq kimi bir hədəf ümumiyyətlə, mövcud deyil. Və rəsmi Paris Türkiyənin beynəlxalq məkanda Fransanın mövqelərini ələ keçirə biləcəyindən ciddi şəkildə narahatdır.

21e4ddb-macron-erdogan-1200.jpg (529 KB)

Ancaq hazırda rəsmi Ankara Fransanın Türkiyə düşmənçiliyindən qətiyyən təlaş keçirmiş kimi görünmür. Əksinə, Türkiyə demək olar ki, Fransaya elə də ciddi əhəmiyyət vermir. Hətta bəzi hallarda rəsmi Parisə ironik münasibət bəslədiyini qabarıq şəkildə sezdirir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın prezident Emmanuel Makronu yalançı olmaqda suçlaması da bunu sezdirir.

İki lider G-20 zirvəsində qarşılaşarkən, prezident Rəcəb Tayyib Ərdoğan Emmanuel Makrona onun Türkiyəyə səfər üçün müraciət etdiyini xatırladıb, sonradan fikrini dəyişməsinin səbəbi ilə maraqlanıb. Fransa prezidenti müxtəlif bəhanələrlə izahat verərkən, Türkiyə lideri laqeyd şəkildə onun sözünü kəsir və "Tamam, özün bilərsən, nə vaxt istəsən, gələrsən" deyərək, uzaqlaşır. Və bu, rəsmi Ankaranın Fransaya yönəlik mövqeyini təxmin etməyə imkan yaradır.

Əslində, indi rəsmi Ankaranı Fransa ilə ziddiyyətlərdən daha çox Türkiyənin həm ABŞ və həm Avropa Birliyi ilə dərinləşməkdə olan problemləri düşündürür. Xüsusilə də, ABŞ Konqresinin Türkiyə əleyhinə sərt mövqeyi iki hərbi müttəfiqin münasibətlərini daha da qəlizləşdirir. Belə ki, son illərdə ABŞ Konqresi Ağ Evin Türkiyə ilə hərbi ticarət tərəfdaşlığını minimum həddə qədər məhdudlaşdırmış kimi görünür.

Məsələ ondadır ki, vaxtilə ABŞ Konqresi rəsmi Ankaranın dəyərini ödəməsinə baxmayaraq, Ağ Evin Türkiyəyə F-35 döyüş təyyarələrinin satmaq qərarını bloklamışdı. Nəticədə Türkiyə buna qarşılıq olaraq, Rusiyadan S-400 zenit-raket kompleksləri almışdı. Və bununla da, Türkiyənin həm ABŞ, həm də NATO ilə müəyyən problemləri yaranmışdı.

67c8a581-f170-4a00-b0a8-6ce8abcfc1699.jpg (199 KB)

Ancaq rəsmi Ankaranın prinsipial mövqeyi Ağ Evdə Türkiyə kimi hərbi müttəfiqin itirilmə ehtimalından ciddi narahatlıq da doğurmuşdu. Çünki Türkiyə hazırda NATO-da ordusuna görə ABŞ-dan sonra ikinci ən güclü üzv dövlətdir. Ona görə də, NATO üçün əvəzolunmaz ölkə hesab edilən Türkiyənin itirilməsi ilə bağlı təhlükə ABŞ-ın strateji maraqlarına ağır zərbə kimi dəyərləndirilir. Üstəlik, Türkiyənin Rusiya və Çinlə daha da yaxşılaşma potensialı Ağ Evdə ümumiyyətlə, yaxın gələcək üçün ən ciddi hərbi-siyasi təhdid faktoru hesab olunur.

Maraqlıdır ki, Ağ Evdə son vaxtlar Türkiyənin ABŞ-dan narazılığını zəiflətmək üçün müəyyən addımların atılmasına cəhdlər göstərilirdi. Rəsmi Ankara ilə F-16 anlaşmasının icrasına əngəl törədilməyəcəyi vəd olunurdu. Halbuki, Ağ Evin ənənəvi vərdişləri ABŞ-ın Türkiyə qarşısında götürdüyü öhdəlikləri icra etməsinə imkan vermədi. Və bu, hazırda Türkiyə-ABŞ münasibətlərində yeni ziddiyyət mövzusuna çevrilməyə başlayıb.

