“Afətə dedim ki, düz eləmirsən, Floradan üzr istə...” - Əli Mirəliyev

“Flora xanımı təxminən əlli il olar ki, tanıyıram. Onun xasiyyətinə bələdəm. O vaxt onu İlhamə Quliyeva ilə barışdırmaq istəyirdim. İlhamə qol qoydu, amma Flora xanım razılaşmadı. Onunla küsülü olduğumuz vaxtlar da olub. Amma mənə bunu keçirdi, barışırdıq, çünki sənət var idi. O, bilir kimin üçün keçmək olar, kimin üçün yox”. 

Bunu Bakupost.az-a açıqlamasında müğənni Əli Mirəliyev Xalq artisti Flora Kərimovayla müğənni Afət Fərmanqızının məhkəmə çəkişməsi haqda danışarkən deyib. 

O, Flora Kərimova ilə Afət Fərmanqızı arasında münaqişəni yoluna qoymağa çalışdığını da bildirib: 

“Flora xanımla Afətin nə söz-söhbəti ola bilər. Afət Flora xanımın qızı yerindədir, tay-tuşu deyil. Amma İlhaməylə Flora tay-tuş idilər. Mən Afətə dedim ki, sən düz eləmirsən, Flora böyük sənətkardır, ona cavab verməyin yaxşı deyil, üzr istə, söhbət qurtarsın. Əgər yadınızdadırsa, Flora xanımla müğənni Elza Seyidcahanın da mübahisəsi oldu. Amma bir gün sonra Elza gəlib üzr istədi. Bax insanlıq, kiçiklik budur. Floraya qarşı dikbaşlıq edə bilməzsən, o, Azərbaycan estradasının anasıdır. Siz kimsiniz, nə iş görümüsünüz? Siz bahalı toylara getmisiniz, amma Flora toylara getməyib, bahalı oxuyub. Bu sənətçinin bütün həyatı insanların gözü qabağındadır. Onunla baş-başa gələn adam fikirləşməlidir ki, mən kimə nə demək istəyirəm. Afət ağbirçək bir xanımın üzünə qayıdıb, belə olmaz axı.

Afət də pis oxuyan deyil, amma Flora başqadır. Afətin heç Floranın yaşından xəbəri var? Anasından da böyükdü. Səksən üç yaşında qadını niyə məcbur edirsən ki, səni məhkəməyə versin? Afətə demişdim ki, Floranın adını çəkmə, o, əvəzsiz sənətkardı. Floranın gücünü, imkanını, xasiyyətini bilirəm”. 

Qeyd edək ki, bu gün Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib. Hakim tərəfləri barışığa dəvət etsə də, Xalq artisti Flora Kərimova barışmaqdan imtina edib. Afət Fərmanqızı isə barışığa hazır olduğunu bildirib. 

Növbəti proses iyunun 14-də keçiriləcək. 

Xatırladaq ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı tərəfindən təhqir etdildiyini əsas gətirərək, onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir. 

04.06.2024 18:37
1627