AFFA-da kritik seçki - Rövnəq Abdullayevi o əvəzləyəcək, baş məşqçi isə...

Aqil Abbas: “İnanıram ki, hər şey istədiyimiz kimi, yaxşılığa doğru gedəcək”

Bu gün - aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək. Qurumun hazırkı rəhbəri Rövnəq Abdullayev namizədliyini irəli sürməyəcəyini açıqlayıb. 

AFFA Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, Hesabat-Seçki Konfransında AFFA-nın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçilməlidir. Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Həmin müddət başa çatıb. AFFA prezidentliyinə isə Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsilə “Neftçi” PFK tərəfindən SOCAR prezidenti Rövşən Nəcəfin namizədliyi irəli sürülüb.

Rövşən Nəcəf SOCAR-ın prezidenti təyin edilib - 21.07.2022, Sputnik  Azərbaycan

 Rövşən Nəcəf

Bu arada türkiyəli mütəxəssis Rza Çalımbayın futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin oluna biləcəyi haqda xəbər yayılıb. 61 yaşlı mütəxəssis özü “Sabah” qəzetinə açıqlamasında belə deyib. O bildirib ki, Azərbaycan yığmasının “sükanı arxasına” keçməyə hazırdır: “Düzdür, Azərbaycan millisindən hələ rəsmi təklif almamışam. Ancaq adımın bu komanda ilə birgə hallandığını eşitmişəm. Bir neçə gün ərzində mənimlə əlaqə saxlayacaqlarını düşünürəm. Təklif gəlsə, Azərbaycan yığmasını çalışdırmağa müsbət yanaşaram”.

Qeyd edək ki, Canni De Byazinin istefasından sonra Azərbaycan millisində baş məşqçi postu boşdur. Rza Çalımbay isə sonuncu dəfə 2023-cü ildə Türkiyənin “Beşiktaş” klubuna rəhbərlik edib.

Elnur Məmmədli AFFA-nın mətbuat katibi təyin olundu

Elnur Məmmədli

Bundan əlavə, AFFA-nın mətbuat katibi Elnur Məmmədli Rusiya millisinin sabiq məşqçisi Stanislav Çerçesovun adının ölkə millisinin baş məşqçisi postuna namizədlər siyahısında olmadığını deyib: “Milli komandanın yeni baş məşqçisi ilə bağlı qərar federasiyanın işçi qrupunun iclasından sonra müzakirə olunacaq. Hazırda nə Stanislav Çerçesov, nə də başqası ilə danışıqlar aparmırıq. Rəsmi olaraq mütəxəssislərin heç birinə Azərbaycan millisinin baş məşqçi postu təklif olunmayıb”.

Bəs konkret olaraq, R.Çalımbəyin millimizin başına keçməsi mümkünmü və nə dərəcədə uğurlu seçim ola bilər? AFFA-ya yeni prezidentin (Rövşən Nəcəf) seçilməsi milli futbolun inkişafına nə və edir? Gürcüstanın ardınca Avropa Çempionatına düşməyimiz üçün çoxmu yol qət etməliyik?

Futbolla yaxından maraqlanan, deputat Aqil Abbas 3-4 ildən sonra futbolda uğur qazanmağımızı mümkün sayır: “Ümidlənməyə dəyər. Rövnəq Abdullayev pis insan deyildi, pis də işləmirdi. Sadəcə, futboldan bir az kənar adam idi. Rövşən Nəcəf də futbol adamı deyil. Amma yeni seçilən İcraiyyə Komitəsi ilə birgə işləsə, islahat aparsa, uşaq futbolunu inkişaf etdirsə, yəqin ki, nəsə əldə olunacaq. İnanıram ki, yaxşı olacaq və hər şey istədiyimiz kimi yaxşılığa doğru gedəcək. Qonşu Gürcüstan Avropa Çempionatına qatıldı. Bu barədə bizim şanslarımız barədə deyə bilərəm ki, 3-4 ildən sonra şanslarımız ola bilər. Gərək bir normal məşqçi təyin edəsən, qarşısına da şərt qoyasan ki, istədiyimiz komandanı yarat. Bir də uşaq futbolu olmayandan sonra gedib Gürcüstan ola bilməyəcəyik. Gürcüstanda futbol ənənələri var. Bizdə bu ənənə olmayıb. "Neftçi"miz 1966-cı ildə bürünc medal alıb, sevindiyimizdən 60 ildir kef edirik. Hansı ki, gürcülər iki dəfə qızıl medal alıblar, beş dəfə kuboka sahib çıxıblar. Kuboklar kubokunu da alıblar. Həmişə ilk 3-4-lük də olublar. Hətta biz yüksək liqadan da çıxmışdıq. Hər zaman olduğu kimi, indi də Gürcüstanda futbol ənənəsi var. Gürcüstanın adətən bu yolda yolları Türkiyədən keçir. Onlar gedib Türkiyədə aparıcı klublarda oynayırlar, oradan da Avropaya gedib çıxırlar. Türkiyənin klublarının çoxunda gürcü oyunçular var. “Qəbələ”yə baş məşqçi Kaxaber Sxadadze gətirilib. Nə qədər ki, elə məşqçilər var, biz heç yerə də gedən deyilik. Öz məşqçilərimiz var. Onlara diqqət ayırmaq lazımdır".

Aqil Abbas - 70

Aqil Abbas

Deputat Rza Çalımbay məsələsinə də toxundu: “Açığı, onun baş məşqçi gətirilməsini istəmərəm. Burada Tərlan Əhmədov, Rəşad Sadıqov, Ayxan Abbasov və digər  məşqçilərimiz var. Niyə xarici məşqçi gəlməlidir? Rza Çalımbay "Beşiktaş"da nə etdi? Hansı uğuru qazandı? Türkiyənin öz mentaliteti var, orada bir uğur əldə edə bilməyibsə, gəlib burada nə edəcək? Hakimlər Komitəsinə bir türk gətirilmişdi. Nə etdi? Futbolda bəzi biabırçılıqlarımız var. Onu qısa zamanda aradan qaldırmalıyıq. 2 gün öncə “Sumqayıt”la “Araz-Naxçıvan” oynayırdı. Hər kəs həmin rüsvayçılığı gördü. “VAR” deyib-deyib yaxından-uzaqdan əlaqəsi olmayan penalti verildi, nəticədə “Araz-Naxçıvan” uduzduruldu. Bununla futbolumuz inkişaf edər? Elə insanlar var ki, futbolumuza sanki düşməndirlər. Olmaz axı belə. Yaxşı ki, Azər Bağırov təmkinli insandır. O bu xasiyyəti ilə Qurban Qurbanova oxşayır. Onun yerinə şəxsən mən olsaydım, meydana daxil olub həmin hakimi döyərdim".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”



02.04.2024 08:48
2493