"Hər şey mənim çalışdığım Azərbaycan Dövlət Akademik Musiqili Teatrındaki tərəf müqabillərimdən aslı olub. Bu gün onların adlarını çəkməsəm də... Çəkə bilərəm, amma istəmirəm. Buna da səbəblərim var. Səhnədə tərəf müqabilindən çox şey asılıdır. Təəssüf edirəm ki, o istedadsızlar imkan vermədilər o güclü sənətkarla (tərəf müqabilini nəzərdə tutur - red.) işimi sona kimi davam etdirim".
Musavat.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.
Sənətçi adını açıqlamasa da uzun zamandan münasibətləri korlanan Xalq artisti Afaq Bəşirqızından söz açıb.
Mahmudova bildirib ki, onu Bəşirqızı ilə arasını vurmağa çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həmkarları olub:
"Mənim tərəf müqabilimlə aramızda girən o istedadsızlar əlləşib, vuruşub, bu münasibəti korladılar. Bəs nəyə görə həmin insanın və sənətkarın yanında məni əvəz edə bilmədiniz? Çünki siz Fatma Mahmudova ola bilməzdiniz. Bu istedadı mənə Allah verib. Ağdamda yaşayanda çox yoxsul olmuşuq. Bəlkə də onun üçün Allah mənə bu istedadı bəxş etdi ki, çörəyimi qazanım".