Məsələ ondadır ki, Ağ Ev ABŞ-ın Türkiyəyə F-16 döyüş təyyarələri satması üçün rəsmi Ankaradan İsveçi NATO-ya buraxmasını tələb edir. Halbuki Türkiyə belə tələblərlə "siyasi bazarlıq" açılmasını yolverilməz hesab edir. Çünki bu iki məsələnin bir-birinə heç bir aidiyyatı yoxdur. Üstəlik, tamamilə fərqli hüquqi anlaşmalar ilə tənzimlənir. Hər halda, Türkiyə və İsveç arasında NATO-ya üzvlük şərtlərini ifadə edən rəsmi müqavilə mövcuddur və ABŞ həmin sənədi imzalayan tərəflər sırasında yer almır.

İsveçin Türkiyə qarşısında müəyyən öhdəlikləri mövcuddur. Əgər, İsveç həmin öhdəlikləri yerinə yetirərsə, rəsmi Ankara bu ölkənin NATO üzvlüyünə qarşı vetonu geri çəkə bilər. Ancaq İsveç rəsmi müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri icra etməyə qətiyyən həvəs göstərmir. Və bu məsələnin həlli birmənalı şəkildə Türkiyə parlamentinin yaxın aylarda verəcəyi qərardan asılıdır.

c3411a72-ad40-4840-9d01-641dcaf072df.jpg (252 KB)

Nə qədər qəribə də olsa, ABŞ bu reallıqla barışmaq istəmir. Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi üçün rəsmi Ankaraya təzyiq göstərməyə çalışır. Türkiyəyə F-16 döyüş təyyarələrinin satışının yalnız bu məsələnin ən qısa zamanda yoluna qoyulmasından asılı olduğunu qabartdır. Və hazırda bu mövzu Türkiyə-ABŞ münasibətlərində ciddi böhran yaratmağa başlayıb.

Təbii ki, rəsmi Ankara Ağ Evin bu şərti ilə razılaşmağa qətiyyən həvəsli deyil. Çünki Türkiyə ABŞ-a demək olar ki, güvənmir. Üstəlik, rəsmi Ankaranın bunun üçün kifayət qədər ciddi səbəbləri də mövcuddur. Belə ki, bir müddət öncə Ağ Ev Finlandiyanın NATO-ya üzvlüyü reallaşdıqdan dərhal sonra Türkiyəyə F-16 döyüş təyyarələrinin satışı qarşısında elə bir ciddi əngəlin qalmayacağını vəd etmişdi. Halbuki, Ağ Ev öz vədinə nəinki əməl etmədi, əksinə, indi eyni taktikanı məhz İsveçlə bağlı da tətbiq etməyə can atır. Və bu dəfə rəsmi Ankaranın belə bir yanlış qərarın qəbuluna həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil.

Maraqlıdır ki, rəsmi Ankara artıq Ağ Evin hərbi-siyasi manipulyasiyalarına imkan verməyəcəyini gizlətmir. Hətta Türkiyənin ABŞ-dan F-16 döyüş təyyarələri almaq qərarından imtina edə biləcəyi də qətiyyən istisna edilmir. Xüsusilə də, Türkiyənin hərbi-sənaye kompleksində hətta F-35 səviyyəsində yeni nəsil döyüş təyyarələrinin istehsalına başlanması rəsmi Ankaraya belə bir imkan açır. Və bu baxımdan, Ağ Evin rəsmi Ankaranı ənənəvi olaraq, aldatmaq cəhdləri hazırda Türkiyə-ABŞ münasibətlərində sonradan aradan qaldırılması çox çətin ola biləcək yeni problemlər yarada da bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

17.09.2023 18:00
4341